Elə yazıçılar var ki, dünya şöhrətli olsalar da, böyük-böyük mükafatlar alsalar da, milyonların sevimlisi olsalar əsərlərini sevmirik, oxuya bilmirik. Qələm adamlarının tez-tez işlətdikləri ifadə ilə desək, “bizim yazıçımız” deyillər. Həmin bu “sevilməyən” yazıçılar arasında bəzən elələrinin adı çəkilir ki, heyrətlənməyə bilmirsən. Məsələn, bu dünyada Dostoyevskini, Tostoyu, Çexovu, Marksi bəyənməyən adamlar var... Bəs sizin necə, sevmədiyiniz böyük yazıçılar var? Varsa kimlərdir?
AzNews.a yazıçılar arasında keçirilən “Sevmədiyiniz böyük yazıçılar kimlərdir?” sorğusunu təqdim edir.
Aqşin Yenisey: “Sevmədiyiniz böyük yazıçılar” sualına elə cavab verməlisən ki, kənardan baxan səni cüvəllağı zənn etməsin. Çünki mənim artıq oxu siyahımdan çıxmış Dikkensin kitabının hər kəlməsinə vaxtilə 15 dollar ödəyən naşirlər vardı. Bu cür praktik əhəmiyyəti olmayan suallara vaxt ayırmasaq, daha doğru olardı, ancaq nə edək ki, bəzən "Böyük" kimi sırınan yazıçılarla da qarşılaşırıq. Həqiqi böyük yazıçıları topdan bəyənməmək, bir az, çırtqozluq əlamətidir. Böyük yazıçıların hansısa cəhətini, fikrini bəyənməmək olar, bunu da əsaslandırmalısan. Məsələn, oxuduqlarımdan gəldiyim qənaət budur ki, XIX əsr rus ədəbiyyatının böyük bir hissəsi çarın rəsmi siyasətinin bədii davamı idi və Tolstoy, Dostoyevski kimi böyük yazıçılar buna canla-başla xidmət edirdi. Yazıçı var ki, siyasi sistemə qarşı çıxır, Soljenitsın, Oruel və s. Yazıçı da var ki, sosial sistemi topa tutur, məsələn, Dikkens, Dostoyevski və s. Yazıçı da var ki, külli-aləmə etiraz edir, Kafka məsələn. Bizə bəyənməmək hünəri verən bu yazıçılara hansı mövqedən baxmaq azadlığımızdır. Mən I Nikolayın siyasi ambisiyalarını və Dikkensin "balaca adam"lara həsr olunan romanlarını oxuyandan sonra Dostoyevskinin böyüklüyünə heyranlığım bir balaca soldu. Ona görə ki, adam sosial sistemi ana mövzuya çevirməyi Dikkensdən öyrənib və bunu çarın siyasi sisteminin xeyrinə kullanmaq üçün ortodoks rusların göz yaşları dolu inancından bol-bol istifadə edib. Nəticədə ortaya dini ədəbiyyat çıxıb, Dostoyevskinin hansı əsərinə baxsan yazıçını peyğəmbərin (İsanın) arxasında gizlənmiş görəcəksən. Mən tutalım bunu bəyənməyə bilərəm. İkinci bir məsələ də var ki, bu gün xeyli həvəskarı naşirlər dünyaya "Böyük ədəbiyyat" kimi sırıyırlar. Məsələn, mən əsaslandıra bilərəm ki, bizim Əlisa Nicat Amin Maalofdan qat-qat böyük yazıçıdır. Yaxud, Həmid Herisçinin bədii imkanları Orxan Pamukun, Xalid Hüseynin yazıçı imkanlarından qat-qat zəngindir. Amma tələyə düşmüş Azərbaycan oxucusu nə Əlisa Nicatı tanıyır, nə Həmid Herisçini. 100 qram araq içən kimi öz zövqsüzlüyünü ya Orxan Pamukun şöhrəti ilə malalayır, ya Maalofun, ya da Xalid Hüseynin. İndi burda mən desəm ki, Sartr dərin filosofdur, Eko böyük intellektualdır, amma yazıçılıq onların işi deyil, öz oxucularımız məni lənətləyəcək. Çünki onlar başqa kitablarda oxumalı olduqları fakt və ideyaları Sartrın, Ekonun romanlarında oxuyurlar və elə bilirlər ki, sənət budur. Bəs sənətin ali missiyası olan estetikanı hardan alaq? Axı biz müşahidə edirik ki, haradakı estetika yoxdur, orada insan yabanıdır. Harada estetika yoxdur, orada insanların azadlıq təcrübəsi əldə etmək şansları da yoxdur. Sənət savadsızlığın yerini doldurmaq üçün deyil. Məndən bu qədər.”
Alpay Azər: “Borxes, - böyük yazıçıdır, intellektini mətnlərində bədiiləşdirsə də, onun hekayələri sırf beyin, ağıl hesabına qurması mənə nədənsə həmişə süni gəlib. Ona görə yazdığı hekayələr Tolstoyun, Buninin, Şukşinin, Platonovun hekayələri kimi məni demək olar, heç vaxt tərpətməyib”.
Rəbiqə Nazimqızı: “Sevmədiyim deməzdim, amma məsələn, əzab verən, yoran, bezdirən yazıçılar var - Dostoyevski, Kafka. Vaxtilə onları maraqla oxumuşam, amma indi adlarını eşidəndə əsəbiləşirəm. Vulqar yazıçıları və müasir günümüzdə mücərrəd şeirlər yazan şairləri sevmirəm. İstisna, demək olar, yoxdur”.
Cavid Zeynallı: “Əgər Bukovski böyük yazıçı hesab olunursa, onu deyə bilərəm. İki romanını oxumuşam. İtirdiyim vaxta heyfsləndim”.
Samirə Əşrəf: “Söhbət ədəbiyyatdan və böyük yazıçılardan gedirsə, mənim üçün sevgisizlik mümkün deyil. Ədəbi zövqümə yaxın olmayan yazıçılar vardır desəm daha uyğun olar. Onlar da çox deyil. Hətta belə olan halda belə bu yazıçıların adlarını çəkməkdə ehtiyat edirəm. Mənim xoşlamadığım yazıçı başqalarının sevdiyi yazıçı olmaqla yanaşı, onların daxili dünyasına, həyat tərzinə ciddi təsir göstərə bilər. Bu səbəbdən bu cür təhlükəli suallarda ehtiyatlı olmağı lazım bilirəm. Ancaq bütün hallarda yaşantılarıma, ədəbiyyat sevgimə o qədər də yaxın olmayan yazıçılardan biri Haruki Murakami, digəri isə Patrik Zuskinddir. Murakaminin “Norveç meşəsi” romanını bitirəndən sonra daxilimdə yaranan dərin boşluğu və ümidsizliyi bu günə kimi unutmuram. Zuskindin isə insan qoxularından bəhs edən “Ətriyyatçı” romanındakı qəhrəmanı, onun faciəvi sonluğu məni xeyli qorxutmuşdu”.
Ayxan Ayvaz: “Bilmirəm, Çarlz Bukovski böyük yazıçıdır, ya yox. Amma mən onu nəinki sevməmək, heç yazıçı hesab etmirəm. Elə tüfeyli, sərgərdan, qadınları aşağılayan birindən nə yazıçı olacaq?”
Dalğa Xatınoğlu: “Tolstoy, buna görə ki, sənətinin təməli əxlaqdır. Məncə, sənət əxlaqın, yaxşı-pisin ötəsində dayanmalı. Onun bütün əsərləri əxlaqa yönəlikdir. Əxlaqın üzərində kök salıb. Ümid edirəm səhv və ötəri anlaşılmasıb. Ancaq, Hegelin dili ilə desək, tamamilə xristianlıq romantikasıdır. Bunlar həqiqəti göylərdən endirib, insanın içində axtarırlar. Mahiyyətcə eyni işi görürlər. Əski Yunan və Roma klassikləri həyatla birbaşa ilgidəydilər, hətta mifləri yazırkən. Şekspir, Dante, Con Don və başqa yazıçlar da xristianlıq romatikasına qapananlardırlar, ancaq əxlaq üzərində köklənməyiblər. Məsələn, Dostoyevskidə istənilən xarakter həm tanrıya bənzəyir, həm şeytana. Şekspirdə xarakterlər yaxşı-pisin ötəsindədirlər. Özü də deyir, dünyada yaxşı-pis yoxdur, yaxşı və pis adlandırdığımız şeylər var. Bu baxımdan Dante daha maraqlıdır. Hər halda, sözümün qısa məzmunu budur ki, sənət hər şeyin üstündə və ötəsində dayanmalı. Flober kimi olmalı, yəni yarğılamamalı. Sənətkar hakim, qazi taxtında oturmamalı”.
Mirmehdi
AzNews.az