Ərinin 58 min dollarını tanış olduğu gəncə verən qadın kimdir? - Təfərrüat

28 Yanvar 2019 10:54 (UTC+04:00)

Özünü xəstəliyə vuraraq qadına qarşı dələduzluq edən Ramil Muradov Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunan Ramil Muradovun məhkəmə prosesinin hazırlıq iclası hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Növbəti proses fevral ayının 8-nə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Ramil Muradov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, 2018-ci il yanvar ayının 30-da Binəqədi Rayon Polis İdarəsinə müraciət edən İbrahimov Hikmət Mürşüd oğlu, mənzilindən 57 min 700 dolların oğurlanması barədə məlumat verib. Araşdırmalar zamanı pulun ev sahibinin arvadı İbrahimova Türkan Dərgah qızı tərəfindən götürülməsi əsaslı şübhələr yaratdığından əməliyyatçılar qadını saxlayıblar. İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib. Daha sonra etiraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi polisi bu işdə şübhəli bilinən 30 yaşlı paytaxt sakini Ramil Muradovu saxlayıb. Saxlanılan şəxs ifadəsində bildirib ki, həmin qadınla onlayın alış-veriş saytlarından birində əşya alarkən tanış olub. Ramil Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü ''hepatit'' xəstəsi kimi təqdim edərək ondan maddi kömək istəyib.

Ramil Muradov bu yolla 2017-ci ilin noyabr ayından 2018-ci il yanvar ayının sonuna qədər 57 min 700 dollar pul alıb. Qadın pulları xəstə bildiyi dələduza ərindən xəbərsiz verib. Ramil Muradovun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.

Polisdən idarəsindən verilən məlumata görə, qadın sərbəst buraxılıb. Amma Ramil Muradov barəsində dələduzluq və hədə qorxu ilə pul tələb etmə maddəsi ilə cinayət işi başlanıb.

Azər
AzNews.az