Prezident narazı salınmış şəhid ailələrinə sahib çıxdı

28 Yanvar 2019 17:05 (UTC+04:00)

Həqiqətən ağır mənzərə idi: haqlı və haqsız görünməsindən asılı olmayaraq şəhid ailəsinin hansısa dövlət qurumunun qarşısında boynubükük durmasını izləmək!

Bunun məmur yaramazlığından, səhlənkarlığından və ya hansısa qanunla əsaslandırılmasından doğması ikinci məsələydi.

Fakt o idi, İlham Əliyevin ötən il yenidən prezident vəzifəsinə seçildikdən sonra imzaladığı mühüm sosial müdafiə əhəmiyyəti daşıyan ilk Fərmanı gözdən salınırdı. İndiyə qədər birdəfəlik müavinət ala bilməyən şəhid ailələrinə ödəmənin verilməsini ehtiva edən sənədin əhəmiyyəti azaldılırdı...

Söhbət ondan gedirdi ki, bir qrup şəhid ailəsi vaxtilə müavinəti almadığını iddia edirdi, müvafiq dövlət qurumları isə əksini söyləyirdi. Və ya vaxtı ilə həmin müavinəti alanlar həmin vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini bildirirdilər. Beləliklə, qarışıq bir vəziyyət yaranmışdı.

Nəhayət ki, prezident bu məsələyə müdaxilə etdi və problem aradan qalxdı.

İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də şəhid ailələri ilə görüşündəvaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığı, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyi nəzərə alınaraq yeni fərman imzalandığı açıqlandı. Dövlət başçısı şəxsən birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim etdi. Görüşdən dərhal sonra açıqlanan Fərmana əsasən, 11 min manat alacaq vətəndaşların sayı artırılıb.

Prezidentin bu addımı, bir tərəfdən 1-ci şəxs səviyyəsində şəhid ailələrinə münasibətinin əyani göstəricisidir. Bu münasibət şəhid ailələrinin nümayəndələrinə dərin hörməti özündə ifadə edir. Torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksələnlər prezident tərəfindən həmişə dəstəklənib və onlara dövlət qayğısının göstərilməsi üçün müxtəlif addımlar atılıb. İndiyə qədər şəhid ailələrinə və müharibə əlillərinə 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub.

Digər tərəfdən, prezidentin şəhid ailələri ilə şəxsən görüşməsi və problemin kökündən həll olunması, bunu hakimiyyətə qarşı siyasi mübarizə alətinə çevirənlərə tutarlı cavab oldu. Tükənmiş siyasi müxalifət bir qrup şəhid ailələsi ilə bağlı vəziyyəti maksimum qabartmaq və hakimiyyəti bu metodla nüfuzdan salmaq xətti götürmüşdü. Prezidentin işə şəxsən müdaxiləsi müxalifətin bu sabotaj cəhdinin də qarşısını almış oldu.

Ən nəhayət, prezident bununla şəhid ailələrinin problemləri ilə məşğul olan dövlət qurumlarına da bir mesaj verdi. Sirr deyil ki, şəhid ailələrinə münasibətdə bir sıra hallardayüksək çinli məmurların, böyük mövqe sahiblərinin davranışları yetərli olmur. Onların qayğıları yetərincə dinlənilmir və bu kateqoriyadan olan şəxslərə lazım olan kömək edilmir. Bir sıra hallarda isə tapşırılan vəzifə formal olaraq yerinə yetirilir. Bəzilərinə göruntü lazım olur deyə, öz işini çərçivə əsasında qurur, həssas təbəqənin problemlərinə yanaşmada vicdan sərhədlərinə yaxınlaşmır.

Şəhid ailəsinin ən xırda probleminin həlli prezidentdən asılı məsələdirmi? Əlbəttə ki, yox! Dövlət qurumlarının işi bundan ibarətdir və xüsusən şəhid ailələrinə münasibətdə elə davranmalı, elə münasibət sərgiləməlidir ki, narazılıq olmasın. Hər şeyə rəğmən onu səbrlə dinləsin və lazımi izahat versin, kömək göstərsin. Şəhid ailəsi alternativ yol kimi küçəyə çıxmaq, aksiya keçirmək fikrinə düşməsin.

Bürokratik süründürməçilik, ədalətsizlik, rüşvət hallarının aradan götürülməsi və kompleks halda vətəndaşın dövlət qurumlarına inamının güclənməsi üçün sadəcə verilən tapşırıqları vicdanla icra etmək yetərlidir.

Prezident həssas təbəqənin məsələsinə müdaxiləsi ilə müvafiq qurumlara bunu bir daha anlatmış oldu.

Sonda Prezidentə bir vətəndaş kimi təşəkkür etmək qalır.

Elman Babayev