Prezident İlham Əliyevdən usta gedişləri

29 Yanvar 2019 16:43 (UTC+04:00)

İl təzə başlayıb. Sağda-solda siyasət adamları özünü toparlayıb hərəkətə keçməyə hazırlaşır, bu isə artıq iki böyük gedişlə həm içəridəki, həm də dışarıdakı bədxahlarını mat qoyub. Siyasət hər adamın işi deyil deyəndə, çoxları inanmır. Buyurun, bu da daha bir örnəyi, həm də usta gedişi.

Prezident İlham Əliyevdən danışıram. Yanvar ayı başlar-başlamaz ona qarşı hər cür üsula əl atanlar əl-ələ verib hərəkətə keçdilər. Əvvəlcə Mehman oyunu oynandı. Acdır, toxdur, qatıq yeyir, süd içir deyib ta okeanın o tayına qədər çığırışdılar. Hətta Mehmanın özü belə onların əsassız iddialarını bir neçə dəfə yalanladı, amma adamlar usanmaq istəmədilər. Məqsəd, təbii ki, Mehmanın hüquqlarını qorumaq deyildi. Bu olaydan yararlanıb Prezident İlham Əliyevi və bütövlükdə Azərbaycan dövlətini gözdən salmaqdı.

Bacarmadılar. Alınmadı. Elə Mehmanın özü iki dəfə açıqlama verib onları yalanladı. Bu da yetməyincə öz dövlətinin rəhbərinə müraciət etdi, nicatı Vaşinqtondan, Strasburqdan filandan deyil, vətəndaşı olduğu dövlətdən aradı. Azərbaycan Prezidenti də hər zaman olduğu kimi ayrıseçkilik qoymadan vətəndaşına sahibləndi. Hətta o vətəndaşın həbsxana sakini olmasına belə baxmadan. Bir gedişlə Mehmanın ətrafında toz-duman qaldırmaq istəyənlərin qazını aldı. Bir anın içində həm də. Adamlar sarsıldılar, çaşdılar, nəyə uğradıqlarını kəsdirəndə isə artıq gec idi. Bu dəfə də hədəfə aldıqları liderin təcrübəsini, ustalığını diqqətə almamışdılar. Batdı mayaları. Qrantlar havada qaldı. Ağaları da bunları növbəti dəfə danladı…

Və cəmiyyəti narahat edən daha bir məsələ vardı. Şəhid ailələrinin bir qismi onlara çatacaq pulu almaqda çətinlik çəkirdi. Yerlərdəki bəzi özünübilməz məmurlar da onları yetərincə dinləyib yol göstərməkdə tənbəllik edirdilər.

Şəhid ailələrinin üzvləri haqlı olaraq əzizlərini uğrunda qurban verdikləri dövlətdən narazılıq edirdilər. Burda da fürsət gözləyən goreşənlər boş dayanmırdılar. Hər gün sağa-sola bağırıb-çağırır, Prezident İlham Əliyevin şəhid yaxınlarına biganə yanaşdığını iddia edirdilər. Hətta buna əsaslanıb həssas vətəndaşlarımızı “rejim”ə qarşı amansız mübarizəyə çağırırdılar…

Məsələdən xəbərdar olan Prezident İlham Əliyev 1-ci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə şəxsən durumu nəzarətə götürdü, ortada olan anlaşılmazlığın çözümü üçün hərəkətə keçdi. Yanvar ayı bitmədən məsələ tam olaraq həllini tapdı. Özü də bunun belə olacağı haqqında heç kimdə bilgi yoxdu. Bədxahlar da sevinirdilər ki, şəhid qanı üzərindən çirkin antitəbliğatı davam etdirib ağalarından “afərin” alacaqlar. Olmadı. Bu dəfə də olmadı, alınmadı.

Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva şəxsən şəhid yaxınlarının ayağına qədər gəldi, onları bir araya topladı, öz doğmaları kimi bağrına basdı. Rəhbərlərimiz əziz şəhidlərimizin dövlətimizə əmanət etdiyi yaxınlarına sahibləndiklərini sözdə deyil, əməldə göstərdi. Onlarla qucaqlaşdılar, övladlarını, həyat yoldaşlarını, qardaşlarını bu Vətən üçün boşuna fəda etmədiklərini göstərdilər. Bəli, dövlət və onun rəhbərləri bir daha hər kəsə göstərdilər ki, bu Vətən üçün şəhid olmağa dəyər!

İlham Əliyev yanvar ayında etdiyi bu gedişlərlə çox böyük oyunları pozdu! O, Azərbaycanı ən həssas yerindən vurmaq istəyənləri bir müddət yaxına buraxdı, təmkinlə, ağsaqqal müdrikliyilə izlədi, gözlədi. Atəş məsafəsinə yaxınlaşınca da sərrast nişan aldı, eyni təmkinlə atəş açdı. Kinsiz, qəzəbsiz etdi bunu. Necə ki, bütün əməllərində alicənab davranır, bu əməlində də eyni alicənablığı, eyni kübarlığı sərgilədi. Bacardı bunu. Bacarması da təəccüblü olmadı. Bizim üçün əlbəttə. Amma ona qarşı çirkin oyunlar düzənləyən yarımqafalılar üçün çox təəccüblü oldu, çox!

Yanvarın bitməsinə iki gün qalıb. İlin ilk ayı İlham Əliyevin usta gedişlərilə tarixin bu kəsiminə öz damğasını vurdu. Əgər bu gedişlərdən sonra da qaragüruh öz əməllərini davam etdirəcəksə, daha ağır məğlubiyyətlərin onları gözlədiyini anlamalıdırlar. Həm də onu anlamalıdırlar ki, onların bu bəd əməlləri bu dəfə də Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasındakı birliyi poza bilmədi! Əksinə, belə əməllər dövlətlə xalqın birliyini daha da möhkəmləndirdi, möhkəmləndirməyə davam edəcək.

Təəccüblüdürmü? Deyil. Dövlətin başında usta siyasət adamı, təcrübəli lider olunca xalqla dövlət arasına girənlər bu sonuclardan fərqli sonuclar qazanmazlar ki…

Azər Həsrət