Sosial şəbəkələri şər, böhtan silahına çevirənlərin qarşısına çıxmaq gərəkdir

1 Fevral 2019 17:40 (UTC+04:00)

Sosial şəbəkələrdə baş alıb gedən və əksər hallarda anonim adlar altında aparılan söyüş, təhqir kampaniyası ayrı-ayrı məqamlarda cəmiyyətin müəyyən təbəqələri tərəfindən etirazla qarşılanıb. Buna son verilməsi üçün çağırışlar da edilib. Amma bütün bunlar sosial şəbəkələrdəki vəziyyəti dəyişmək üçün yetərli olmayıb.

Bu səbəbdəndir ki, məsələ artıq Milli Məclis səviyyəsində müazakirələrə yol açıb. Çıxış yolu kimi sosial şəbəkələrin qanunla tənzimlənməsi məsələsi də gündəmə gətirilib. Açıq tekstlə vurğulayanlar da var ki, sosial şəbəkələr ümumiyyətlə, bağlansın.

Reallıq odur ki, sosial şəbəkələr bütün dünyada insan həyatının ayrılmaz hissəsinə çevrilib. Siyasi mübarizədə sosial şəbəkələr qəzetləri, onlayn medianı çoxdan üstələyib.

Bu da var ki, sosial şəbəkələr vasitəsilə ayrı-ayrı ölkələrin içərisinə qarışıqlıq toxumu səpmək, inqilablar həyata keçirmək mümkünləşib. İdeoloji silaha çevrilən sosial şəbəkələr əksər hallarda təmiz demokratiyadan çox, “şər” demokratiyasına xidmət edib və etməkdədir. Sosial şəbəkələr dünyagörüşü, biliyi kasad, cahil gəncliyi yönəltmək üçün əvəzolunmaz vasitə kimi özünü doğruldub. Təəssüf ki...

Sirr deyil ki, internet tribunasındakı gəncliyin əksəriyyəti iqtisadi, siyasi inkişaf istəyən yetkin, savadlı gənclik deyil; belə bir toplumu yönləndirmək, ixtişaşlarda iştiraka çəlb etmək üçün sosial şəbəkələrdən yaxşı mühit tapmaq olmaz. Qarışıqlıq, cəmiyyətin əxlaqını dəyişmək arzusunda olanlara da, məhz bu lazımdır. Və sair...

Göründüyü kimi, sosial şəbəkələrin zərərli tərəfləri barədə saatlarla danışmaq olar.

Bununla belə, bu gün dünyanın əsas informasiya mərkəzi olan sosial şəbəkələrin faydalı tərəfləri də çoxdir və onları da sadalayıb qurtarmaq olmaz.

Gəlin, qısaca olaraq sosial şəbəkələrsiz Azərbaycanın nələrlə qarşılaşa biləcəyinə diqqət edək.

İlk növbədə bu, müasir dünyadan təcrid olunmaq deməkdir və ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasına əngəl törədə bilər. Azərbaycanı istəməyən qüvvələr bunu ölkəmizə qarşı yeni ləkələmə kampaniyasına çevirmək fürsəti əldə etmiş olar, ölkənin demokratik imicinə zərbə dəyər.

Aparıcı mövqe qazanan sosial mediada Azərbaycanla bağlı həqiqətlər, xüsusilə Dağlıq Qarabağ kimi həll olunmamış problemimiz birtərəfli olaraq işğalıçı Ermənistan tərəfindən dünyaya çatdırılacaq.

Dünya liderlərinin bəşəriyyətə öz mesajlarını sosial media (tvitter, facebook) üzərindən bəyan etdikləri bir mənzərə var. Bu o deməkdir ki, hazırda öz fikirlərini, mövqeyini dünyaya çatdırımaq bu vasitələrlə daha əlverişlidir.

Beləliklə, sosial şəbəkələrdən imtina və ya onu hansısa formada məhdudlaşdırmaq çıxış yolu deyil. Bəs çıxış yolu kimi nə etmək olar?

Bu gün söyüş, təhqir kampaniyasına köklənən çevrə elə də böyük qüvvə deyil və onların kimliyi də bəllidir. Eyni zamanda, siyasi mübarizəni bu müstəvidə aparan müxalifət partiyaları da məlumdur. Hazırda bir qrupun hakimiyyətə qarşı sosial şəbəkələrdə apardığı mübarizəyə iqtidarı təmsil edən insanların cavabı yetərlidirmi? Vurğunu bura salmaq lazımdır və dəqiq bir cavab var: əlbəttə ki yox!

Müəyyən adamlardan başqa hamı “birdən məni də söyərlər, təhqir edərlər”- yolunu tutub. Hakim qüvvənin ətrafında böyük gənclər ordusu çəmləşib. Bəs, onların neçə faizi təhqir kampaniyasına cavab verir? Nəsə demək çətindir!

Və ya dövlət qurumlarında çalışanların böyük əksəriyyəti sosial şəbəkələrdədir. Ancaq onların heç biri bu məsələdə aktivlik göstərmir. Diqqət yalnız özünü reklam etməyə yönəlib.

Bir sıra hallarda ölkənin 1-ci şəxsi belə heç bir mentalitetə uyğun gəlməyən formada təhqir olunur, hamı qaçıb gizlənir. Hakim qüvvəni təmsil edən millət vəkillərinin bir neçəsini çıxmaq şərti ilə onlar da seyrçi mövqe tuturlar.

Reallıq bundan ibarətdir-Prezidentin köməkçisindən, bir qrup jurnalistdən və bir neçə millət vəkilindən başqa bu məsələdə aktivlik göstərən yoxdur.

Nəticə isə o olur ki, siyasi mübarizədə söyüş, təhqir kampaniyasına əl atanlar üstün mövqe tutmağa başlayır.

Çıxış yolu odur ki, hakimiyyətdə təmsil olunan insanlar sivil formada, ədəbsizlərlə müqayisədə tərbiyəli bir üslubda, hətta məntiqli, sərrast arqumentlərlə bu mübarizəyə daxil olsunlar. Yəni aktiv olmaq, haqsız iddialara, söyüşə, təhqirə yol verənlərə cavab vermək, hansı ki, burada virtual bir dialoq , polemika yaranır, seyrci, oxucu, dinləyici-adını nə qoyursaq, qoyaq, buradan kimin haqlı, kimin haqsız, kimin tərbiyəli, kimin tərbiyəsiz olduğuna qərar verə bilir, ictimai qınağa tuş gəlmək kimi bir nəticəyə varılır. Yoxsa ki, bir tərəf söyür, bir tərəf cavab verməkdə zəif qalır, bu artıq tərəzinin gözünün pozulmasıdır və söyənlərin ucbatından cevik informasiya, təmas üsulu olan sosial şəbəkələr gözdən düşür.

Kəsəsi, hər hansı məhdudlaşdırma, sosial şəbəkələri qapatmaq heç bir halda çıxış yolu ola bilməz. Hətta bir sıra inkişaf etmiş ölkələr belə zaman-zaman sosial şəbəkələrin məhdudlaşdırılmasını gündəmə gətirib, amma heç nəyə nail ola bilməyiblər.

Virtual müstəvidə təhqir yolunu tutanlara, söyüşdən utanmayanlara cəmiyyətin birlikdə mübarizə aparmasından başqa yol görünmür...

Elman Babayev