Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır - Sabiq nazir

30 Yanvar 2019 15:05 (UTC+04:00)

"Bu proqramların icrası bir də ona görə uğurla baş tutdu ki, bu gün Azərbaycan yerləşdiyi böyük regionda ictimai-siyasi sabitliyin nümunəvi adasına çevrilə bilib. Bu sabitlik olmayan yerdə heç bir inkişafdan, heç bir yüksəlişdən söhbət gedə bilməzdi. Bu məqama münasibət bldirən cənab Prezidentin öz çıxışında haqqında söhbət etdiyimiz durumu olduqca dolğun təsvir etdi".

Bunu AzNews.az-a açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifov dedi. O, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasını şərh edərkən bildirdi ki, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır:

"Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis duruma, idarəolunmaz vəziyyətə düşür - iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına, ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur”.

F.Yusifovun sözlərinə görə, Azərbaycanın son 15 ildə qazandığı bütün uğurların qısa xarakteristikası Prezidentin səsləndirdiyi fikirlərdə olduqca dolğun bir şəkildə öz əksini tapır:

"Regionların sosial-iqtisadi inkişafını əhatə edən bu beşillik Dövlət Proqramlarının müəllifi də məhz cənab Prezident İlham Əliyevdir. Onun 2003-cü ildə Prezident seçkiləri öncəsi səsləndirdiyi fikirlər içərisində əsas olanlardan biri də xalqın ona etimad göstərəcəyi tədqirdə bölgələrin sosial-iqtisadi inkişafını təmin edilməsi məqsədilə atacağı addımlar barəsindəki bəyanatları idi. Prezident xalqın iradəsi ilə seçkilərdə qalib gəldikdən sonra öz sözünü tutdu. 15 il ərzində üç proqramın gətirdiyi uğurlar artıq bütün dünyanın gözləri qarşısındadır".

Ekspert vurğuladı ki, ötən 15 il ərzində iqtisadiyyatımız 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə arta bilib. Bunlar olduqca ciddi nailiyyətdir. Bir ölkənin iqtisadiyyatının 15 ildə 3,3 dəfə artması isə dünyada bənzəri olmamış bir nəticədir:

"Sadalanan bu bir neçə rəqəmlər Azərbaycan reallıqlarını qara rəngdə görmək istəyən hər kəsə tutarlı bir cavabdır. Bu uğurları kimsə həzm edə bilmirsə, bu, onun öz problemidir. Bizim üçün əsas olan odur ki, əldə edilən bu uğurlar barəsində dünyanın ən mötəbər maliyyə institutları və reytinq agentlikləri danışır. Onların danışdığını isə kimsə şübhəyə ala bilməz! Dünya Bankı kimi mötəbər bir maliyyə institutunun “Doing Business” hesabatında 2006-cı ildə 98-ci sırada yer almış Azərbaycan bu sırada 73 pillə irəliləyərək bu gün 25-ci yerdə qərarlaşıb. On iki il ərzində belə bir mötəbər qurumun reytinq cədvəlində bu qədər irəliləmək ölkədə aparılan köklü islahatların və investisiya mühitinin əsaslı şəkildə yaxşılaşdırılmasının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir".

Elgün
AzNews.az