“Mədəniyyət.AZ” jurnalının növbəti nömrəsi çapdan çıxıb

31 Yanvar 2019 14:50 (UTC+04:00)

“Mədəniyyət.AZ” jurnalının bu nömrəsi ölkəmizin və xalqımızın taleyində mühüm rol oynayan bir sıra əlamətdar hadisələrə - məqalə, müsahibə, fotoreportajlar həsr olunub.

AzNews.az-ın məlumatına görə, “Mədəniyyət.AZ” jurnalının Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə xüsusi buraxılışı və Xatirə Kitabı Redaksiyasının Qarabağ savaşında itkin düşən, eləcə də ermənilər tərəfindən əsir, girov götürülmüş soydaşlarımız barədə məlumat da jurnalda yer alır.

“Vətən uzaqda deyil!..” qeydlərində Cümhuriyyət qurucularından Ceyhun Hacıbəylinin Fransada yaşayan gəlini və nəvəsinin Vətənə gəlişi, ümumiyyətlə Diasporla İş üzrə Dövlət Komitəsinin son aylar intensivləşən fəaliyyətindən bəhs edilir.

Qazax Müəllimlər Seminariyasının yüz yaşı ilə əlaqədar Prezident Sərəncamına uyğun, təhsil ocağının ölkəmizdə necə yarandığı barədə isə yazıçı Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” araşdırmasından öyrənirik.

Bu nömrədə VI Bakı Beynəlxalq Forumunun məqsədi, məramı açıqlanıb, yekunları şərh edilib, Prezident İlham Əliyevin tədbirdəki çıxışı və tövsiyələri öz əksini tapıb, qonaqlarla müsahibələr verilib.

“Ədəbiyyat” bölümündə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı Cahangir Səlimxanovun “Simadan Asimana...”məqaləsi yer alıb. Dahi yazıçımız İsa Muğannanın həyat və yaradıcılığına qızı Sevinc Muğanna ilə söhbət kontekstində nəzər salınır.

Tanınmış sənətşünas, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin “Peşəkarlıq - bu, muğam ifaçılığının əsas şərtidir” məqaləsində muğam dünyasına səyahətlə ifaçılığın uğur və problemlərindən söhbət açılır.

“Teatr” rubrikası V Bakı Beynəlxalq Teatr Festivalından reportaj, paytaxtımıza təşrif buyurmuş məşhur sənətçilərlə müsahibələr, bu sahənin nüansları ilə zəngindir. Məqalələrdə XXI əsr dünya teatr prosesi və fəlsəfəsinin mövcudluq konsepsiyası açıqlanır...

Jurnalın bu nömrəsinin oxunaqlılığını artıran məqamlardan daha biri dünya şöhrətli Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi münasibətilə həyat və yaradıcılığı, eləcə də Vətəndə keçirilən sərgisi haqqında materialdır.

UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmiş “Yallı” (Köçəri, Tənzərə) rəqslərinin keçib gəldiyi tarixi yola isə “Rəqslər milli sərvətimizdir” tədqiqatı ilə işıq tutulur.

“Mədəniyyət.AZ” jurnalı həmişəki kimi öz səhifələrində dəyərli elmi axtarışlarla məşğul olan tanınmış alimlərə və elm yoluna yeni qədəm qoyan gənc tədqiqatçılara da geniş yer ayırıb.

AzNews.az