Aralıq dənizində 2275 qanunsuz miqrant batıb - Bir ildə

31 Yanvar 2019 10:50 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) qaçqınların işi üzrə Ali komissarının hesabatında bildirilir ki, 2018-ci ildə Aralıq dənizində Afrika və Asiya ölkələrindən Avropaya qanunsuz miqrasiya edən 2275 nəfər batıb.

Bu, son beş ilin ən yüksək rəqəmidir.

Ali komissar Filippo Qrandinin sözlərinə görə, dənizdə batan insanların sayının artmasının əsas səbəbi axtarış-xilasetmə işlərinin azalmasıdır. “Bu insanların xilası siyasi yox, vicdan məsələsidir” deyən təşkilat rəsmisi əlavə edib ki, bir sıra Avropa ölkələrinin miqrasiya ilə əlaqədar siyasi kursunun dəyişməsi faciələrin artmasına gətirib çıxarır. “Liviya ilə İtaliya arasında qaçqın dəhlizində hər 14 miqrantdan biri həyatını itirib. Onların bir hissəsi qadın və uşaqlardır. Son aylarda insan qaçaqmalçıları marşrutu dəyişiblər. Belə ki, indi onların son dayanacaq məntəqəsi İspaniya limanlarıdır. Ötən ilin ikinci yarısında 54800 nəfər Liviyadan İspaniyaya göndərilib.

Ali komissar Filippo Qrandi Avropa ölkələrini silahlı münaqişələrdən, aclıq və səfalətdən qaçan insanların xilası və yerləşdirilməsi üçün ümumi regional strategiya işləyib hazırlamağa çağırıb.(AZƏRTAC)

© AzNews.az