Eksklüziv: Bakıda 95 yaşlı qocaya qarşı soyğunçuluq - 5000 manatını apardılar

26 Yanvar 2019 11:52 (UTC+04:00)

Nəsimi rayonunda 95 yaşlı qoca öz nəvəsinin həyat yoldaşı tərəfindən soyğunçuluğa məruz qalıb.

AzNews.az-ın məlumatına görə, 2018-ci il dekabr ayının 27-də Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 27 ünvanında yaşayan Qasımi Qasım Hüseyn oğlu öz mənzilində yatan zaman qəfil hücuma məruz qalıb. Belə ki, onunla eyni mənzildə yaşayan nəvəsinin həyat yoldaşı Şaiq Valeh oğlu İsmayılov əvvəlcədən qurduğu plana əsasən babanı soymaq qərarına gəlib. Yəni baba ölüm gününə yığdığı 5000 manatı pul kisəsinə qoyaraq boynundan asıb. Bu puldan isə Şaiqin xəbəri olub. Heç bir yerdə işləməyən Şaiq evdə heç kimin olmamasından və babanın yatmağından istifadə edərək bıçaqla kisəni kəsib aparmaq istəyib. Ancaq qəflətən yuxudan oyanan baba soyğunçuya müqavimət göstərməyə başlayıb. Şaiqin cavan olması onun işinə yarayıb və o, babanın pul kisəsini aparmağa nail olub. Hadisədən dərhal sonra səs-küyə gələn qonşular babanın ailə üzvlərinə məlumat veriblər. Evə gələn ailə üzvləri dərhal DİN-nin “102” Zəng Mərkəzinə məlumat veriblər. Hadisə yerinə ərazi üzrə Nəsimi RPİ-si 22-ci Polis Şöbəsinin əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. 95 yaşlı zərərçəkən və hadisə şahidləri dindirilib.

Qeyd edək ki, hadisədən 1 ay keçməsinə baxmayaraq Şaiq Valeh oğlu İsmayılov saxlanılmayıb və ümumiyyətlə onunla heç bir əlaqə yoxdur. 1977-ci il təvəllüdlü Ş.İsmayılov Yevlax rayon, C.Məmmədquluzadə küçəsi 7-də qeydiyyatdadır. Fərdi əməklə məşğuldur, himayəsində 2 azyaşlı övladı var.

Onu görüb tanıyanlardan Nəsimi RPİ-nə və 22-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Azər
AzNews.az