“Döyüş meydanlarında da öz gücümüzü göstərmişik” - İlham Əliyev

28 Yanvar 2019 22:17 (UTC+04:00)

“1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu.

O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi”.

Bu sözləri prezident İlham Əliyev bu gün şəhid ailələri ilə görüşündə bildirib.

Dövlət başçımız qeyd edib ki, 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində xalqımız böyük faciə ilə üz-üzə qalıb:

“Siz bilirsiniz, bu gün biz çalışırıq ki, bu məsələni həll edək. Ordu quruculuğuna çox böyük diqqət göstərilir. Bizim ordumuz döyüş meydanlarında da öz gücünü göstərmişdir. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Biz bir neçə strateji mövqeyi işğalçılardan azad etmişik və o bölgələrdə, o yüksəkliklərdə Azərbaycan bayrağını qaldırmışıq. Bu gün Lələtəpədə, Ağdərə dağlarında, Naxçıvan dağlarında - hansılar ki, işğal altında idi, bu gün Azərbaycanın dövlət bayrağı dalğalanır.

Eyni zamanda, bildiyiniz kimi, bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Hesab edirəm ki, ölkəmizin artan potensialı, hərbi-iqtisadi gücü, dünyadakı mövqeyi bu gün bizim xeyrimizə işləyir və bu gün danışıqlar prosesində ölkəmizin mövqeləri kifayət qədər güclüdür.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Diplomatik müstəvidə biz maksimum nəticəyə nail ola bilmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir. Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Yəni, biz bütün vasitələrdən istifadə edirik ki, məsələni həll edək, torpaqlarımızı işğalçılardan azad edək.

Onu da bilməliyik ki, bu gün dünyada güc amili ön plana çıxıb. Biz ordu quruculuğu istiqamətində bu günə qədər böyük işlər görmüşük. Qeyd etdiyim kimi, döyüş meydanlarında da öz gücümüzü göstərmişik. Bütün dünyaya göstərmişik ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla heç vaxt barışmayacaq”.

AzNews.az