Azərbaycanlılar Lütfi Zadəni lazımınca tanıya biliblərmi? – SORĞU

4 Fevral 2019 14:55 (UTC+04:00)

Bu gün Lütfi Zadənin doğum günüdür. O, 1921-ci il fevralın 4-də Novxanıda dünyaya gəlib. Ömrünün ilk on ilini Bakıda keçirən Lütfi 1932-ci ildə ailəsi ilə birlikdə İrana köçməyə məcbur olur. Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsində təhsil alan Lütfinin həyatında 1944-ci ildə yeni köç baş verir. Bu dəfə o, Amerikaya üz tutur və ömrünün sonuna qədər də burada yaşayır. Amerikada özünün elmə sərf edən Lütfü Zadə “qeyi-səlis” məntiq nəzəriyyəsini yaradır. Onun nəzəriyyəsi müasir dünyada inqilab hesab edilir. Bir çox elmi-texnoloji nailiyyətlərinin kökündə onun yaratdığı “qeyri-səlis məntiq” nəzəriyyəsi dayanır. Lütfü Zadənin nəzəriyyəsi təkcə elmə deyil, fəlsəfə və mədəniyyət sahələrinə də təsirsiz ötüşməyib.

Bir çox xarici ölkə akademiyalarının üzvü olan Lütfi Zadə ömrünün qalanını Amerikada keçirsə də anadan olduğu doğma vətəni ilə heç vaxt əlaqələrini kəsmir. Uzun ayrılıqdan sonra ilk dəfə 1965-ci ildə Bakıya səfər edir. Sonuncu dəfə isə 2008-ci ildə, Azərbaycan dövlətinin dəvəti ilə vətənə gəlir.

Dünya şöhrətli alim, Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında vəfat etsə də hələ sağlığında Bakıda dəfn edilməyiin vəsiyyət etmişdi. Beləliklə, alimin cənazəsi Bakıya gətirilir və Fəxri Xiyabanda dəfn edilir.

AzNews.az “Azərbaycanlılar Lütfi Zadəni lazımınca tanıya biliblərmi?” sualı ətrafında bir sorğu hazırlayıb.

Cavabları təqdim edirik:

Təhsil eksperti Etibar Əliyev: “Azərbaycan Lütfi Zadəyə sadəcə burda doğulmuş şəxs kimi hörmət edir. Bizim ona münasibətimiz onun bizə olan münasibəti ilə adekvat olmalıdır.

Landau da bizim həmyerlimizdir. Həmyerli kimi mən Landauya daha çox önəm verirəm. Ciddi ensiklopediyalarda mən Lütfi Zadənin bioqrafiyasına və kəşflərinə rast gəlməmişəm. Əgər böyük kəşfləri olubsa, bu, Amerikanın adına bağlanılır. Aziz Sancar Bakıda qonaq olanda ondan soruşdum ki, Türkiyəyə qayıtmaq və işləmək niyyətiniz varmı? Sancarın düşündürücü cavabı oldu: “Mən elmi uğurlar qazandığım Amerikanın üzərimdəki haqqını necə unuda bilərəm?” Və Aziz Sancar türk-Amerika alimi kimi tanınır, Lütfi Zadə Amerika-Azərbaycan alimi oldumu?

Başqa bir nümunə deyim. Elektronu Tomson kəşf edib. Gündəlik ən çox işlənilən anlayışlardan biri elektrondur. Tomsonun adını kim çəkir? Elmin milləti yoxdur. Məncə Azərbaycan xalqı Lütfi Zadə bizə nə etmişdisə, onun 10 qat əvəzini qaytardı. Ruhu şad olsun”.

Xalq artisti Nurəddin Mehdixanlı: “Hesab edirəm ki, yox. Lazımınca tanınması üçün, layiq olduğu və haqq etdiyi şəkildə tanıdılması gərək! Dahilər, hər gün doğulmur.”

Yazıçı Şərif Ağayar: “Məncə, yox. Əslində, bu, hardasa mümkün də deyil, çünki Lütfi Zadənin məşğul olduğu istiqamət elmin içində xüsusi bir istiqamətdir. Bunu hər kəsin bilməsi real görünmür. Ancaq biz onun şəxsində dünya çaplı nəhəng, bəlkə də dahi bir alimimizin olduğunu dərk və qəbul etməliyik. Bəzən ona gurultulu vətənpərvərlik moizələri ilə yanaşırlar. Şair demiş, vətəni pafoslu cümlələrlə sevmirlər, o sevgini əməldə göstərirlər. Lütfi Zadə Azərbaycanın böyük oğludur. Ruhu şad olsun”.

Şair Aqşin Yenisey: “Bizə Lütfi Zadənin bioqrafiyası lazımdır. Lütfi Zadə və onun kimi elmə yeni ideyalar gətirmiş alimlərin yaradıcılığından biz istəsək də yararlana bilmərik. Elmi-təcrübi potensialımızın arxaikliyi buna imkan verməz. ABŞ-da "National Geographic" adlı bir kanal var, daha çox elmin populyarlaşması ilə məşğuldur. Bu kanalda müzakirə olunan mövzular bizdə heç Elmlər Akademiyasında müzakirə olunmur. Biz Lütfi Zadənin elmi yaradıcılığını anlayacaq və praktikada tətbiq edəcək səviyyədə elmi şüura malik deyilik, bizə onun adı, başdaşı, qəbri lazımdır. O da bunu bilirdi və məzarını öz xalqından əsirgəmədiyi üçün alimə qəni-qəni rəhmət düşür. Düzdü, Lütfi Zadənin Nobel mükafatı almış türk mənşəli ABŞ alimi Aziz Sancar kimi davranmaq, diri ikən öz adının yanında Azərbaycanın da adını çəkmək şansı vardı, amma bunu etmədi. O, Azərbaycan torpağında dəfn olunmasını vəsiyyət etməklə, bizə layiq olduğumuz qiyməti verdi. Çünki sağlığında bu alimi Bakıya dəvət edib, mühazirələrini təşkil edə bilərdik, etmədik. Kitablarını, elmi yazılarını, müsahibələrini tərcümə və nəşr edə bilərdik, etmədik. Biz Lütfi Zadənin ancaq halvasını çaldıq. Onun haqqında bu gün xoş sözlər danışanların əksəriyyəti qeyri-səmimi milli şüur daşıyıcılarıdır, gələcəyimiz haqqında aydın təsəvvürləri olmayan adamlar bu gün onun qəbrini Azərbaycanın rəmzi hesab edir. Bu, çox qorxulu və təhlükəli bir dəyərləndirmədir”.

AzNews.az