Səbinə Ərəbli: “Elə qəzəllər var ərəb-fars sözləri işlənir, biz onu dərk etmirik”

28 Yanvar 2019 13:20 (UTC+04:00)
Fəqət, bu mükafat başqalarına – onunla eyni vaxtda sənətə qədəm qoyanlara verilən İlahi paydan hansı dərəcədəsə daha qiymətlidir. Və əgər belə demək mümkündürsə, bu mükafatın "tərkibində” daha gərəkli, daha yaşarı, daha keyfiyyətli nəsnələr var. Səbinə Ərəbli az yaşına, sənətdəki kövrək addımlarına, barmaqla sayılan illərinə baxmayaraq, artıq peşəkardır, sənətdə oturuşub. Səsinin "genişliyi”, havacatı, ona fitrətən bağışlanan hədd hissi imkan verir ki, oxuduğu hər muğamda, sözün yaxşı mənasında, istədiyini etsin, səsinin, nəfəsinin imkanlarından lazımı qədər yararlansın.

Əslən, ağdamlı olan Səbinə Ərəbli 1991-ci ildə Bakıda dünyaya göz açıb. Bülbül adına orta ixtisas məktəbini bitirib. İki dəfə "Kainat” uşaq festivalının laureatı olub. "II Qarabağ ağrım mənim – qürurum mənim” festivalının qalibi və ATV telekanalında keçirilən "Xalq ulduzu” televiziya yarışmasının iştirakçılarından biridir. O, həmçinin Heydər Əliyev Fondunun təşkil etdiyi Muğam Televiziya Müsabiqəsinin (2011) və Respublika Muğam Müsabiqəsinin (2012) qalibidir. S.Ərəbli Azərbaycan Milli Konservatoriyasının magistr pilləsini bitirib, hazırda Azərbaycan Televiziya və Radiosunun solistidir.

Səbinə Ərəbli qalib olduğu müsabiqələrin uğurlarından başı gicəllənən, şöhrətdən huşu bulananlardan olmadı deyə, durmadan sənət yoluna davam etdi. Uğurlarının başlıca səbəblərindən biri də elə bu keyfiyyətidir.

Səbinə Ərəbli yaşıdlarının bir çoxundan fərqli olaraq, özünü bərkə-boşa salmaqdan, çətin muğamlara müraciət etməkdən də çəkinmir. Cəsarəti ilə də örnəkdir. Nə xoş ki oxuduqlarını, müraciət etdiyi muğamları yarıdır, öz səsində sevdirə bilir. "Kəsmə şikəstə” oxuyub, əladan əla, "Xaric segah” oxuyub, çox təsirli, "Mirzə Hüseyn segahı” ifadə edib, o da yapışıqlı. Dəsgahlarda da səsini sınayıb, yenə də uğurlu...

Yaradıcılıq elə yoldur ki, çox adam onu müxtəlif bəhanələrlə yarıda qoyur. Axırda da bilmirsən sənət onun başını buraxanı tərk etdi, yoxsa əksinə oldu. Nümunələr çoxdur... Ədəbiyyata gələnlərin bir qismi üç-beş şeirdən, beş-altı çap olunmadan sonra yazıb-yaratmağın daşını atır, rəssamlığa həvəs göstərənlər əvvəl-əvvəl bir neçə şəkil çəkib, sonra uzaqlaşırlar, musiqiyə gələnlərin bir qismi ara müğənnisi kimi sıradan çıxırlar, bir qismi də çətinliklərə tablaya bilməyib başqa sənətin arxasınca gedirlər. Meydanda çox zaman güclülər, dəyanətlilər, aza qane olmağı bacaranlar qalır... "Muğam söhbəti” rubrikamızın ilk qonağı Səbinə Ərəblidir. Onunla muğam sənətimizdən, ifa etdiyi əsərlərdən, musiqimizin keçmişindən, və bu günündən söhbət açdıq...

– Hər sənətkar üçün məşğul olduğu sənətin özəl mənası olur. Bu mənada Səbinə Ərəbli üçün muğam nədir, onun mahiyyəti nədən ibarətdir?

– Ümumən, muğam, musiqi mənim canımdadır. Mən qarabağlıyam. Bildiyiniz kimi Qarabağda demək olar, hər ailədə gözəl səsi sahib insanlar olub. Bu səs, musiqi duyumu isə mənə nənəmdən keçib. Mən hətta başqa bir işlə məşğul olanda belə, ürəyimdə ancaq muğamları oxuyuram.

– Orta əsrin ziyalı insanları musiqini həm də ona görə öyrənirdilər ki, başqa sahələrin mahiyyəti onlara daha aydın olsun. Bəs sizin həyatınızda, dünyagörüşünüzdə nələri dərk etməyinizə muğam səbəb olub?

– Muğam sənəti, əslində, çox ağır bir sənətdir. Hər gənc bunu anlamır, başa düşmür. Muğamı nə qədər öyrənsək də, yenə də baxırsan ki, hələ, demək olar, heç nə öyrənməyibsən. Təbii ki, musiqini bilən – muğama bələd insanların həyata baxışı tamam fərqli olur. Hər şeyi daha rahat qəbul edir, daha həssas qavrayır, eləcə də mən.

– Bir çox muğam ustasının hər birinin möhürünü vurduğu və yaxud digər muğamlardan daha yaxşı oxuduğu hansısa muğam olur. Bəs Səbinə Ərəbli üçün muğamlar içində hansı daha doğmadır, yaxud hansında iz qoymağa daha iddialıdır?

– Təbii ki, elə muğamlar var ki, insanın ürəyinə daha yatımlı olur. Mənim üçün bütün muğamlar əzizdir, amma ən çox "Segah” qəbilli daha ürəyimə yatandı. Məsələn, "Xaric segah”, "Zabul, "Mirzə Hüseyn”. Hansısa muğama iz qoymağımı tamaşaçılar, dinləyicilər daha yaxşı bilərlər.

– Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Əlağa Vahid və başqa şairlərin qəzəllərindən oxuyubsunuz. O qəzəllərin sözləri sizə nə dərəcədə aydındır?

– Təbii ki, klassiklərimizin qəzəllərinə bütün muğam ifaçıları kimi mən də müraciət edirəm. Əslində, anladığım və anlamadığım da qəzəllər olur. Bu yerdə bizim müəllimlərimizin köməyi dadımıza çatır. Elə qəzəllər var ərəb-fars sözləri işlənir, biz onu dərk etmirik. Qəzəli anlayıb ifa edəndə, məncə, daha təsirli olur. Ona görə də, çalışıram ki, qəzəllərin mənasını anlayım.

– Teatr aktyorlarının çoxlarının arzusu Hamleti oynamaqdır. Bu elə bir arzudur ki, bəzi xam xəyala qapılmış cüssəsiz, arıq, səsi quyunun dibindən gələnlər belə, bu əzəmətli rolda özlərini görürlər. Bir çox xanım muğam ifaçısının da arzusu Leyli olmaqdır. Səbinə Ərəbli də Leyli olmağın astanasındadır. Sizin üçün bu rolun mahiyyəti nədən ibarətdir və sizə görə Leyli kimdir?

– Bəli, düz buyurursunuz ki, "Leyli və Məcnun” operasını ifa etmək bütün xanəndələrin arzusu olur. Mənim də arzularımdan biri Leyli obrazını canlandırmaqdı. İnşallah, qismət olar. Bilirsiniz, hal-hazırda operamız o qədər inkişaf edib ki, biz operalarımızı, hətta, xarici ölkələrdə belə ifa edə bilərik. Dahi Üzeyir bəyin operasını niyə Avropa ölkələrində görməsinlər ki? Leyli obrazı, əslində, sevən, sevgi uğrunda ölən bir insanı əks etdirir. Mən də istəyirəm ki, hətta ölkəmizin hüdudlarından kənarda da Leyli obrazını ifa edim...

– Muğam ifaçılarının üz cizgiləri də onların səhnə mədəniyyətinə dəlalət edən xırdalıqlardandır. Fikir vermişəm, səsin zala sirayət edəndə, xüsusən pərdələr arasında ürəyincə gəzişəndə, rəngləri təsirli vuranda və zaldan cavab alqışı gələndə üzünə təbəssüm qonur, məmnunluğun hiss olunur. Səbinə Ərəbli nə zaman səhnədə öz ifasından razı qalır və özünü kənardan nə dərəcədə müşahidə edə bilir?

– Əslində, mən ifa etdiklərimdən heç vaxt razı qalmamışam. Hər dəfə düşünmüşəm ki, bundan daha yaxşı ifa edə bilərdim. Sadəcə, o məmnunluq bilirsiniz nədən irəli gəlir? Biz ifa edəndə insanlara xoş enerji veririk və bunun qarşılığını alanda isə o məmnunluq yaranır. Bizim yaxşı, ya pis ifa etməyimizi isə sənətkarlarımız, tamaşaçılarımız deyə bilər. Biz hələ də öyrənirik. Məhəmməd Peyğəmbərin elmə aid dediyi fikri xatırlayıram: "Beşikdən qəbirə qədər elm öyrənin”. Biz də o fikri rəhbər tutaraq daim öz sənətimizi öyrənməliyik.

– "Zabul”, "Şur”, "Kəsmə şikəstə”, "Dilkeş”, "Mirzə Hüseyn segahı” və s. oxuyubsunuz. O muğamları oxuyubsunuz ki, onları bir çox sənətkarlar az qala bir ömür boyunca ifa edirlər. Necə düşünürsünüz, getdiyiniz nöqtəyə vaxtından əvvəl gəlib çatmayıbsınız ki?

– Mən deyə bilmərəm ki, oxuduqlarım mənim üçün tezdir, yoxsa gec? Qismət deyilən bir şey var. Nə və necə oxumuşamsa, hamısı mənim qismətimə yazılanlardır.

– Köhnə lentlərə qulaq asırsınızmı, Xan Şuşinskiyə, Şəkili Ələsgərə və sair. Ümumiyyətlə, qədim səs yazıları, öyrənmək sarıdan sizə nə verir?

– Təbii ki, qulaq asıram. Köhnə lentlər klassikamızdır. Onlar olmasaydı, bizim muğam heç bu səviyyəyə gəlib çatmazdı, bəlkə də. Əslində, Şəkili Ələsgər dediniz, onun səs yazıları yalnız qrammofonlardadır. Son illər "Heydər Əliyev Fondu" disk çıxartdırdı. O ifaları da o diskə salıblar sağ olsunlar. Klassikamızı – keçmişimizi bilməsək, gələcəyimiz olmaz.

– Eşitdiyimə görə, Səxavət Məmmədovun yaradıcılığı sizin üçün əzizdir. Muğam yolunu tutmağınızda onun sənətinə olan sevginiz nə dərəcədə rol oynayıb?

– Səxavət Məmmədovla yerliyik. Ona qulaq asanda sanırsan ki, bir bülbül oxuyur. Təbii ki, əksər muğam ifaçılarını sevirəm, amma Səxavət Məmmədov səsinin yeri mənim ürəyimdə bir başqadır. O cür səs bir daha dünyaya gəlməyəcək.

Muğamın "əlifbası”nı sizə öyrədən Qəzənfər Abbasov olub. Ancaq "əlifbada”n sonra kimlərdən nələr öyrənibsiniz və hansı muğam ustalarını hansı ustalıqlarına görə sevirsiniz?

– Mən, demək olar ki, əksər muğam ifaçılarını dinləyirəm. Hər ifaçıdan bir şey öyrənirəm – Xırdalıqları, dərinlikləri... Keçmiş ifaçılardan tutmuş bu günümüzə kimi, çoxlarından bəhrələnirəm.

– Məncə, Fatma Mehrəliyevadan, Şövkət Ələkbərovadan sonra qadın səsində "Kəsmə şikəstə” ən çox sizin səsinizə bunca yaraşdı. "Kəsmə şikəstə”niz barədə başqalarının rəyləri necə olub?

– "Kəsmə şikəstə” mənə çox uğur gətirib. Hətta, deyərdim ki, "Kəsmə şikəstə” mənim vizit kartımdır. İlk dəfə 2011-ci ildə ifa etmişəm. Bu günə kimi də o ifam haqqında xoş sözlər eşidirəm və çox sevinirəm ki, haqqımda belə gözəl fikirlər söyləyirlər.

– Muğam məktəbləri içərisində ruhunuza daha doğma olan hansıdır və hansı səbəbdən?

– Bütün muğam məktəblərimiz gözəldir. Hərəsinin özünə xas xüsusiyyətləri var, amma mənə daha çox Qarabağ məktəbi yaxındı. Bəlkə də, ağdamlı olduğum üçün belədir. Həm də ata-babalarımızın dediyi kimi, muğamın beşiyi Qarabağdır.

– Muğamın ağır tonu, nisgili, kədəri ruhunuza hopurmu, yoxsa muğam ancaq oxuduğun müddətdə sizin daxili dünyanıza hakim olur, sonra əriyib gedir?

– Muğamın nisgilli ruhu haqqında danışırıqsa, bu, xanəndənin muğamı hansı vəziyyətdə oxumağından asılıdır. Qəmgin vaxtlar da olur, sevincli anlar da. Təbii ki, ifa etdiyin muğamdan da asılıdır. Məsələn, "Humayun” ladı nisgillidir, onda qəmgin notlar çoxdur. Amma bir müddətdən sonra adam o ruhdan çıxır.

– Muğam sənətində bir sənətkar kimi idealınız kimdir, ümumiyyətlə, tutduğunuz yolda gələcəkdə özünüzü hansı mərhələdə görürsünüz?

– Muğam sənətində ideallarım çoxdur. Mən uşaqlıqdan Nərminə Məmmədova, Şövkət Ələkbərova, Fatma Mehrəliyevanı çox dinləmişəm və onları özümə kumir kimi seçmişəm. Təbii ki, bugünkü ifaçılarımızdan da kumirlərim var. Gələcəkdə də özümü ustadlar kimi zirvələrdə görmək, daha çox uğur qazanmaq istəyirəm.

Söhbətləşdi: Fərid Hüseyn