Gənc futbolçunu öldürən sürücü məhkəmə qarşısında

30 Yanvar 2019 15:53 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Novruz Kərimovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, ailəli və iki uşaq sahibi olan F.Bəşirov daha əvvəl məhkumluq həyatı yaşamayıb.

Məhkəmədə mərhumların yaxınları təqsirləndirilən şəxsə etiraz edərək onun ünvanına təhqirlər səsləndiriblər. Onlar deyiblər ki, təqsirləndirilən şəxs hadisə yerindən qaçıb: "Uşaqları vaxtında xəstəxanaya çatdırsaydı, həyatlarını xilas etmək mümkün olardı. Ay insafsız, qanın içində qoyub qaçmısan. Sənin vicdanı yoxdur?"

Məhkəmə nəzarətçiləri həmin şəxsləri sakitləşdiriblər.

Məhkəmənin baxış iclası fevralın 4-nə təyin edilib.

Qeyd edilib ki, ötən il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri - A.Qasımov "Sumqayıt"ın U-15 komandasında çıxış edirdi.(report.az)

© AzNews.az