Azərbaycanın inkişafı gənclərin üzərinə də müəyyən vəzifələr qoyur - Aydın Səfixanlı

2 Fevral 2019 21:42 (UTC+04:00)

Bunu Trend-ə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, bu gün gənc nəsil müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir:

"Gənclərimiz səngərdə əllərində silah torpaqlarımızı müdafiə və işğaldan azad etmək uğrunda mübarizə aparır, dövlət idarəetməsində iştirak edir, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edirlər. İdmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlir, himnimiz səsləndirilir. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınır, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar verilir".

A.Səfixanlı qeyd edib ki, bütün bunlar Azərbaycan dövlətinin gənclərə olan dəstəyi nəticəsində daha da inkişaf edir və təkmilləşir.

Ombudsman Aparatının rəhbəri vurğulayıb ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını, hüquq və azadlıqlarını daha səmərəli təmin etmək məqsədilə Azərbaycan dövləti tərəfindən kompleks tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik bazası formalaşdırılıb, dövlət proqramları, strategiyalar qəbul olunub və uğurla icra olumaqdadır:

"Təbii ki, ölkəmizin inkişafı, onun beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması, dövlətini sevməsi və azərbaycançılıq ruhunda tərbiyə edilməsi olduqca vacib şərtlərdir. Eyni zamanda, yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsi də zəruridir. İnanıram ki, gənclərimiz bundan sonra da üzərinə düşən vəzifələri şərəflə yerinə yetirərək hər birimizin vətəni olan Azərbaycanımızın inkişafı yolunda çalışacaqlar".

AzNews.az