Rusiyalı vokal müəllimi Azərbaycana gəlir

1 Fevral 2019 10:11 (UTC+04:00)

Rusiyanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Moskva Dövlət Konservatoriyası vokal kafedrasının professoru Larisa Rudakova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən Bakıya dəvət olunub.

AzNews.az-ın məlumatına görə, o, fevralın 5-dən 15-dək teatrın solistlərinə ustad dərsləri keçəcək.

L.Rudakova Sverdlovsk (indiki Yekaterinburq) şəhərində anadan olub. 1992-ci ildə Moskva Dövlət Konservatoriyasının vokal sinfini bitirib (müəllimi - Xalq artisti, professor İ.İ.Maslennikova). Elə həmin il Rusiya Akademik Böyük Teatrının vokal truppasına qəbul edilib və bu teatrın səhnəsində lirik-koloratur səs tembri üçün nəzərdə tutulmuş partiyaları böyük ustalıqla ifa edib.

Bir çox mötəbər vokal müsabiqələrinin (Vokalçıların Rimski-Korsakov adına beynəlxlaq müsabiqəsinin I mükafatı (1994); Vokalçıların Fransiska Vinyas adına 32-ci beynəlxalq müsabiqəsinin Qran-pri mükafatı laureatı (Barselona, 1994) qalibi olu. 1995-ci ildə BBC telekompaniyası dünyanın beş ən yaxşı gənc opera müğənniləri sırasına onun da adını daxil edib.

L.Rudakova Nyu-York Metropoliten operası, habelə Avropanın ən mötəbər opera teatrlarının - Hamburq, Florensiya, Zalsburq, Belçika, Fransa, İtaliya və b. səhnələrində çıxış edib, bir çox görkəmli dirijor və orkestrlərə çalışıb.

Müxtəlif dövrlərdə o N.Qedda, V.Kazarova, P.Dominqo, F.Arayza, L.Nuççi, Y.Nesterenko, Y.Obraztsova, T.Sinyavskaya kimi dünya şöhrətli vokalçılarla birlikdə çıxış edib.

L.Rudakova teatr tamaşalarında çıxış etməklə yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olur. O həm də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını professoru olub, pedaqoq kimi çalışır. Rudakovanın tələbələri bir sıra beynəlxlaq müsabiqələrin laureatıdır. Onlar Moskva və Avropanın müxtəlif opera teatrlarının solistləridir.

Azews.az