Zərifin qadın səfirlə foto çəkdirməsi narazılıq doğurub

28 Yanvar 2019 13:26 (UTC+04:00)

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin bəluc etnik qrupunun ilk qadın diplomatı, İslam Respublikasının Bruneydəki yeni səfiri Hümeyra Rigi ilə foto çəkdirməsi ölkədə qalmaqala səbəb olub.

Bu barədə “Anadolu” məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasemi bildirib ki, səfirlər vəzifələrinin icrasına başlayarkən xarici işlər naziri ilə xatirə fotosu çəkdirirlər: “Bu, İranda çox yaxşı bir ənənədir. Xarici İşlər Nazirliyi qadın və sünni təriqətindən olan insanların potensialından diplomatik sahədə daha çox faydalanmaq niyyətindədir. Yeni hökumət (İran Prezidenti Həsən Ruhaninin hökumətini nəzərdə tutur - red.) və Məhəmməd Cavad Zərifin nazirliyi dövründəki son illərdə tətbiq edilən siyasət bu istiqamətdədir. Belə yanaşmanı indi də müdafiə edirik. Qadınların diplomatik sahədə daha çox yer almasını ölkənin inkişafına və mili mənafeyə uyğun görürük. Belə fotoların hələ də bəziləri üçün qəbuledilməz görünməsi çox təəccüblüdür”.

Onun sözlərinə görə, M.Zərifin yaxın gələcəkdə daha iki xanım diplomatı səfir təyin etməsi gözlənilir.

Qeyd edək ki, Hümeyra Rigi Sistan-Bəlucistan əyalətinin Qəsrşəhr bölgəsində icra başçısı işləyib. İran Prezidentinin birinci müavini İshaq Cahangiri cari il yanvarın 1-də əyalətə səfəri zamanı onun Bruneyə səfir təyin edildiyini bildirmişdi.

1979-cu il inqilabından sonra Hümeyra Rigi İranın xarici ölkələrdəki üçüncü qadın səfiridir. Ondan əvvəl Mərziyə Afham Malayziyaya, Pərvin Ferşçi isə Finlandiyaya səfir təyin ediliblər.(report.az)

© AzNews.az