Nəsimini sovet vətəndaşına çevirənlər

5 Fevral 2019 11:14 (UTC+04:00)

“Nəsimi ili” elan olunması ilə bağlı şairin “Sığmazam” qəzəlindəki “iki” və “ikən” ifadələrinin müzakirəyə çıxarılması bəzi insanlarda “yersiz iş” təəssüratı yaratdı.

Qətiyyən belə deyildir!

Hərənin bir baxış bucağı var və o bucaq balacadırsa, nə Nəsimi günahkardır, nə də onun qəzəlindəki məlum mübahisəli məqamı müzakirə edənlər.

“Məndə sığar iki cahan...” sözləri ilə başlanan qəzəlin “Məndə sığar ikən cahan...” kimi oxunması və ya yazılması dəhşətli deqradasiyadan xəbər verir və az qala bütün milli faciələrimiz bu, ilk baxışdan bəsit görünən yanlışın içində gizlənibdir.

Söhbət nədən gedir?

Mümkün qədər qısa anladacam.

Axundov realizmi Füzuli estetikasına qarşı idi. Dünyadakı prosesdən xeyli geri qalsa da bizim məmləkət üçün böyük dəyər kəsb edən, cəmiyyətimizi ən azı yüz il qabağa atan maarifçi realizm çox çəkmədən sovet ideologiyasının ən güclü silahına çevrildi. Axundov məfkurə səviyyəsindən siyasi maraqlar səviyyəsinə endirildi, ondan dinə, dolayısı ilə mistik-irfani ədəbiyyata qarşı istifadə etməyə başladılar. Təsadüfi deyil ki, Nizami, Füzuli, Seyid Əzim kimi böyük söz ustadlarının alt yapısını kənara atıb yalnız zahirini öyrədirdilər. Yadımdadır, “Leyli və Məcnun” poemasını əsasən Şərq cəhalətinə və qadın hüquqsuzluğuna həsr edilmiş əsər kimi səciyyələndirirdilər. Ən böyük poemasında İsgəndəri cənnətdəki dirilik suyunun dalınca göndərən ulu Nizami daha çox “Kərpickəsən qoca”, “Qarı və Sultan Səncər”lə təbliğ olunurdu. Dini düşüncədə özünə yer almış sosial bərabərlik ideyasını yada salan “Bizdə bərabərdi hamının malı...” misrası ilə başlanın hissəni “utopik sosializmin ilk işartıları” kimi qələmə verirdilər.

Məqsəd sovet cəmiyyətinin daha ədalətli olmasına Nizamini, Füzulini, Seyid Əzimi şahid gətirmək idi.

Nəsimini də eləcə.

Sovet insanı ikinci cahana, yəni dindən gələn o biri dünyaya inana bilməzdi. Onun həyatda da, ədəbiyyatda da bütün işi-gücü bu dünyayla idi. Tanrısı Marks, peyğəmbəri Lenin idi. Xalq arasında dolaşan “Əşi, boş verin, cənnət də, cəhənnəm də bu dünyadadır” ifadəsini yəqin hamınız eşitmisiniz. Bax bu, sovet ideologiyasının on illər boyu aşıladığı qənaət idi.

Mən qəti şəkildə yazıçı tərəfsizliyinə xəyanət edib dindar mövqe nümayiş etdirmək fikrində deyiləm. Mənə qalsa, torpaqları acgöz bəylərdən alıb yoxsul kəndlilərə paylayan, fabrik və zavodları əli qabarlı fəhlələrə tapşıran cəmiyyət xeyli parlaq görünür. Çox zaman bu, zahiri parlaqlıq olsa da.

Məqsədim başqadır.

Biz Tanrı eşqiylə yazılmış böyük əsərləri uzun illər Tanrını kənara qoyub oxumuşuq. Ona görə, həmişə düşünmüşük ki, Nizami də, Füzuli də, Nəsimi də çox qəlizdir, onları başa düşmək olmaz.

Əlbəttə, əsl mahiyyətini çıxarıb kənara atsaq, nəinki Nəsimini, heç Səməd Səmədovun mahnı mətnlərini də başa düşməyəcəyik.

Gör iş nə yerə gəlib ki, sovet dövründə yazılmış sevgi melodramlarından birinə Füzulinin “Tutuşdu qəm oduna şad gördüyün könlüm / Müqəyyəd oldu ol azad gördüyün könlüm” beytini epiqraf veriblər. Halbuki bu misraların qadın-kişi münasibətlərinə zərrəcə dəxli yoxdur. Söhbət ruhun tanrı dərgahından – öz doğma məkanından ayrılıb ana bətnində cismə bağlanmasından və imtahan üçün əzablarla dolub-daşan dünyaya göndərilməsindən gedir.

Axundovun maarifçi realizmi siyasiləşəndən sonra biz ədəbiyyatın mistik və magik dünyalara çıxışını itirdik.

Ona görə, Borxesin “idarə olunan yuxu” adlandırdığı “Yeni dünya ədəbiyyatı” tendensiyasından geri qaldıq.

Ona görə, bizdə Kafkalar, Bulqakovlar, Markeslər, Rüşdilər yetişmədi.

Halbuki, nağıllarımz, dastanlarımız, klassik şeirimiz bu məziyyətlərdən xali deyildi.

Nəsiminin adına yazılan və ya yozulan “ikən” hissəciyi düşüncə savaşında uduzmağımızın, uduzdurulmağımızın şifrəsidir.

Şair Tanrının öz dili ilə ona həmd-səna qılır, hər iki cahan məndədir və təbii ki, mən sizin bu fani dünyanıza sığıb qala bilmərəm söyləyir.

Şair ona görə Tanrının öz dilindən danışır ki, hürufilik düşüncəsinə uyğun olaraq insanı Tanrının bir zərrəsi hesab edir, ona bu cür danışmaq icazəsi verir.

...Deyirəm, görəsən, ideoloji cəhətdən bu qədər yoxsul cəmiyyətdə İsa Hüseynov “Nəsimi” filminin ssenarisini və “Məhşər” romanını necə yazıb?

Dərhal da cavab verirəm: O zamankı hakimiyyətin köməyi ilə yazıçı Nəimini və Nəsimini öyrənmək üçün “KQB arxivinə” buraxılmışdı.

70 il hamıdan gizlədilən həqiqətlərdən yalnız o halı olmuşdu və şükür ki, bu fürsətdən istifadə edib 20-ci əsrin ən gözəl Azərbaycan romanını yazdı.

Şərif Ağayar