“Əli Kərimli qarşıdurmaya getmək üçün imkan gözləyir” - Niyaməddin Orduxanlı

25 Yanvar 2019 17:54 (UTC+04:00)

"Konkret olaraq deyirəm ki, Əli Kərimli pusquda durmuş şəxsdir. İmkan gözləyir ki, fürsət yaransın və qarşıdurmaya getsin. Yanvarın 26-da "Milli Şura”nın, fevralda isə "Qarabağ komitəsi”nin ardıcıl olaraq mitinq keçirmək niyyəti bəzi destruktiv, xarici qüvvələrin "mitinq kampaniyası”ndan sui-istifadə edərək ölkədə sabitliyi pozmağa cəhd göstərmələrinə zəmin yarada bilər”.

Bunu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Partiya funksioneri bildirib ki, Azərbaycanda sabitliyin pozulmasını istəyən qüvvələr bu gün iş başındadır. Bütün imkanları ilə çalışırlar ki, ölkədə qarşıdurma yaratsınlar:

"Bu cür cəhdlərlə ölkədə sabitliyin pozulması, qarşıdurmaya cəhdlərin edilməsi qaçılmazdır. Son mitinqdə iştirak edən bir qrup şəxs aksiyanın küçə yürüşü ilə davam etdirilməsi tələbini irəli sürdülər, şüarlar səsləndirirdilər. Əli Kərimli də onlara deyirdi ki, "hələ biz burada çox deyilik. Vaxtı gələndə onu da edəcəyik”. Həm də mitinqlə bağlı müraciətdə yürüş nəzərdə tutulmadığı üçün qeyri-qanuni sayılırdı. Qanunsuz aksiyanın qarşısının alınması polis müdaxiləsi ilə olacaq ki, bu zamanda qarşıdurma qaçılmazdır. Bu müxalifətin məqsədi xaos yaratmaqdır. Konret olaraq deyirəm ki, Əli Kərimli pusquda durmuş şəxsdir. İmkan gözləyir ki, fürsət yaransın və qarşıdurmaya getsin. Əgər son mitinqdə iştirakçıların sayı çox olsaydı, təşkilatçılar qarşıdurmaya gedəcəkdilər. Xaricdəki bəzi destruktiv qüvvələr də Azərbaycanda qarşıdurma yaratmaq, sabitliyi pozmaq üçün bu prosesdən istifadə edəcəkdi”.

Ekspert bildirib ki, sərbəst toplaşmaq azadlığı hər bir kəsin hüququdur. Ancaq heç kim bu azadlıqdan sui-istifadə edə, vətəndaşların təhlükəsizliyinə təhdid yarada, ölkədə sabitliyi pozmağa cəhd edə bilməz:
"Xalq buna imkan verməz! Bəzi məlumata görə, bir sıra qruplar ölkənin xaricində olan destruktiv qüvvələrlə danışıqlar aparır, onları Azərbaycanda qarşıdurma yaratmaq üçün prosesə cəlb etmək niyyəti güdürlər. Xalqımız son dərəcə ayıq olmalıdır. Onların çirkin məqsədlərini həyata keçirməsinə imkan vermək olmaz. Heç kim Azərbaycanda qarşıdurma yarada və sabitliyi poza bilməyəcək. Biz buna imkan vermərik”.(hafta.az)

© AzNews.az