Atatürk parkı təmir olunur - VİDEO

28 Yanvar 2019 15:54 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Türkiyə Respublikasının qurucusu və banisi Mustafa Kamal Atatürkün adını daşıyan parkın təmiri Azərbaycan və Türkiyə Respublikaları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən biridir.

İndiyə qədər parkdakı şərait istər ərazidə yaşayanları, burada istirahət edənləri, istərsə də parkdan keçənləri, bir sözlə heç kimi qane etməyib. Bununla əlaqədar vətəndaşlardan mütəmadi olaraq Bakı şəhər İcra Hakimiyyətinə müxtəlif xahiş və təkliflər ünvanlanıb. Həmin müraciətlər nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nərimanov rayon İcra Hakimiyyəti ilə birlikdə Atatürk parkının tam şəkildə yenidən qurulması, abadlaşdırılması ilə əlaqədar layihə sənədləri hazırlanıb.

Həmin layihə sənədləri əsasında parkın ən müasir standartlara cavab verən şəkildə yenidən qurulması nəzərdə tutulub.

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2 ay əvvəl parkda əsaslı təmir- yenidənqurma işlərinə başlanıb. Parkdakı obyektlərin sənədləri araşdırılıb. Mülkiyyət sənədləri (Çıxarışı) olan obyekt sahiblərinə obyektlərində müasir standartlara, parkın yeni layihəsinə uyğun formada yeniləşdirmə aparılması işləri tapşırılıb. Digər işlər isə layihə sənədlərində nəzərdə tutulub. O cümlədən, parkdakı ağacların budanması, cavanlaşdırılması işləri də görülür. Bu işlər Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Departamenti tərəfindən həyata keçirilir.

Yaxın aylarda bu parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

© AzNews.az