Əli Kərimli, hanı o "on minlər?"

31 Yanvar 2019 17:52 (UTC+04:00)

Yanvarın 19-da “Məhsul” stadionunda uzun illərdən bəri iki minlik baryeri aşaraq 2800 adam toplayan radikal müxalifət növbəti addımı ilə potensialının son dərəcə biabırçı vəziyyətdə olduğunu cəmiyyətə nümayiş etdirdi. 10 gündən artıqdır sosial şəbəkələr və başqa vasitələrlə Məhəmməd Əmin Rəsulzadənin ildönümünü “möhtəşəm aksiyaya” çevirəcəklərini bəyan edən “milli şura” adlı qurum, Müsavat, AXCP və digər partiyalar onun abidəsinin yanına cəmi 200-300 adam yığa biliblər”.

Bunu AzNews.az-a “Səs” media Qrupunun rəhbəri, siyasi şərhçi Bəhruz Quliyev dedi.

Onun sözlərinə görə, bu adamlar sözdə, internetdə, virtual aləmdə özlərini lider, qəhrəman kimi aparırlar. Guya ki, onların böyük elektoratı, sosial bazaları var və bu baza ilə hər şeyə nail ola bilərlər:

“Belə bir mühit formalaşdırmağa çalışırlar. Amma nəticəyə gələndə görürük ki, yenə köhnə hamam, köhnə tas… Yenə də 1990-cı illərin nimdaşlaşmış müxalifəti görürük, təsir gücü olmayan fikirləri eşidirik. Yəni baxırsan ki, bu şəxslərdə faktiki heç bir inkişaf getmir. Muxalifət iddia edirdi ki, 19 yanvar mitinqinə on minlərlə adam çıxarıblar. Amma nəticə etibarı ilə heç 2000 adam çıxara bilmədilər. Bu o deməkdir ki, onların yalanlarının dərəcəsi yoxdur. Yaxşı, əgər meydana on minlərlə adam çıxarmısızsa, Məhəmməd Əmin Rəsulzadəni özünüzə lider hesab edirsinizsə, buyurun onun abidəsi önünə o qədər də adam çıxarın. Qarşınızı alanmı var?”.

B.Quliyev, həmçinin, vurğuladı ki, baxmayaraq, M.Ə.Rəsulzadə o dövrkü Müsavatın rəhbəri olub, amma o Müsavatın, bu günkü Müsavatla heç bir bağlılığı, tarixi əlaqəsi yoxdur:

“Rəsulzadə bunların lideri deyil. Bəli, o, tarixi şəxsiyyət olub, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında xidməti olan şəxslərdəndir. Bu, heç də indiki müxalifətin lideri olmaq anlamına gəlmir. Amma bugünkü müxalifət buna iddialıdırsa, buyursunlar. Sosial şəbəkələrdə iddia etdikləri elektoratı öz liderlərinin abidəsi qarşısına toplasınlar. Neçə günlərdir sosial şəbəkələr və digər vasitələrlə çağırışlar etmələrinə baxmayaraq, Rəsulzadənin abidəsi önünə 200 nəfər güclə yığdılar.

Demək istədiyim odur ki, 90-cı illərin əvvəlindəki mitinq eyforiyası hələ də bunların xislətindədir. Ona görə də danışıqları ilə əməlləri arasında çox ciddi fərqlər, aşırımlar var. Həmçinin, bu rəzillik Əli Kərimli və onun tərəfdarlarının hakimiyyətin son tədbirlərini (struktur islahatları nəticəsində fəaliyyətinə xitam verilmiş orqanların əməkdaşlarının işlə təmin olunması barədə dövlət başçısının və birinci vitse-prezidentin tapşırıqları, şəhid ailələri ilə görüş, bununla bağlı verilmiş sərəncamlar və s.) 19 yanvar mitinqinin effekti ilə izah etmək cəhdinin sabun köpüyündən başqa bir şey olmadığını göstərir”.

Qeyd edək ki, jurnalistlərin müşahidəsinə əsasən, AXCP sədri Əli Kərimli və “milli şura” rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəliblər. Bir o qədər də Müsavat partiyasının fəalları olub. AXP sədri Pənah Hüseyn isə abidənin önünə 3 nəfərlə gəlib. Yerdə qalan “möhtəşəm partiya” sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar. Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir.

AzNews.az