31 yaşlı kişi yük maşınından yıxılıb öldü

30 Yanvar 2019 11:25 (UTC+04:00)

Gədəbəy rayon prokurorluğundan verilən məlumata görə, şəhərin mərkəzində 1 nəfərin yük maşınının yük yerindən yıxılıb ölməsi barədə daxil olan məlumat əsasında aparılan araşdırmazamanı müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Mehdi Mehdiyev yanvarın 29-u saat 16 radələrində həyətində olan dəmir ayaqaltıları və digər tikinti vasitələrini həyətdən çıxarmaq üçün əvvəlcədən razılaşdığı qaldırıcı kran və yük maşınını yarımtikilinin qarşısına çağırıb.

Yük maşını həyətin giriş darvazasının qarşısında dayanıb. Həmin vaxt M.Mehdiyev kuzova çıxaraq qaldırıcı kranın dəmir ayaqaltıları hansı vəziyyətdə qoyduğuna baxmaq istəyib. Bu zaman yük maşının kuzovundan başı üstə asfaltın üzərinə yıxılıb, aldığı xəsarət nəticəsində hadisə yerində vəfat edib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub, iş üzrə istintaq hərəkətləri davam etdirilir.(qafqazinfo.az)

© AzNews.az