Rəsulzadə irsi yetərincə araşdırılıbmı? -SORĞU

2 Fevral 2019 12:33 (UTC+04:00)

“Açıq Söz” qəzeti Azərbaycanda açıq sözçülük nəslinin yaranmasına səbəb olub.

Bunları AzNews.az-a Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti, fəlsəfə elmləri doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı deyib.

“Bu gün Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Rəsulzadə Azərbaycanda istiqlal savaşının öndərlərindən biri, tanınmış, görkəmli jurnalist, publisist olub. 1903-cü ildə ilk dəfə Şərqi-Rus qəzeti ilə mətbuat aləminə gələn Rəsulzadə 1920-ci ilin ortalarına qədər Azərbaycanda əksər dövrü mətbuatda çalışıb. Bəzilərində redaktor da olub. Siyasi fəaliyyətinə çox gənc yaşlarından başlayıb. 1902-ci ildə ilk siyasi “Müsəlman Gənclik Təşkilatı”nı yaradıb. 1904-cü ildə Müsəlman Sosial-Demokratik təşkilatı olan “Hümmət”in əsasını qoyanlardan biri olub. “Təkamül”, “Tərəqqi”, “İrşad” qəzetlərində bir müddət redaktor olub. “Yoldaş”, “Hümmət” qəzetlərində yaxından iştirak edib. 1911-ci ildə “Müsavat” partiyasını yaradıb. 1915-ci ildə də bu partiyanın ideyalarını təbliğ edən “Açıq Söz” qəzetini yaradıb. “Açıq Söz” qəzeti Azərbaycanda açıq sözçülük nəslinin yaranmasına səbəb olub. Dövrünün tanınmış yazarlarını həmin qəzetin ətrafına yığıb. Aprel işğalından sonra o, Azərbaycanda qalıb yazıb-yarada bilməzdi. Buna görə də Stalinin köməyi ilə Moskvaya gedir. 1 ildən çox orada şərq şöbəsində çalışır. Bundan sonra isə xaricə mühacirət edir və 1955-ci ilin mart ayında dünyasını dəyişir. Son vaxtlarına qədər onun mühacir fəaliyyəti çox qızğın, məhsuldar keçir. Bolşeviklərin hakimiyyəti silah gücünə zəbt etməsini bütün dünyaya bəyan edən məqalələr yazır, əsərlər çap etdirir. Ən əsası odur ki, dünyaya səpələnmiş bütün mühacirlərin təşkilatlanmasına, yenidən mübarizə aparmasına şərait yaradır”.

Əməkdar jurnalist Rəsulzadənin irsi ilə bağlı xaricdəki arxivlərdə, muzeylərdə tədqiqat işlərinin aparılmalı olduğunu vurğulayıb:

“Rəsulzadənin irsi bizim 1991-ci ildəki müstəqilliyimizi yenidən bərpa etdi. Bu günə kimi dəfələrlə dövlət səviyyəsində sərəncamlar verilib, irsi tətbiq edilir. Sırf tədqiqatçılar tərəfindən onun ədəbi-bədii irsi, ictimai-siyasi fəaliyyəti araşdırılır. Bayaq da qeyd etdiyim kimi o, təkcə siyasi xadim olmayıb, həm də jurnalist, publisist, tədqiqatçı alim olub. Nizami haqqında gözəl əsəri, Azərbaycan mətbuatşünaslığı ilə bağlı sanballı məqalələri var. Müxtəlif aspektlərdən onun irsi tədqiqata cəlb edilib. Amma bununla bağlı ədəbi-bədii, siyasi fəaliyyətinin çox zəngin hissəsi xaricdədir. Oranın arxivlərində, muzeylərində tədqiqat işləri aparılmalıdır. Daha geniş tədqiqata cəlb edilməlidir”.

Məmməd Əmin Rəsulzadə haqqında fikirləri öyrənmək üçün sosial şəbəkə istifadəçiləri arasında da sorğu keçirdik:

Qasım Süleymanov: Rəsulzadənin adını yaşatmaq üçün düşünürəm ki, ona aid məlumatlarla dolu muzeyi olsa, gözəl olar.Gələcək nəsillərə də bu cür dəyərli şəxsiyyəti tanıtmaq üçün onun ev müzəyindən istifadə edə bilərlər.

Cəlil Cavanşir: Rəsulzadə bu ölkənin vicdanıdır. Onun Azərbaycan üçün göstərdiyi xidmətləri sadalamaqla bitməz. Ailəsini, bütün istiqbalını qurban verdiyi xalq gərək onu unutmasın. Rəsulzadə üçün yox, milli qürurumuz üçün müəyyən işlər görməliyik. Dövlət bu sahədə ciddi addımlar atmalıdır.

Əziz Əlibəyli: Rəsulzadə dəyərdir. O məhfumun adında Azərbaycan boyda bir məna var. Yüz illər davam edən rus işğalından sonra yaranan müstəqil dövlətimizin adı o mənadadır. Səmamızda dalğalanan, azadlıq rəmzinin nişanəsi olan üçrəngli bayrağımız da o mənadan doğub. Bu gün dünya dövlətlərinin siyahısında yer alırıqsa, pasport daşıyırıqsa, ilk təşəkkkür borcu olan babalarımızdan biridir Rəsulzadə. Şərqin xuratafında boğulan ölkəni gün işığına çıxaran, qadınlara seçim hüququ tanıyan, demokratiyanı quran dövlətin lideridir. Dünya siyasi ədəbiyyatında çox az bu cür insan tapılar ki, bütün həyat mübarizəsini, amalını müstəqil dövlətin yaranması üçün fəda etsin. Böyük kişidir, cahanşümul adamdır. Xatirəsini sayğıyla anmağa davam edəcəyik.

Tərlan Şıxlı: Rəsulzadə həm şəxsiyyət kimi, həm də ictimai-siyasi xadim kimi dünya müstəvisində örnək sayıla biləcək çox böyük şəxsiyyətlərdəndir. Rəsulzadənin həyat və fəaliyyətini araşdırdıqca ortaya bənzərsiz bir insan çıxmış olur. Bütün ömrünü ölkəsinə, xalqının tərəqqisinə həsr edib. Hətta bu yolda ən ailəsini, doğmalarını itirib. Ölkəsinin müstəqilliyi uğrunda hər vasitə ilə savaşıb, cümhuriyyət ideyaları naminə gördüyü işləri saymaqla bitməz. Bu gün bizim ölkəmiz yaxın və orta şərqin digər müsəlman ölkələrindən dünyəvi bir dövlət olması ilə fərqlənir. Biz Rəsulzadəyə həm də bu əvəzsiz xidmətinə görə minnətdar olmalıyıq. Şərqdə ilk dəfə qadına seçki hüququnun verilməsi onun necə liberal bir insan olduğuna bir nümunədir. Rəsulzadə geniş araşdırılmalı, onun ideyaları cəmiyyətimizə daha dəqiq çatdırılmalıdır. Bunun üçün biz onun irsini bacardığımız qədər, əlimizdə olan imkanlar daxilində yayıb, yaşatmalıyıq. Ən azından onun kitablarının geniş kütlələr tərəfindən oxunmasına, gənclər tərəfindən müzakirələrin təşkil olunmasına nail ola bilərik.

Pərvanə Ağazadə

AzNews.az