“Freedom House” siyasi sifarişlər yerinə yetirir

7 Fevral 2019 11:57 (UTC+04:00)

“Freedom House” xarici ölkələrdə olan on minlərlə qeyri hökumət təşkilatından biridir. Nədənsə, bu təşkilat hesab edir ki, dünya ölkələrini sıraya düzə, onların daxili işlərinə qarışa bilər.

Bunu AzNews.az-a açıqlamasında “Freedom House” təşkilatının Azərbaycanla bağlı qərəzli hesabatını şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə dedi. Onun sözlərinə görə, bu təşkilatın ənənəvi olaraq hər il hazırladığı hesabatlarında siyasi sifarişlilik hiss olunur:

“Ermənistanda siyasi partiya sədrinin müavini aclıq aksiyası zamanı həbsxanada dünyasını dəyişir, amma bu ölkə ilə bağlı təşkilatın heç bir bəyanatı yoxdur. Artıq yarım ilə yaxındır ki, Fransanın siyasi sistemi ciddi böhran keçirir, dinc nümayişə çıxan insanlara qarşı polis zorakılıq edir, lakin bu gün Fransa dünyaya nümunə kimi göstərilir. Bununla bağlı xeyli misallar çəkmək olar. Ona görə də bu təşkilatın Azərbaycanla bağlı verdiyi qiymət subyektivdir. Bu, Azərbaycanı xaricdəki müəyyən siyasi və iqtisadi dairələrin təsiri altına salmaq üçün atılan çox çirkin bir addımdır. Bu baxımdan, bu təşkilatı və onun hesabatlarını şərh etməyi düzgün hesab etmirəm”.

A.Mirzəzadə əlavə etdi ki, Azərbaycan bu gün müstəqil, azad və demokratik bir dövlətdir, özünün müstəqil daxili və xarici siyasətini aparır. Vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkədə ciddi addımlar atılır:

“Bu zaman ölkəmiz onunla dost olmaq istəyən ölkələrlə əməkdaşlıq etməyə həmişə hazırdır. Yox, Azərbaycanı təsir altına almaq istəyən, Azərbaycanla bağlı yalan yayan dairələrə isə bizim qapımız həmişə bağlıdır”.

Qeyd edək ki, ABŞ-dakı “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı 2019-cu il hesabatında Azərbaycanı “azad olmayan” dövlətlər sırasında göstərib.

Elgün
AzNews.az