Real sevgi hekayəsi: 70 il evli olan cütlük eyni gündə öldü - FOTO

28 Yanvar 2019 16:57 (UTC+04:00)

Avstraliyadan olan evli cütlük 70 illik ailə həyatından sonra eyni gündə vəfat ediblər.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 90 yaşlı Norma June Platell və 92 yaşlı Francis Ernest Platell yanvarın 6-da gecə qocalar evində ölüblər. Onlar bir-birinin yanında olan yataqlarda uzanıblar. Yataqlar elə yaxın qoyulub ki, onlar bir-birinin əlindən tuta bilsinlər.

Tibb bacısı gecə növbəti dəfə onlara baş çəkərkən görüb ki, hər ikisi dünyasını dəyişib. Həkim belə onların ölüm vaxtının fərqini dəqiqləşdirə bilməyib. Bu səbəbdən onların sənədlərində eyni məlumatlar paylaşılıb.

3 il əvvəl qadına Alzgeymer diaqnozu qoyulub. Son bir ildə qadın bu xəstəliyə qarşı bütün həyat gücünü itirmişdi və danışa bilmirdi. Onun son sözü isə "mənim həyat yoldaşım" olub.

Frensiz həyat yoldaşının onunla birlikdə evdə qalması üçün əlindən gələni edirdi. Lakin son illər baxıcının olmasına baxmayaraq Normaya baxa bilməməsi, onu yedirdə, çimizdirə, gündəlik təlabatlarını yerinə yetirə bilmədiyinə görə, qocalar evinə aparmalı olur.

O, hər gün səhər yeməyindən sonra Normaya baş çəkir, bütün vaxtını onunla keçirirdi. Ər-arvad birlikdə nahar edir, balaca divanda istirahət edir, televizora baxır və hər zaman əl-ələ tuturdular. Norma tez-tez başını həyat yoldaşının çiyninə qoyaraq yatırdı.

Həyat yoldaşının ağır xəstəliyi Frensisə təsir edir və o, kiçik insult keçirir. Onun sağlamlıq vəziyyəti əhəmiyyətli dərəcədə pisləşəndə isə onu da həyat yoldaşının yanına gətirirlər.

Bundan sonra cütlük arasında sehirli bir hal yaşanır.

Normanın əqli zəifliyinə baxmayaraq, Frensisin xəstəxanaya düşdüyünü sanki hiss edir və onu bərk-bərk qucaqlayır. Həyat yoldaşı yemək yeməyəndə o da yemir, su içməyəndə o da içmir.

Onlar yeniyetmə ikən rəqs meydançasında tanış olublar. Bəyaz-mavi rəngli, qəhvəyi uzun saçları olan Normanı görən Frensis düşünür ki, kinoulduzdur. Normaya bəyəndiyi qızılgül formasında olan nişan üzüyünü almaq üçün öz Harley Davidson motosikletini də satır.

Toydan bir neçə həftə öncə isə Norma Frensisə belə bir məktub yazır:

" Əzizim Frensis, sənin həyat yoldaşın olacağım üçün, çox xoşbəxtəm. Səni ömür boyu bütün qəlbimlə sevəcəyimə dair tanrım qarşısında and içirəm. Ümid edirəm bizim nə vaxtsa övladlarımız olacaq və mən də onları səni sevdiyim qədər sevərəm."

Cütlüyün iki oğlu, bir qızı və beş nəvəsi var. Hər 3 övladı ali məktəbdə təhsil alıb.

Cütlüyün həyatda öz qaydaları olub. Onlar söhbətlərini hər zaman müsbət notlarda bitirirdilər.

Frensis hər zaman övladları ilə danışarkən telefonu Normanın qulağına aparırdı. O, inanırdı ki, xəstəliyinə baxmayaraq, övladlarının səsi xanımının sağalmasına kömək edəcək.

Ömürlərinin son günlərinə kimi Frensis həyat yoldaşının yanında olduğuna görə özünü çox xoşbəxt hiss edirdi.

Fəridə Abdulla

AzNews.az