“Mənim tanıdığım bütün şairlər dəlisovdur” - Nigar Həsənzadə ilə “Cümlə axşamı”nda

7 Fevral 2019 12:05 (UTC+04:00)

AzNews.az “Cümlə axşamı” layihəsində şair Nigar Həsənzadə ilə müsahibəni təqdim edir.

- Nigar xanım, bir neçə gün öncə yeni çıxmış “Zapyastya” adlı kitabınız Beynəlxaql Muğam Mərkəzində təqdim olundu. İstərdim əvvəlcə elə bu tədbir barədə danışaq.

- Bilirsiniz, mən öz işlərim barəsində danışmağı sevmirəm. Düşünürəm ki, insanın gördüyün işlər, fəaliyyəti barəsində ətrafında olanlar fikir yürütməlidirlər. Mən yalnız onu deyə bilərəm ki, Beynəlxalq Muğam Mərkəzinin tamaşaçı ilə dolu olduğunu görmək məni hədsiz dərəcədə sevindirdi. Unudulmaz gecə oldu. Ümid edirəm ki, tədbirdə iştirak edənlərə az da olsa özümü təqdim edə bildim. Zalda oturan hər kəsə, o cümlədən, səhnəyə çıxıb mənimlə bu sevinci bölüşən dostlarıma təşəkkürümü çatdırmaq istəyirəm. Onlar təkcə mənim dostum, silahdaşım, sənətimə dəyər verən insanlar deyil, həm də ilham və güc qaynağımdırlar. Mən çox nadir hallarda çıxış edirəm, belə ki, mənim üçün şeir oxumaq onu yenidən yazmağa bərabərdir. Bu isə müəyyən ovqat tələb edir. Bir şeyi də deyim ki, sonuncu dəfə Bakıda dörd il əvvəl şeir gecəsi keçirmişəm.

- Kitabın təqdimatı ilə şeir gecəsi bir yerdə keçirildi.

- Düz deyirsiniz. Şeir gecəsində mənim yeni kitabım təqdim edildi. Amma düşünürəm ki, bu təqdimat alışdığımız kitab prezentasiyaları formatında olmadı. Mənim əsas məqsədim kitabın məğzini çatdırmaq və olduqca rahat atmosfer yaratmaq idi. İstəyirdim ki, dinləyici özünü mənim yanımda hiss eləsin və hansısa şeiri yazanda qəlbimi bürüyən hisslərin eynisini yaşasın... Bilirəm, asan deyildi. Amma tamaşaçıların göz yaşlarına, səmimi təbəssümlərinə və zalda iki saat boyu hökm sürən rahat atmosferə nəzər yetirdikdə mən çox razı qaldım.

- Sizin kitabların hamısı ruscadı, eləmi?

- Təəssüflər olsun ki, öz doğma dilimdə kitablarım yoxdur. Amma inanmaq istəyirəm ki, bundan sonra olacaq. Gecədə Xalq şairi Sabir bəy Rüstəmxanlı çıxış eləyib arzu, istəklərini bildirdi. Amma onun mənə ən böyük hədiyyəsi şeirlərimdən etdiyi tərcümələr oldu... Bu mənim üçün əvəzsiz hədiyyədir. Bizim canlı klassikimiz Ramiz Rövşənin mənə ünvanladığı, xoş sözlərlə dolu məktubu gecədə oxundu. Ramiz bəylə danışmışıq, ümid edirəm ki, böyük şairimiz şeirlərimin bir neçəsini Azərbaycan dilinə tərcümə etməklə məni sevindirəcək. Bunlardan başqa gecədə, mənim əziz rəfiqəm, Əməkdar artist Gülzar Qurbanovanın ifasında gənc şair Şəhriyar Del Geraninin tərcüməsi səsləndirildi. Sizə deyim ki, Şəhriyarın tərcüməsi tamaşaçılar tərəfindən olduqca yüksək qiymətləndirildi. Gecədə Əməkdar artist Hüsniyyə Mürvətova da Jalə Məmmədovanın tərcümə etdiyi şeirimi möhtəşəm şəkildə səsləndirdi. Hüsniyyə xanım poeziyaya yaxın adamdı, biz onunla “SÖZ” layihəsində də bir neçə dəfə əməkdaşlıq etmişik.

- Səhv etmirəmsə, Şəhriyar Del Gerani “Həmin gün” adlı şeirinizi tərcümə edib. Bu yaxında saytların birində dərc olunmuşdu. Xoşunuza gəldi?

- Şəhriyarın tərcüməsini çox bəyəndim. Məncə çox uğurluydu. Çünki Şəhriyar sətiraltı tərcümə ilə işləmədi, onu kənara qoydu və şeiri demək olar ki, yaşayıb tərcümə elədi. Mənə elə gəlir ki, Şəhriyar tərcümə zamanı mənim şeiri yazanda keçirdiyim hisslərin eynisini yaşayıb.

- Şəhriyarın tərcümədə şeirə öz intonasiyasını, üslubunu əlavə etməsi sizi narahat etmədi?

- İdeal tərcümə utopiyadır. Mənim şeirlərim çox dillərə tərcümə olunub. İngiltərədə də şeirlərim ən tanınmış tərcüməçilər tərəfindən çevrilib. Amma o tərcümələrə də nəzər yetirəndə görmüşəm ki, şeirin orijinaldakı ruhunu saxlamaq çox çətin məsələdir. Rusların məşhur şair-tərcüməçisi Valeri Bryusov deyir ki, şeirin tərcüməsi bənövşənin ləçəklərini yolub sonra təzədən bir araya gətirməyə bənzəyir. Heç bir tərcümə orijinala tamı-tamına uyğun ola bilməz. Məncə tərcümə o vaxt uğurludur ki, tərcüməçi şeirin havasını və mənasını çatdıra bilsin, energetikasını saxlasın. Nə eləsəniz, tərcüməçinin intonasiyası, üslubu tərcümədə hiss olunacaq. Mən heç vaxt gözləməmişəm ki, bir tərcümədə hər şey bir-birinə qovuşsun, şeirin mənası, ritmi, forması orijinala uyğun olsun, bu mümkün olmayan şeydir. Amma havası, enerjisi köçürülə bilirsə, bu böyük işdir. Hesab edirəm ki, Şəhriyar bunu çox gözəl bacardı. Misal üçün, mən şeirdə “aleluya” sözünü işlətmişəm. Şəhriyar onu “cümə duası” kimi verib. Məncə olduqca gözəl tapıntıdır. Çünki “aleluya” xristianlığa məxsus anlayışdır. Və Şəhriyarın dəliliyi də mənim xoşuma gəlir. Çünki mən düşünürəm ki, şairin dəliliyi olmasa o, şair olmaz. Darıxdırıcı olar.

- Sakit şairləri xoşlamırsız.

- Bizdə sakit şair kimdir ki (gülür). Mənim tanıdığım bütün şairlər dəlisovdur. Şair yaşamalıdır, həyatla dolu olmalıdır. Şair həyatı dolu yaşamırsa, necə yaza bilər?

- Uzun illər Britaniyada yaşamısınız, oranın ədəbi mühiti ilə sıx əlaqədə olmusunuz. Britaniya şairləri necədirlər?

- Məncə şairlər hər yerdə eynidirlər. Sadəcə mühit fərqlidir. London dünyanın mədəni mərkəzlərindən biridir. Ancaq əgər biz poeziyadan danışırıqsa, poeziya mənim nəzərimcə artıq antik bir janra çevrilib. Dəbdən düşüb. Əgər sən şairliyi seçirsənsə, deməli kamikadzesən. Çünki bu gün dünyada poeziyadan pul qazanmaq demək olar ki, mümkün deyil. İngiltərədə də varlı şair yoxdur. Şair başqa işlərlə məşğul olub qazana bilər, ancaq şeir yazmaqla pul qazanması demək olar ki, mümkünsüzdür. Zənnimcə, əksər hallarda bu, insanın öz seçimi olmur. Sən şeiri seçmirsən, şeir səni seçir.

- Bəs özünüz barədə nə düşünürsünüz? Əgər şairliyə yük kimi baxası olsaq, onu istədiyiniz an çiyninizdən ata bilərsiniz?

- Mən 16 yaşında deyiləm. Artıq yolun yarısını demək olar ki, keçmişəm. Sözüm də, hərəkətim də bəllidir. Neyləmək olar? İnsan sümüklərini sındırıb təzədən yığa bilməz ki... Mən şairliyi yük kimi qəbul etmirəm. Mən bunu ilahi hədiyyə hesab edirəm. Başa düşürəm ki, şair olmağın özünün çəkisi var, ancaq buna heç vaxt yük kimi baxmamışam. Mənim dəyərim şairliyəmdədir. Şairlik mənim gücüm-qüvvətim, işığımdır.

- Ancaq gəlin qəbul edək ki, qadın şair olmaq kişi şair olmaqdan bir qədər çətindir. Ailə, məişət işləri adətən qadının çiynində olur. Heç məişət şairliyinizə mane olubmu, ya da əksinə?

- Mən hər gün şeir yazan şairlərdən deyiləm. Düzdür, hər gün şeir yazdığım vaxtlarım da olub, amma bu mənim həyatımın başqa dövrü idi. O dövr artıq keçmişdə qalıb. Mən bilirəm ki, səhərdən – axşama kimi oturub şeir yazsam, balam ac qalar (gülür). Mənim üçün prioritetlər var. Hamı bilir ki, mənim üçün prioritet uşağımdır. Heç vaxt uşağımı yedizdirməmiş yazı masası arxasında oturmaram (gülür). Əgər uşağıma lazım olan vaxtı ona sarılmaq və ya bir neçə misra yazmaq seçimi qarşısında qalsam, məmuniyyətlə oğlumun yanında olmağı seçərəm.

- Heç olub ki, uzun müddət yazmayasınız?

- Əlbəttə olub. Bəzən aylarla şeir yazmıram.

- Elə olanda narahatlıq keçirirsiniz?

- Əlbəttə narahatam. Baxın, hazırda narahatam (gülür). Bir neçə aydır, istək gəlir, amma təəssüflər olsun, şərait imkan vermir yazım. Mən ancaq təklikdə yaza bilirəm. Heç vaxt kafedə oturub şeir yaza bilməmişəm. Şeir yazmaq üçün mənim təkliyə ehtiyacım var. Təklikdə də çox nadir hallarda qaldığım üçün ilham pərisi tez-tez qonaq gəlmir (gülür). Amma ilhamım var, mən onu hiss edirəm. Özümü tərifləmək üçün demirəm, sadəcə mən inanıram ki, şeirin gücü şairin ona verdiyi nəfəsdədir. Biri var şeiri yazasan, biri də var onu dəri kimi əyninə geyinib döyünməyə vadar edəsən. Yalnız o zaman şeir canlana və müəllifin gücünü, enerjisini ötürə bilər. Oxucu ona verdiyin enerjini, nəfəsi hiss etmirsə, o şeir deyil. Buna görə də, hətta tanış olmayan bir dildə belə hər hansı bir şeiri eşidəndə, onun qeyri-adi gücünü, energetikasını hiss edə bilərsən.

- O zaman şeirdə sizin üçün söz vacib deyilsə nə əsasdır, intonasiya?

- Yox, intonasiya da deyil. Bunu izah eləmək bir qədər çətindir. Onu bilirəm ki, başqa dildə belə şeiri dinləyəndə o şeirin gücünü hiss edirəm... Bəlkə də bu, mənə belə gəlir. Çünki mən şeirin mistik enerjisinin olduğuna inanıram. Nahaq yerə söz, söz, söz demirlər ki (gülür).

- O zaman biz də söhbətimizə “SÖZ”lə davam edək... Nigar xanım, istəsək də istəməsək, reallıq budur ki, bizim rus dilli qələm adamları ilə Azərbyacan dilli qələm adamları arasında bir uçurum var. Amma siz o istisnalardansınız ki, hər iki caməe ilə əlaqələr qurusununuz, bunda sizin “SÖZ” ədəbi layihəsinin də rolu az deyil.

- Mənim fikrimcə bu baryer sünidir. Biz bilirik ki, rus dilinin bu qədər yayılmasının siyasi səbəbləri var. Sovet zamanından üzü bəri belədir, rus dili Azərbyacanda yayğındır. Və rus dilli mühit də qəbul etməlidir ki, onlardan başqa da mühit var. Bu iki mühit demək olar ki, qovuşmur. Bunlar niyə qovuşmur? Gəlin səbəbləri düşünək. Yəqin ki, istəkləri yoxdur. Rus dilli mühit Azərbaycan dilli mühitə nüfuz etmirsə, ya da əksinə, özünü orda rahatsız hiss edirsə, bunlar necə qovuşsunlar? Əlbəttə mən ayrı-ayrı şəxslərdən danışmıram, stereotipllərdən danışıram.

- Nigar xanım, elə sizi də o ayrı-ayrı şəxslərdən hesab etmək olar. Yaratdığıız “SÖZ” ədəbi layihəsində bu iki mühiti qovuşdurmağa çalışırsınız.

- “SÖZ” ədəbi layihəsi üç il əvvəl yarananda mənim əsas məqsədlərimdən biri bəli, bu mühitləri birləşdirmək idi. “SÖZ” layihəsinin əsas prinsipi o idi ki, dil fərqliliyinə fikir vermədən istedadları bir araya gətirsin. Mənim iki dilim var: Azərbaycan və rus dilləri. Və mən bilirəm ki, bizim cəmiyyətimiz bu iki dillə nəfəs alır. Bunları bir ədəbi layihədə bir araya gətirmək çox mənalı davranış oldu. Bizim layihənin əsas fərqi odur ki, hər kəsə açıqdır. İstedadı olan hər kəs “SÖZ”ə gələ bilər.

- Sizin layihəyə qoşulmaq üçün başqa şərtlər yoxdur?

- Biz yaş senzinə ciddi önəm veririk. Ya çox tanınmış, cəmiyyətdə özünü sübut etmiş böyük adlarla, ya da gənc şairlərlə işləyirik. Bəlkə də qəddar səslənəcək, ancaq biz ədəbiyyat sahəsində ciddi uğur qazanmayan orta yaşlı müəlliflərlə əməkdaşlıq etmirik. Bu, layihənin formatına uyğun deyil.

- Nigar xanım, Böyük Britaniyada “2009-cu ilin 10 ən yaxşı xarici şairi”ində biri seçilmisiniz. Britaniya oxucusunu yaradıcılığınızın hansı xüsusiyyəti cəlb elədi ki, onlar sizi seçdilər?

- Əlbəttə, mənim ilk kitabımın tərcüməsi çox uğurlu oldu. Allah rəhmət eləsin, kitabı tərcümə edən Riçard Makkeyn də Britaniyanın çox tanınmış şair-tərcüməçisi idi. Rus klassik şerinin tərcüməsi üzrə ixtisaslaşmışdı. Onun mənim kitabıma yazdığı önsözün də xeyri oldu. Kitab çap olunandan sonra mənim şeir gecələrində iştirak etməyim yəqin ki, onların diqqətini cəlb etdi. Məncə Britaniya oxucusunun diqqətini yaradıcılığımın hansısa xüsusiyyətindən çox, kompleks şəkildə fəaliyyətim cəlb elədi. Və mənə zəng gələndə ki, siz 2009-cu ilin on ən yaxşı şairindən biri seçilmisiniz, xeyli heyrətləndim.

- Britaniya ilə ədəbi əlaqələriniz davam edir?

- Bəli.

- Beynəlxalq “Pen” təşkilatının da üzvüsünüz.

- Bəli. Mən artıq dörd ildir Bakıda olduğum üçün təşkilatın işləri ilə məşğul ola bilmirəm. Amma İngiltərədə “Pen” çox böyük bir təşkilatdır. Onlar qələm adamlarının hüquqlarının qorunması ilə məşğul olurlar. Aksiyalar təşkil edirlər. Mən orda olanda həmin aksiyalara qoşulurdum.

- “Pen”in Azərbaycandakı fəaliyyətini də izləyirsinizmi?

- Təəssüf ki, yox.

- Müsahibə üçün təşəkkür edirəm.

- Dəyməz, çox sağ olun.

Söhbətləşdi: Mirmehdi
Fotolar: Pərvanə

AzNews.az