“Muğam müsabiqəsinə qatılmaq üçün Təbrizdən də müraciətlər var” - Mənsum İbrahimov

31 Yanvar 2019 13:06 (UTC+04:00)

VII Televiziya Muğam Müsabiqəsinin seçim turu Qarabağ bölgəsindən başlayıb.

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, tanınmış xanandə Mənsum İbrahimov deyib. Onun sözlərinə görə, Qarabağ bölgəsi üzrə müsabiqəyə 70-ə yaxın iştirakçı qatılıb:

“Bu bölgə üzrə seçim turu Bərdə rayonunda keçirildi. Müsabiqəyə 6 rayondan 70-ə yaxın iştirakçı qatılmışdı. Hətta bu seçim turunda 9 yaşlı bir iştirakçı da qatıldı. Biz onu dinlədik. Muğamları tam bilməsə də, yaxşı səsi var. Gələcəkdə yaxşı xanəndə ola bilər. Uşaqlar ona baxıb, bir az da həvəsləndilər. Bu gün müsabiqəyə gələnlər arasında 8-10 yaş arasında uşaqlar üstünlük təşkil edir. Bu, muğama olan diqqətdən irəli gəir. İştirakçılari bir-bir dinləyirik. Layiqli uşaqlar seçilməli və cəmiyyətə təqdim edilməlidir. Mən bu layihəyə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Sağ olsun ki, Azərbaycan muğamı üçün belə bir şərait yaradıb. Bu layihə gənclərə dəstəkdir”.

Mənsum İbrahimov qeyd edib ki, müsabiqə ilə bağlı Təbriz şəhərindən də müraciətlər daxil olub: “Bu layihədə 2 nəfər iştirakçı olacaq. Münsiflər heyəti seçim turu ilə əlaqədar bu gün Gəncədə, sabah Şəkidə, fevralın 2-də isə İsmayıllı rayonlarında olacağıq. Ondan sonra isə seçim turunu Bakı şəhərində davam etdirəcəyik”.

Mənsum İbrahimov müsabiqənin münsiflər heyətində dəyişiklik olduğunu vurğulayıb: “Xalq artisti Mələkxanım Əyyubova və professor İlham Rəhimli də heyətə qatılıb”.

Bahar RÜSTƏMLİ
AzNews.az