Ermənistanda daha bir etiraz aksiyası

28 Yanvar 2019 12:52 (UTC+04:00)

Ermənistanda Diaspor Nazirliyinin əməkdaşları qurumun ləğv edilməsi qərarına qarşı çıxırlar. Onlar hökumət binasının qarşısına toplaşaraq müddətsiz etiraz aksiyasına başlayıblar. Diaspor Nazirliyinin əməkdaşları baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Bildirilir ki, ötən ilin sonlarında Diaspora Nazirliyi ləğv edilərək səlahiyyətləri Xarici İşlər Nazirliyinə verilib. Nəticədə 700 nəfər işsiz qalıb.

Nikol Paşinyanın parlament seçkilərindən sonra Diaspor Nazirliyinin ləğv ediləcəyi haqqında bəyanatı xaricdə yaşayan ermənilərin ciddi etirazına səbəb olub. Fərqli ölkələrdə yaşayan erməni diaspor nümayəndələri Paşinyanın bəyanatına sərt reaksiya verirlər. Argentinadakı erməni diasporu baş naziri buna görə kəskin tənqid edərək səssiz qalmayacaqlarını bildiriblər. Avrasiya Araşdırma Mərkəzinin analitiki Aslan Yavuz Şir isə Paşinyanın qərarını dəstəkləyib. Onun sözlərinə görə, diaspor indiyədək Ermənistanda liderləri təzyiq altında saxlamaq məqsədilə istifadə edilib.

Vergi ödəyiciləri də qanunvericiliyə olunan dəyişiklikdən narazıdırlar. Hətta küçə ticarəti ilə məşğul olanlar da kiçik və orta sahibkarlara qoşularaq aksiya keçirirlər. Onlar satdıqları məhsulları hökumət binası qarşısına gətirərək oturaq aksiyaya başlayıblar.

“Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan isə cəza çəkdiyi “Nubaraşen” həbsxanasında dünyasını dəyişib. Məlumata görə, Yegiazaryan ötən il dekabrın 5-də aclıq aksiyasına başlamışdı. Bu da onun səhhətində ciddi fəsad yaradıb. Nəticədə məhbus aclıqdan ölüb. Ermənistanın Ədliyyə Nazirliyi isə Yegiazaryanın ölüm səbəbini gizlədərək faktla bağlı araşdırma aparıldığını bəyan edib. “Vahid Ermənistan” partiyasının sədr müavini 2018-ci ilin dekabrında dələduzluq və hərbçilərdən pul almaq ittihamı ilə həbs edilmişdi. Onun ölüm xəbəri etirazla qarşılanıb.(AZƏRTAC)

© AzNews.az