Sürücülərə daha bir şad xəbər

21 Aprel 2013 08:05 (UTC+04:00)
Prezident İlham Əliyev aprelin 18-də "Yol hərəkəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqi barədə sərəncam imzaladı. Amma sərəncam imzalandığı gündən deyil, tətbiqi üçün müvafiq mexanizm yaradıldıqdan sonra icra edilməyə başlanacaq.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin "Trend"ə verdiyi məlumata görə, müvafiq qaydalar, eləcə də qanunun icra mexanizmi müəyyənləşməlidir ki, onu tam tətbiq etmək mümkün olsun. Sərəncam da məhz qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqini təmin etmək məqsədilə imzalanıb.

Prezident qərara alıb ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və aktların "Yol hərəkəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2013-cü il 5 aprel tarixli qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Prezidentə təqdim etsin. Eyni zamanda ölkə ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslərin illik yol vergisini ödəməsinə və avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətini icbari qaydada sığortalamasına nəzarət mexanizmi barədə təkliflərini iki ay müddətində Prezidentə təqdim etməlidirlər.

Sərəncamda o da deyilir ki, üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması təmin edilməli və bu barədə də ölkə prezidentinə məlumat verilməlidir.

Qeyd edək ki, dəyişikliyə əsasən, tramvaylar və trolleybuslar, meşə və kənd təsərrüfatında istifadə edilən mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələri, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri və avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri texniki baxışdan ildə bir dəfə keçiriləcəklər. Amma sadaladığımız nəqliyyat vasitələri istehsal olunduğu vaxtdan bir il müddətində texniki baxışdan keçirilməyəcəklər.

Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının istehsal olunduqları vaxtdan dörd il keçdikdən sonra ilk dəfə texniki baxışdan keçirilməli olacaq. Sonrakı müddətdə iki ildən bir keçiriləcək. Yalnız istehsal müddətindən 10 il keçdikdən sonra hər il texniki baxış tələbi olacaq.

Qeyd edək ki, ötən ilin oktyabrında 20-dən çox QHT rəhbəri ölkə prezidenti İlham Əliyevə müraciət etmişdi. Müraciətdə nəqliyyat vasitələrinin dövlət texniki baxışdan keçmə sistemində islahatlar, ilk növbədə təzə avtomobillərin 3 il ərzində texniki baxışdan azad edilməsi təklif olunmuşdu.

Onu da deyək ki, yeni avtomobillər Fransa, İspaniya, Cənubi Koreya, Rusiya, Qazaxıstanda 3 il, Almaniya, Böyük Britaniya, Yaponiya, Polşada isə 2 il müddətinə texniki baxışdan azad edilirlər. Fransa və İspaniyada 3 ili tamam olandan sonra istismar müddətinin 10 ilinə qədər maşınlar 2 ildən bir texniki baxışdan keçirilir. Almaniya və Yaponiyada yalnız 11-ci ilinə keçdikdə hər il texniki baxış tələb olunur. Rusiya və Qazaxıstanda 7, Polşada 4 ildən sonra hər il avtomobillərin texniki baxışdan keçirilməsi məcburi xarakter daşıyır. ABŞ-ın 13 ştatında isə avtomobillərin texniki baxışdan keçməsi vacib deyil. Yəni bu, maşın sahiblərinin istəyindən asılıdır. Digər ştatlarda isə ya hər il, ya da 2 ildən bir bütün avtomobillər texniki baxışdan keçmək məcburiyyətindədirlər.

Ukraynada və Gürcüstanda da avtomobillərə texniki baxış ləğv edilib.

AzNews.az