Ötən il 10 min 182 nəfərin cəza müddəti başa çatıb

28 Yanvar 2019 16:27 (UTC+04:00)

Ədliyyə Nazirliyində icra və probasiya xidmətlərinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin, cinayət işləri üzrə ibtidai istintaqı aparan müstəntiqlərin iştirakı ilə 2018-ci ildə məhkəmə və digər orqanların qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası, ədalət mühakiməsi əleyhinə və bəzi digər cinayətlərin istintaqının aparılması sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın 2018-ci ildə hərtərəfli tərəqqisinin təmin olunduğunu və yüksək nailiyyətlərin qazanıldığını vurğulayıb, ədliyyə fəaliyyətinin müasirləşdirilməsi üzrə ardıcıl islahatların davam etdirildiyini qeyd edib, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, cəza siyasətinin humanistləşdirilməsinə dair dövlət başçısının tapşırıqlarının icrası çərçivəsində məhkəmə qərarlarının, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası sahəsində işin təkmilləşdirilməsi üzrə görülən işlərdən, həmçinin “Azərbaycan Respublikasının İcra Məcəlləsi”nin layihəsinin hazırlanması üzrə İcra baş idarəsində yaradılmış işçi qrupu tərəfindən qısa müddətdə əldə edilmiş nəticələrdən danışıb.

Sonra İcra baş idarəsinin rəisi – baş icra məmuru Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi - baş probasiya məmuru Akşin Ziyadov və İstintaq idarəsinin rəisi Zakir Qafarov hesabat məruzəsi ilə çıxış ediblər.

İclasda bildirilib ki, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində görülmüş işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların təxminən yarısı, 10.182 nəfər ötən il cəza müddətinin başa çatması, təyin olunmuş cəzanın tam icra olunması ilə əlaqədar və ya qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 527 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 46 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış nazirliyin Probasiya xidməti tərəfindən hesabat dövründə işin müasir tələblər səviyyəsində səmərəli təşkili ilə bağlı xeyli işlər görülüb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb, bu məqsədlə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzi yaradılıb. 2018-ci ildə azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 605 şəxsə elektron qolbaq tətbiq edilib, cəza müddəti bitən və digər qanuni əsaslara görə məhkumlardan isə qolbaqlar çıxarılıb.

Ölkə başçısının qeyd olunan Sərəncamında verilmiş tapşırığa əsasən ötən il ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısının alınması, onun icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı əməli işlər görülüb, o cümlədən qanunvericilik təkmilləşdirilib, yerli icra hakimiyyəti orqanları ilə daha səmərəli qarşılıqlı fəaliyyət qurularaq, ictimai işlərin həyata keçiriləcəyi iş yerlərinin siyahısı və müvafiq işlər üçün tələb olunan şəxslərin sayı müəyyən edilib, bununla bağlı vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslərin məsuliyyəti artırılıb.

2018-ci il ərzində məhkəmənin qərarlarına əsasən 1.030 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 603-ü ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 70 faiz artaraq 2.5 milyon manatı ötüb.

Eyni zamanda, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 2017-ci il 17 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsində bir çox əməllərin dekriminallaşdırılması nəticəsində probasiya xidmətinin qeydiyyatında olan 1200-dən çox şəxs məhkəmələr tərəfindən cəza çəkməkdən azad edilib və ya cəza müddəti azaldılıb.

Hesabat dövründə nazirliyin İstintaq idarəsinin icraatında olmuş 1.078 cinayət işinin 673-nün ibtidai istintaqı tamamlanıb, onlardan 276-sı alimentin ödənilməsindən qərəzli şəkildə boyun qaçıran şəxslərlə bağlı olub, fiziki və hüquqi şəxslərə vurulmuş 1.9 milyon manatdan çox vəsaitin istintaq zamanı ödətdirilməsinə nail olunub.

İclasda görülən tədbirlərlə yanaşı, nöqsan və çatışmazlıqlar qeyd edilib, mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.

Müşavirəyə yekun vuran nazir müavini ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə qərarlarının və azadlıqdan məhrumetməyə alternativ cəzaların vaxtında və dürüst icrasının təmin olunması, məhkəmələrin müəyyən edilmiş fəaliyyət qaydasının düzgün və səmərəli icrasına diqqətin artırılması, "Elektron icra" informasiya sisteminin tətbiqinin və "Elektron sənəd dövriyyəsi"nin genişləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə istintaq işinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verib.

© AzNews.az