"Erməni büstünə görə etiraz etmişik"

26 Yanvar 2019 13:44 (UTC+04:00)

Gürcüstan ictimaiyyəti yanvarın 20-də Axalkalakinin Buqaşeni kəndində Azərbaycan-Ermənistan münaqişəsində iştirak etmiş Mixail Avaqyana büstün qoyulmasını mənfi qəbul edib.

Bu haqda Gürcüstan parlamentinin “Gürcüstan Arzusu-Demokratik Gürcüstan” hakim partiyasından olan deputatı Savalan Mirzəyev bildirib.

Qısa müsahibə ilə deputat insident ətrafında baş verənləri şərh edib.

- Gürcüstan ictimaiyyəti baş verənləri necə qarşıladı?

- Gürcüstanın analitik dairələrinin nümayəndələri artıq buna olan etirazlarını ifadə ediblər. Onlar büstün açılışı ilə bağlı mənfi fikirdədilər. Bunda müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan əlaqələrinə xələl gətirmə cəhdlərini görürlər. Vətəndaş cəmiyyətinin nümayəndələri bu təxribatlarının qarşısının alınacağına ümid bəsləyir.

- Gürcüstanda kompakt yaşayan azərbaycanlılar bu informasiyanı necə qəbul etdi?

- Azərbaycan icması coşqun reaksiya göstərib. Bu xəbəri çox neqativ qəbul etdilər. Sosial şəbəkələrdə açıq şəkildə etirazlarını ifadə edirlər, rəsmi şəxslərə açıq məktublar göndərirlər.

- Şəxsən siz məsələ ilə əlaqədar hansısa rəsmi quruma müraciət etmisiniz?

- Bəli, mən də, aidiyyəti qurumlara etirazımı bildirmişəm.

- Sonda, baş verənləri necə qiymətləndirərdiniz?

- Hesab edirəm ki, müəyyən qüvvələr Gürcüstan-Azərbaycan münasibətlərinə xələl qatmaq istəyir. Separatizmdən əziyyət çəkən, əraziləri işğal altında olan ölkə olaraq, Gürcüstan heç vaxt separatçılığı dəstəkləməyib. Bu hadisənin ilk növbədə Gürcüstana qarşı atılmış addım kimi görürəm, ona görə ki, büstün qoyulması ilə bağlı bələdiyyə səviyyəsində qəbul olunmuş qərar, nə hakimiyyətin nə də dövlətin qərarı deyil. Baş verənləri pisləyirəm və bu təxribatların qarşısının alınacağına inanıram. (Media.az)