ABŞ Şimali Koreyaya qarşı sanksiyaları dayandırmasa...

6 Fevral 2019 12:17 (UTC+04:00)

Bu ay ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In növbəti dəfə görüşəcəklər. Liderlər arasında ilk görüş ötən il iyun ayının 12-də Sinqapurda baş tutub. Xatırlayırsınızsa, o ərəfədə iki dövlət arasında nüvə böhranı yaşanırdı. Daha dəqiq desək, hər iki dövlət başçısı bir-birini, eləcə də dünyanı ballistik raketlərlə hədələyirdi. Hətta bu yöndə həyata keçirilən bir neçə sınaq atışları qlobal səviyədə narahatlıq yaratmışdı. Lakin hər iki dövlət başçısının Sinqapur görüşündən sonra məsələ bir qədər sərinlədi və qarşılıqlı təhdidlər azaldı.

Bu iki liderinin növbəti dəfə görüşməsi xəbəri yenidən dünya gündəminə çıxıb. Bəs bu görüşdən gözləntilər nədir? Nə kimi problem və təhdidlərə qarşı yönəlib?

Bu istiqamətdə mövzunu politoloq Natiq Miri ilə davam etdirdik. O, sözügedən görüşün bütün hallarda əhəmiyyətli olduğunu bildirdi. Qeyd etdi ki, bu iki dövlət arasında olan gərginlik təkcə ABŞ və Şimali Koreyaya aid məsələ deyil. Çünki söhbət qitələrarası nüvə başlıqlı ballistik raketlərin istehsalının dayandırılmasından gedir:

“Bu təkcə Sakit okean hövzəsinə deyil, qlobal səviyyədə bir təhlükə, təhdid yaradır. Ona görə də Şimali Koreya liderinin ABŞ prezidenti ilə ilk görüşü bütün dünyanın diqqət mərkəzində idi. Bu məsələ təkcə Şimali Koreya və ABŞ arasında həll olunacaq bir məsələ deyil. Çünki Ş.Koreyanın ABŞ-a qarşı bu səviyyədə duruş nümayiş etdirməsi təkcə Koreyanın iqtisadi qüdrəti, hərbi gücü kontekstində baş veməyib. Bildiyiniz kimi, bu məsələdə Çin və Rusiya tərəfindən Koreyaya çox ciddi şəkildə dəstək verilib. Bu da təbii ki, dünya güclərinin geosiyasi maraqları çərçivəsində edilib. Yəni birbaşa ABŞ-la qarşı-qarşıya gəlmək istəməyən Çin və Rusiya sadəcə Ş.Koreyanı bu duruma gətirməklə ABŞ-dan istədikləri müəyyən şeyləri almaq üçün suni bir ortam yaratdılar”.

Politoloq vurğuladı ki, hər bir halda Donald Trampın Kim Çen İnlə görüşməsi müsbət haldır:

“Ən azından, əgər qitələrarası nüvə başlığı daşıya biləcək ballistik raketlərin istehsalı birmənalı olaraq təxirə salınarsa, bu yöndə konkret anlaşma və müqavilə imzalanarsa, dövlətlərarsı öhdəliklər götürülərsə, bu, daha təhlükəsiz dünya anlamına gəlmiş olar. Çünki getdikcə dünya daha təhlükəli olmağa başlayır. Rusiya ilə ABŞ arasında ortamənzilli raketlərin ləğv olunması ilə bağlı saziş demək olar ki, aradan qalxıb. Hər iki dövlət bəyan etdi ki, artıq bu müqavilədən çıxıblar. Bu da yeni bir soyuq müharibə mühitinin yaranması anlamına gəlir. Belə bir vəziyyətdə Şimali Koreya lideri Kimlə Tramp arasında növbəti görüşün olması dünya adına müsbət haldır”.

O ki qaldı konkret nəticələrə, N.Miri hesab edir ki, bunun üçün ABŞ iqtisadi yöndə Koreya qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əvvəla, Şimali Koreyaya tətbiq olunan iqtisadi-hərbi sanksiyalar aradan qaldırılmalıdır. Həmçinin, kredit yönündə Şimali Koreyaya yeni maliyyə yatırımları edilməlidir. Yalnız bundan sonra, müəyyən təhlükəsizlik zəmanəti veriləndən sonra Şimali Koreya ilə ABŞ arasında anlaşmanı əldə etmək mümkündür:

“Lakin Trampın bu məsələyə nə qədər hazır olduğunu bəri başdan demək çətindir. Doğrudur, dünən o, kongresin baş assambleyasının salonundakı çıxışında bu görüşlə bağlı müsbət təəssüratını bildirdi. Ancaq bu gün ABŞ-da bütün strukturlar arasında böyük fikir ayrılığı mövcuddur. Biz bu fikir ayrılığını ABŞ ordusunun Suriyadan çıxarılması məsələsində də hiss etdik. Yəni Trampın dedikləri bir yana, bunu reallaşdıracaq digər ABŞ strukturları, xüsusilə xarici İşlər Nazirliyi və Pentaqonun etdikləri tamamilə başqa yöndə olduğu üçün Trampın hətta müqavilə imzaladığı təqdirdə məsələnin yerinə-yetirilib-yetirilməyəcəyi bir qədər müəmmalı görünür. Lakin hər bir halda düşünürəm ki, prezidentin siyasi iradəsi ortada olarsa, bu görüş konkret siyasi nəticələrə bağlanar”.

Qeyd edək ki, Tramp və Kim Çen İnin görüşü fevralın 27-28-də Vyetnamda keçiriləcək.

Elgün
AzNews.az