Son dəqiqə: Misirdə qarşıdurma: 48 yaralı
19 Aprel 2013 21:04 (UTC+04:00)
Misirin paytaxtı Qahirənin iki ayrı bölgəsində hökumət qüvvələri ilə müxaliflər arasında qarşıdurma baş verib. Qarşıdurmalarda 48 nəfərin yaralandığı bildirilir.
Qahirədə "Darul Kada" Ali Məhkəmə binasının qarşısında, Müsəlman Qardaşlar Təşkilatının (İhvan) rəhbərliyi ilə təşkil edilən nümayişdə bəzi siyasi partiya və qruplar da iştirak edib. Nümayiş zamanı tərəflər arasında gərginlik yaşanıb.
Bəzi qrupun üzvləri məhkəmə qarşısındakı nümayişçilərə hücum edərkən, digərləri isə İhvan üzvlərinə məxsus olan avtobusu yandırıblar.
Qarşıdurmalara görə əraziyə çoxlu sayda polis cəlb edilib. Qeyd edək ki, Misirin təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə ediblər.
Qahirədəki digər qarşıdurma isə misirli müxaliflərin bir yerə toplaşdığı Təhrir Meydanı yaxınlığındakı Abdulmunim Riyad Prospekti ilə 6 Ekim körpüsündə baş verib. Təhlükəsizlik güclərinin işçiləri burada olan nümayişçilərə də göz yaşardıcı qazla müdaxilə ediblər. Polislərin bu hərəkətinə nümayişçilər onlara daş ataraq cavab veriblər.
Hər iki ərazidə hazırda sakitlik təmin olunmayıb, qarşıdurmalar davam edir.
Aksiyada indiyə qədər 48 nəfər yaralanıb. Yaralılardan 10-na ilk tibbi yardım göstərilib, digərləri xəstəxanalara yerləşdirilib.
Məlumat üçün deyək ki, müxalifət korrupsiyaya bulaşmış məmurların mühakimə olunmasını, o cümlədən keçmiş prezident Hüsnü Mübarək hakimiyyətinə qarşı nümayişlərdə iştirak edənlərin qətlində əli olanların cəzalandırılmasını tələb edir.
Xəyalə
AzNews.az