Dövlət İmtahan Mərkəzi ALTE-yə tərəfdaş seçilib

31 Yanvar 2019 16:43 (UTC+04:00)

2019-cu ilin yanvarında Dövlət İmtahan Mərkəzi (DİM) Avropa Dil Qiymətləndirmə Assosiasiyasının (ALTE) institusional tərəfdaşı seçilib. Qeyd edək ki, DİM Azərbaycandan Assosiasiyaya seçilən ilk qurumdur.

AzNews.az məlumat üçün xəbər verir ki, ALTE Avropa və digər ölkələrdə linqvistik qabiliyyətin şəffaf və dəqiq qiymətləndirilməsini birgə təşviq etmək məqsədilə dil üzrə imtahanları keçirən qurumların birliyidir.

ALTE dilin qiymətləndirilməsinin müxtəlif istiqamətləri üzrə peşəkar inkişaf kursları və illik konfranslar təşkil edir, həmçinin Avropa dil imtahanlarının yüksək keyfiyyətli auditi xidmətini (“The ALTE Q-mark”) həyata keçirir.

ALTE 1989-cu ildə Kembric və Salamanka Universitetləri (Cambridge Universiteti and Universidad de Salamanca) tərəfindən təsis edilib. Bu gün ALTE-nin 25 Avropa dilini təmsil edən 34 tam üzvü, eləcə də bütün dünyada 58 institusional tərəfdaşı və 500-dən çox fərdi tərəfdaşı var. ALTE qeyri-kommersiya təşkilatıdır və Avropa Şurasında qeyri-hökümət təşkilatı kimi iştirakçı statusu var.

ALTE 2001-ci ildən etibarən hər 3 ildən bir dil biliklərinin qiymətləndirilməsi ilə əlaqədar müxtəlif mövzularda beynəlxalq konfranslar təşkil edir. Assosiasiya yarandığı ildən etibarən isə ildə iki dəfə olmaqla mütəmadi görüşlər və konfranslar həyata keçirir.

DİM üçün ALTE ilə əməkdaşlığın əsas məqsədi xarici dillərin qiymətləndirilməsi üzrə təcrübə mübadiləsinə qoşulmaq, qiymətləndirmə alətlərinin yaradılmasında qərəzsiz və dəqiqliyi qorumaqla imtahanların keyfiyyətini artırmaqdır. Bu məqsədlə ALTE tərəfindən təşkil olunan peşə inkişafı üzrə kurs və illik konfranslarda iştirak, ən əsası isə audit xidmətindən yararlanmaq əsas prioritetlər hesab olunur.

Səidə Nurməmmədli
AzNews.az