Horadizdən etiraz: “Axı biz əsirlər düşərgəsində yaşamırıq”
19 Aprel 2013 12:26 (UTC+04:00)
AzNews.az-a Füzuli rayonundan şikayət məktubu daxil olub. Rayonun Horadiz şəhərinin bir qrup sakini tərəfindən saytımıza ünvanlanan məktubda susuzluqdan şikayət edir:
"Altı gündürki Füzuli rayon Horadiz şəhərinə su verilmir. Əvvəllər də su veriləndədə bəzi məhəllələr su üzünə həsrət qalırdı. Ancaq altı gündürki bütün Horadiz susuz qalib. Xahiş edirik bu məsələni "Azərsu" SC qarşısında qaldırasınız. Səsimizi yuxarılara çatdırın. Horadizin içməli su məsələsi həllini tapsın. Axı biz əsirlər düşərgəsində yox, cəbhə bölgəsində yaşayırıq. Əhaliyə zülm etmək yox, kömək etmək lazımdır".
Daxil olan bu müraciətlə bağlı AzNews.az Azərsu ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Horadiz şəhərinin su problemi texniki nasazlıqla bağlı olub:
"Biz Horadizlə əlaqə saxladıq. Bildirdilər ki, orada mühərrik yandığı üçün problem yaranıb. Artıq problem aradan qaldırılıb və sabahdan şəhərə su verilişi əvvəlki qaydasına düşəcək. Müəyyən qrafiklə şəhərə su veriləcək".
Ruhiyyə
AzNews.az