Tanınmış alim, iş adamı və xeyriyyəçi Toğrul Bağırov vəfat edib

31 Yanvar 2019 14:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Moskva Beynəlxalq Neft Klubunun prezidenti, Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri üzrə baş eksperti, Toğrul Bağırov 64 yaşında Moskvada vəfat edib.

Siyasi elmlər doktoru, professor Bağırov Toğrul Adil oğlu 1954-cü il mayın 6-da Bakıda anadan olub.

1976-cı ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. 1976-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dakı səfirliyində, SSRİ-nin BMT Avropa bölməsi (Cenevrə) nəzdindəki nümayəndəliyində işləyib.

1991-1992-ci illərdə Rusiya xarici siyasət fondunda Rusiya özəl biznesinə dəstək intellektual mərkəzinin proqramları üzrə vitse-prezident vəzifəsində çalışıb.

1994-cü ildən Rusiya Federasiyasının yanacaq və energetika nazirinin xüsusi müşaviri, bir sıra nəhəng neft-qaz kompaniyalarının (“Qazprom”, “LUKoyl”, “Transneft”, “Zarubejneft”, “Tatneft”) məsləhətçisi, ixtisaslaşmış beynəlxalq qeyri-hökumət təşkilatları olan Rusiya-Amerika, 1996-cı ildən Moskva beynəlxalq neft-qaz klubunun icraçı vitse-prezidenti olub.

1996-cı ildən Rusiya Federasiyası hökumətinin nəzdində neft-qaz sahəsində beynəlxalq layihələr üzrə ictimai konsultativ mərkəzin rəhbəri, Rusiya Federasiyası hökuməti sədrinin ştatdankənar məsləhətçisi olub.

T.Bağırov 1997-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib. O, “Moskva neft klubu” fondunun icraçı vitse-prezidenti, Davos və Zaltsburq

Ümumdünya İqtisadi Forumunun, Rusiya-OPEC dialoqunun iştirakçısı, 1998-ci

ildən Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvü idi.

2000-ci ildə T.Bağırov ARİŞ-in Rusiya analoqu olan Rusiya-Amerika işgüzar əməkdaşlıq şurasının Qəyyumluq Şurası sədrinin müavini seçilmişdi.

O, “İncəsənət aləmi” beynəlxalq humanitar təşkilatının, Sankt-Peterburqun Mariinsk opera və balet teatrının müşahidə şuralarının üzvü, Rusiya Beynəlxalq Nobellər irsi fondunun təsisçisi olub.

T.Bağırov elmi fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik missiyası ilə də tanınırdı.

2003-cü ildə T.Bağırov, Nobel qardaşlarının varislərini birləşdirən Nobel Ailələri Cəmiyyət ilə birgə Bakı Nobel İrsi Fondu (BNİF) yaradıb. Stokholmda Nobel Fondunda qeydiyyatdan keçmiş BNİF maarifçiliklə məşğuldur, texnologiya innovasiyaları, elm, mədəniyyət və təhsil sahəsində Nobel layihələri reallaşdırır.

Nobel qardaşlarının tarixi irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə Toğrul Bağırov İsveç Krallığı tərəfindən "Royal Polar Star" (Qütb ulduzu) ordeni ilə təltif olunub.

Fransa Prezidenti Fransua Ollandın Moskvaya rəsmi səfəri zamanı isə Fransa səfirinin iqamətgahında Toğrul Bağırovun "Fəxri legion" ordeni ilə təltif olunması mərasimi keçirilib. O, bu mükafata Rusiya-Fransa enerji əməkdaşlığının inkişafında göstərdiyi fəal köməyə görə layiq görülüb.

“Mənim üçün ən önəmli olan mənim Vətənim, köklərim və ailəmdir” deyən T.Bağırov doğulduğu Azərbaycanla daim sıx bağlı olub, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı, Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində daim çalışıb.

Allah rəhmət eləsin.

AzNews.az