“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda

26 Yanvar 2019 10:39 (UTC+04:00)

Fevralın 16-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.

Səhnə əsərində Fərhadın partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Gözəl musiqi və parlaq xoreoqrafiya bu baleti daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin dramaturgiyasındadır.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub. (Azərtac)

AzNews.az