“AzTV-nin efirini qorumaq üçün bu addımlar atılmalı idi”.
Bunu AzNews.az-a açıqlamasında nəğməkar şair Baba Vəziroğlu AzTV-də Bədii Şuranın yaradılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu suranın yaradılmasında əsas məqsəd, uzun illərdir ki, itirilmiş efir səviyyəsini bərpa etməkdir:
“Əsas məqsəd AzTV-nin öz əvvəlki şöhrətini qaytarmaqdır. Biz Bədii Şuranın bütün üzvləri yeni rəhbərliyə kömək etməliyik. Bədii Şuranın bütün üzvləri öz sahələri ilə yanaşı, eyni zamanda cəmiyyətdə də çalışqan insanlardır. Onların keçdiyi həyat təcrübəsi bunu sübut edir. Bədii Şura unudulmuş ən yaxşı ənənələri bərpa edəcək. Onların iş prinsipi nəticəsində efirlərə təsadüfi şəxslər çıxmayacaq. Verilişlərin bədii səviyyəsi yüksək olacaq. Biz efiri o qədər maraqlı etməliyik ki, tamaşaçılar sovet dövründəki kimi başqa kanallara baxmasınlar. Bayağı, palatka, toy mahnıları oxuyanlar efirə buraxılmayacaq. Verilişlərə dəvət alan müğənnilərdə, aparıcılarda efir mədəniyyəti olmalıdır. Səs yazıları keyfiyyətli, efirə çağırılan qonaqlarda səviyyə olmalıdır. Efirlərə necə gəldi, hansı paltarda istəsələr, çıxırlar, ağızlarına gələni danışırlar. Elə bil, evlərində oturublar. Bütün bunlar yaxın zamanlarda həllini tapacaq və AzTV-də yaranan nöqsanlar aradan qaldırılacaq”.
Baba Vəziroğlu qeyd edib ki, bununla bağlı konkret qərarlar qəbul edilib.
Bahar RÜSTƏMLİ
AzNews.az