Misirin yeni paytaxtına 51 min məmur köçürüləcək

30 Yanvar 2019 09:08 (UTC+04:00)

Misir hökuməti 51 min dövlət məmurunun Qahirədən yeni inşa edilən inzibati paytaxta köçürülməsi barədə planlarını açıqlayıb.

Qahirədən 49 kilometr şərqdə yeni paytaxtın inşası Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin təşəbbüsü ilə 2017-ci ildə başlanıb. Misir hökumətinin bu genişmiqyaslı layihəni həyata keçirməkdə əsas məqsədi 19 milyondan çox əhalisi olan Qahirəni boşaltmaq arzusudur. Yeni paytaxta parlamentin üzvləri, 31 nazirliyin və digər dövlət qurumlarının əməkdaşlarının köçürülməsi 2020-ci ildə başlanacaq. Bu proses iki mərhələdə həyata keçiriləcək və artıq hansı qurumun nə vaxt köçürüləcəyi barədə növbə tərtib olunub.

Misirin yeni paytaxtının tikintisində “ağıllı” texnologiyalardan istifadə edilir. Oraya köçəcək məmurlar öncə informasiya texnologiyalarını bilməsi, kompüterdən istifadə bacarığı və ingilis dilinin bilməsi barədə imtahan verəcəklər, çünki hökumət qurumlarının işində kağızdan istifadə istisna olunur.

Xatırladaq ki, Misirin təkcə inzibati deyil, həm də iqtisadi paytaxtı olacaq bu şəhərdə 5 milyona qədər insanın yaşayacağı, əsas dövlət qurumlarının və xarici səfirliklərin yerləşdirilməsi nəzərdə tutulur. Şəhərin ərazisində hazırda beynəlxalq hava limanı da inşa edilir.(AZƏRTAC)

© AzNews.az