“Şəhid ailələrinin probleminin həlli üçün vaxt lazım idi”

29 Yanvar 2019 17:21 (UTC+04:00)

“Təximən 30 ilə yaxındır ki, bu problem qalmaqda idi. Zaman-zaman maliyyə imkanları yarandı, dövlət başçısı belə bir fərman imzaladı”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, Azərbaycan şəhid ailələrinə göstərdiyi qayğıya görə dünyaya nümunədir: “Bu problemin həlli üçün, sadəcə, vaxt lazım idi. Prezident şəhid ailələri ilə görüşdə dedi ki, “O illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman imzaladım. Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur”. Gördüyünüz kimi, dövlət başçısı həmişə olduğu kimi xalqın marağından çıxış etdi, onların yanında oldu. Bu fərman sosial ədalət baxımından böyük əhəmiyyət kəsb edir. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcək”.

Komitə sədri qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı atılan addımlar Prezident İlham Əliyev siyasətinin özəllikləridir: “Prezidentin dövlət quruculuğu modelinin bir sıra özəllikləri var. Bu model İlham Əliyev brendidir. Regionların xarakter və xüsusiyyətinə, iqtisadi potensialına uyğun olaraq dövlət proqramı icra olunur. Azərbaycanın regionlarında işsizliyin aradan qaldırılması və digər bu tip sosialyönümlü məsələlərin həlli ilə bağlı addımlar atılır. Özünəməşğulluq proqramı passiv sosial müdafiədən aktiv sosial müdafiəyə keçiddir. Prezidentin dediyi kimi, bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq”.

Xatırladaq ki, yanvarın 28-də dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2018-ci il 19 aprel fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11 000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.(report.az)

© AzNews.az