Allah, Vaqif Səmədoğludan nə xəbər?

28 Yanvar 2019 11:51 (UTC+04:00)

Vaqif Səmədoğlu ilə görüşümüz…

Vaqif Səmədoğlu ilə görüşümüz heç vaxt olmadı.

Təəssüf ki…

Biz virtual dostlardan idik.

Hələ də dostluğumdadı.

Ölümündən 4 il keçsə də , Facebookda dostlarımın sayı 5 mini ötsə də, yeni dostların qəbulu üçün köhnə, işlək olmayan profilləri dostluqdan çıxarmaq gərək olsa da…

Əlim gəlmir…

Vaqif Səmədoğlunun profilini dostluqdan silə bilmirəm.

Göy pencəkli, mavi köynəkli, kəpənək qalstuklu şəkli ilə yenə də profil fotosu yerindən gülümsəyir.

Çox dirilərin səhifəsindən canlı görünür.

Bəlkə də çox gecikmişəm. Amma indi-indi dərk edirəm ki, insan həyatının yeganə mənası bu ömrü doya-doya yaşamaqdır. Kənar təsirlərə fikir vermədən, öz iradəsinin diqtəsi ilə. Ömrün hər saatından, hər dəqiqəsindən həzz almalıdır, onun heç bir anını hədər yerə sərf etməməli, yalnız mənalı saydığı şeylərə xərcləmə ki… Ömrünün sonunda “Yaşadım” deyə bilsin.

Çünki bir daha, heç bir zaman, heç bir yerdə dünyaya gəlməyəcək. Bu kainatın heç bir yerində bu həyat bir daha təkrarlanmayacaq. Dünya bundan sonra daha 5 milyard il var olsa da ondan bu yer üzünə gəlməyəcək, necə ki, əvvəllər də gəlməyib. Bax elə bu seçilmişliyə görə, insanın həyatda tək vəzifəsi onu layiqincə, həyatını üzüm kimi ayaqlayıb şirəsini çıxararaq yaşamaqdır, vəssəlam.

Vaqif Səmədoğlu da ömrünü üzüm kimi əzərək şirəsini çıxara-çıxara yaşayanlardan oldu. “Bir siqaret o yana, bir siqaret bu yana” deyən şair hər addımında həyatdan ləzzət aldı.

Cemal Sürəyanın təbiri ilə, ömrünün sonunda “fəna ömür olmadı” demək nəsib olan azsaylı insanlardan idi Vaqif Səmədoğlu.

Ona görə də son müsahibələrində belə, ölümdən, o “şoğərib” xəstəlikdən danışanda belə öz şuxluğunu, nikbinliyi, yumor hissini itirməmişdi. Çünki gözü arxada qalmamışdı. Bayaq dediyim kimi həyatını doya-doya yaşaya bilmişdi.

Bu uzun ömrə şairliyi də, musiqiçiliyi də, fotoqraflığı da, daha başqa peşələri, həvəsləri, maraqları sığdırmışdı. Bir də ovçuluğu vardı Vaqif Səmədoğlunun. Şairliklə yanaşı atasından ovçuluğu da miras almışdı. Özü ovçuluğu haqqında bunları deyirdi:

“Öz tüfəngimlə ova ilk dəfə 1949-cu ildə getmişəm. Atam mənə tüfəng almışdı həmin il. Amma 7-8 yaşım olanda da ova gedirdim. Heç yazığım gəlmirdi ovlanan heyvanlara... Uşaq vaxtı atamla gedirdim ova. O yalan söhbətdi ki, Səməd Vurğun ova təbiətlə təmasda olmaq üçün gedirdi. Qazaxın Yuxarı Salahlısından çıxmış kəndçi balası o qədər təbiətlə ünsiyyətdə olub ki... Səməd Vurğun özü də çox səriştəli ovçu idi. Bu bizə genetik ötürülüb. Babam da ovçu olub, atamın babası Yusif ağa da mahir ovçu olub. İlk dəfə cüyür vurdular yanımda. Amma mən daha çox balıq ovunu sevirəm. Təəssüf ki, indi Xəzər dənizini alıblar əlimizdən”. (Müsahibənin tam mətnin burdan oxuya bilərsiniz.)

Günlərin bir günü Facebookda balıq ovundan çəkilmiş bir şəklimi paylaşdım.

Vaqif Səmədoğlu dərhal inboxuma yazdı: “Bala, bura haradı? Nəsə tanış yerə oxşayır”. Dedim ki, Nefçaladı, Muğan-Salyan kollektorunun dənizə töküldüyü yer. Orda hansı balıqların dəydiyini soruşdu. Sadaladım. Həvəsləndi. Deyəsən, heç oralarda balıq tutmamışdı. Bəlkə də xəstə olmasaydı, o dəqiqə hazırlaşıb evdən çıxardı.

2014-cü ildə 17 iyun tarixində Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı keçirilirdi. Yenə də əksəriyyətin həmişəki quru, statistikaya hesablanmış, ütülü çıxışları kürsüdən ətrafa süstlük yayır, yuxu, əsnəmə gətirirdi. Zaldakıların üzündə “Sən Allah, sözünü kəsə elə” janrında mimikalar. Çıxış üçün söz Vaqif Səmədoğluna veriləndə Çingiz Abdullayev şairin qolundan tutub kürsüyə yaxınlaşdırdı. O, da kürsüdə yerini alandan sonra çıxışa belə başladı:

“Gör nə günə qalmışam ki, mənə Çingiz Abdullayev kömək edir (gülüşmə)… Bilirsiniz, mən də gərək hesabat verim. Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədriyəm. Hesabat verərək deyə bilərəm ki, Ağsaqqallar Şurasının iclası hər gün keçirilir, yeddi, səkkiz, doqquz saat, müzakirələr olur. Siyasi məsələlərə baxılır, ədəbi məsələlərə, iqtisadi məsələlərə… Çünki tək mən özüməm, qalan hamısı ölüb”.

Səhnədə gülüşmə qopdu, alqış sədaları yüksəldi.

Əslində isə çox kədərli çıxış idi.

O çıxışdan sonra iclaslar cəmi 7 ay sürdü.

2015-ci il 28 yanvarında Vaqif Səmədoğlu özünün dediyi kimi Ağsaqqlalar Şurasının son iclasını da keçirib yollandı göylərə.

Görəsən Allah Vaqifin dalıyca kimi göndərmişdi? Ya bəlkə özü getmişdi? Axı ona Tanrı payı kimi göndərilən şeirlərin gəldiyi o müqəddəs yola Vaqif nabələd deyildi.

AzNews.az