Meksikada 40-dan çox uşaq girov götürüldü - VİDEO

26 Yanvar 2019 09:35 (UTC+04:00)

Meksikada silahlı şəxs 40-dan çox uşağı girov götürüb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə "Televisa" məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin qərbində, Nayarit ştatında, Baiya-de-Banderas rayonunun məktəblərindən birində baş verib.

Sərxoş vəziyyətdə olan kişi zorla təhsil müəssisəsinin ərazisinə girib və mətbəxdən bir neçə bıçaq oğurlayıb. O, bundan sonra məktəbin həyətinə yollanıb və orada 40-dan çox uşağı, həmçinin müəllimi girov götürüb.

Onun hüquq-mühafizə orqanlarının nümayəndələri ilə danışıqları 3 saat davam edib. Sərxoş şəxs narkotik vasitə olan kristall metamfetaminin iki dozasını gətirməyi tələb edib, lakin sonra bir neçə pivə şüşəsi ilə razılaşıb.

Cinayətkara alkoqollu içkinin ötürülməsi zamanı polis və dəniz piyada qoşununun döyüşçüləri odlu silahın tətbiqi olmadan onu zərərsizləşdirməyə müvəffəq olublar.

Cinayətkarın hərəkətlərindən heç bir uşaq zərər çəkməyib. Saxlanılan şəxs prokurorluq əməkdaşlarına təhvil verilib. (Azərtac)