Xarici turlar daxili turlarla rəqabətdədir - Müsahibə

6 Fevral 2019 14:41 (UTC+04:00)

AzNews.az-ın “30 Altı” layihəsinin budəfəki müsahibi, iş adamı Aqil Şükürovdur.

- Aqil bəy bir az işləriniz, şirkətiniz haqda danışmanızı istərdik.

- Bütün səyahət sevərləri salamlayıram. "Majesty Group" MMC şirkəti 2016-cı ildə təsis edilmişdir. İlkin olaraq əsasən aviabilet satışı və xarici turizm istiqamətində fəaliyyət göstərən şirkət daha sonra müştərilər üçün gəlmə (incoming) turizmini, ölkə daxili turları, transfer xidmətini, müalicəvi turları, sanatoriyalar, ekstrim turlar, dağ turizmi, məktəbli turlarını və daha sonra isə viza dəstəyi xidmətini öz öhdəsinə götürmüşdür. bundan başqa, Asiya, Avropa, Amerika, Afrika və Avtsraliya qitələrinin istənilən ölkəsinə münasib qiymətə aviabiletlər və turlar təşkil edilir.

- Turizm sektorunda uzun müddətdir çalışırsınız?

-Qeyd etmək, istərdim ki, şirkətimiz artıq 3-cü ilini sürətli inkişafla yaşamaqdadır. Turizm sektorunda ilk addımı atarkən yüksək keyfiyyətli xidmət və müştəri məmnuniyyəti prinsipini əsas götürmüşük. Qısa müddət olmasına baxmayaraq, şirkətimizin xidmətindən yararlanan müştərilərin bizə olan güvəni bizə, qürurla bu işi davam etdirməyimizə təkan verir.

- Bu sahədə iş quranlar, tur şirkətləri az deyil. Turistləri cəlb etməyin hansı yollarından istifadə edirsiniz?

- Əlbəttə, çox düzgün qeyd edirsiz ki, turizm şirkətləri az deyil. Son illər Azərbaycan turizm bazarında nəzərə çarpacaq dərəcədə turizm şirkətlərinin yaranması müşahidə olunur. Amma onu da qeyd edim ki, bir çoxları rəqabətə tab gətirə bilməyərək fəaliyyətini dayandırır və turizm sektoru ilə vidalaşmalı olur. Turistləri cəlb etmək yalnız turizm şirkətlərinin öhdəsinə düşə biləcək bir iş olmasa da, münasib qiymət və yüksək xidmət meyarları əsas götürülməlidir.

- Aqil bəy, həm daxili, həm də xarici turlar təşkil edirsiniz. Ən çox müraciət hansına olur ?

- Nəzərinizə çatdırım ki, daxili turlar üçün edilən müraciətlər hər rüb artmaqda davam edir. Ancaq unutmayaq ki, büdcəsinə uyğun hər kəsin xaricə səyahət edə biləcək imkanı olsun deyə çox aşağı qiymətlərlə daim yeni xarici turlar təşkil olunur. Bu səbəbdən xarici turlar, daxili turlarla rəqabətdədir.

- Müraciət edənlər arasında hansı yaş qrupu üstünlük təşkil edir?

- Hər bir turizm obyektinin özünə müvafiq müştəri auditoriyası mövcuddur. Məsələn, yay aylarına müraciət edən müştərilərin yaş qrupu adətən 22-44 yaşları əhatə edir.

- Bəs, 2018-ci ilin turizmini necə xarakterizə edərdiniz?

- Sualdan əvvəl onu qeyd edim ki, cənab prezidentimiz İlham Əliyevin iradəsi hesabına ildən-ilə gözəlləşən turizm obyektləri, regionların iqtisadi inkişafı və ölkəmizin daxili və xarici siyasəti 2018-ci ildə də öz nümunəvi nəticəsini vermiş oldu. Ölkəyə turist axını artan templə davam etdi.

Səidə Nurməmmədli
AzNews.az