“Camaatın içində sifətimə 2 sillə vurdu” - 16 yaşlı yeniyetmənin qətlinin təfərrüatı

26 Yanvar 2019 11:16 (UTC+04:00)

Qardaşının döyüldüyünə görə, bıçaqla 16 yaşlı qonşusunun həyatına son qoyan gənc, azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə məhkum olunan Səlimov Anar Rəşid oğlunun məhkəmə prosesi yanvar ayının 29-da hakim Hafiz Kamranovun sədrliyi ilə keçiriləcək.

2015-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Səlimov Anar Rəşid oğlunun məhkəmə istintaqı yekunlaşıb.

16 yaşlı yeniyetmə qonşusunu xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən A.Səlimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2014-cü ilin dekabr ayının 26-da baş verib. A.Səlimov yaşadığı evin qarşısında yerləşən internet klubda olan zaman giriş qapısını açıq saxladığına görə qonşusu Nazim Həşimov onu şillə ilə vurub. Yeniyetmə böyük qardaşı Rəşada zəng edərək Nazimin onu vurduğunu bildirib. Məsələni aydınlaşdırmaq üçün Rəşad Nazimi klubdan çölə çağırıb və qardaşını vurmasının səbəbini soruşub. Onların arasında mübahisə yaranıb. Ətrafdakılar onları sakitləşdiriblər.

Rəşadla Anar evə qalxarkən N.Həşimov hər iki qardaşın ünvanına nalayiq söyüşlər işlədib. Rəşad Anarı evdə qoyub Nazimlə söhbəti davam etdirmək üçün təkrar həyətə düşüb.

Onlar mübahisə edə-edə Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 95-in qarşısına gediblər. Qardaşı Nazimin dalaşmasından xəbər tutan Ümid Həşimov həmin yerə gələrək Rəşada yumruq və təpiklə zərbələr endirib. Həmin vaxt Həşimov qardaşları tərəfindən qardaşının döyüldüyünün şahidi olan Anar bıçağa əl atıb. O, bıçaqla Ümidin gözü qarşısında Nazimin qarnına və kürək nahiyəsinə üç dəfə zərbə endirib. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Törətmiş olduğu cinayət əməlinə görə A.Səlimova CM-in 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən A.Səlimov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Həşimov qardaşlarını uşaqlıqdan bəri bir qonşu kimi tanıdığını göstərib: “Kluba daxil olan kimi Nazim qışqırdı ki, “qapını bağla də”. Dedim ki, niyə qışqırırsan, mən onsuz da qapını bağlayacaqdım. Bundan sonra Nazim məni yanına çağıraraq camaatın içində sifətimə iki şillə vurdu. Heç nə deməyib klubdan çıxdım, qardaşım Rəşada zəng vurub bu haqda ona məlumat verdim. Rəşad da onu çölə çağırıb mübahisə etdi. Klubdakılar onları ayırdılar. Mən özüm də onları ayırmağa çalışdım”.

A.Səlimov ifadəsini davam etdirərək tutduğu əməldən peşman olduğunu bildirib: “Biz evə qalxanda Nazim dalımızca ata söyüşü işlətsə də ona cavab qaytarmadıq. Qardaşım məni evdə qoyub özü həyətə düşdü. Anam Ramilə və babam Yadulla evdə idilər. Anama qonşumuz Nazimlə dava etdiyimi dedim. Anam bunu eşidən kimi özü həyətə düşmək istədi. Dedim ki, beş dəqiqə mənə icazə ver, gedim Rəşadı evə gətirim. Anam da razılaşdı. Gizlincə evdən bıçaq götürüb aşağı düşdüm. Blokun qarşısında heç kimin olmadığını görüb “Troya” çay evinə tərəf getdim. Ora çatanda Nazimin qardaşı Ümidlə birləşib Rəşadı döydüklərini gördüm. Qardaşımı qorumaq üçün Nazimə bıçaqla zərbə endirdim. Onu vuran kimi dərəyə tərəf qaçdım. Əynimdə gödəkcə olmadığı üçün evdən dəri gödəkcəmi götürdüm və Mərdəkanda yaşayan xalamgilə yollandım. Səhər saatlarında polislərin məni axtardıqlarını bilib 32-ci polis bölməsinə gəldim.

Nazimi öldürmək niyyətim olmayıb. Məqsədim onların dava etməsinin qarşısını almaq olub. Törətdiyim əməldən peşmanam”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Zümrüd Əhmədova mərhum oğlu Nazimin heç kimlə ədavəti, düşmənçiliyi olmadığını bildirib: “26 il olar ki, “Azərbaycan” nəşriyyatında müxtəlif qəzetlərdə çalışmışam. Hazırda “Azərbaycan sədası” qəzetinin baş redaktoruyam. Oğlum Ümid Gəncə Dövlət Universitetində qiyabi təhsil alır. Nazim xasiyyətcə çox sakit, heç kimlə işi olmayan, böyük-kiçiyin yerini bilən insan olub.

Dekabrın 26-da axşam saat 21 radələrində qaynım İman zəng vurub dedi ki, Nazim dava edib, gəl “Azərsutikinti” xəstəxanasına. Başqa heç nə demədi. Bir qədər sonra Ümid dostlarının maşını ilə arxamca gəlib məni xəstəxanaya apardı. Maşında bir neçə dəfə Ümiddən nə baş verdiyini soruşdum. Cavabında Nazimin kiminləsə mübahisə etdiyini, yüngül yaralandığını dedi. Biz xəstəxanaya çatanda Nazim əməliyyat olunmuşdu, reanimasiyada idi. Bir az keçmiş həkimlər onun öldüyünü bildirdilər”.

Azər
AzNews.az