Mən plagiat cavab istəmirdim, hörmətli alim! - Yenə “üz qarası” söhbəti...

9 Fevral 2019 13:48 (UTC+04:00)

Məlumatlı oxucular mənim bu yaxınlarda AzNews.az saytına verdiyim müsahibədən xəbərdardırlar.

O müsahibədə Azərbaycan ədəbiyyatının dünəni, bu günü, aktual problemləri haqda kifayət qədər arqumentli fikirlər səsləndirmişəm. Lakin cəmiyyətimizin bir çox tanınmış və tanınmamış üzvləri bu arqumentləri görməzlikdən gələrək, yalnız müsahibə başlğına yönəlik açıqlamalarda bulundular.

“Molla Nəsrəddin” mətbuat tariximizin üz qarasıdır” - Əvəz Qurbanlı ilə “Cümlə axşamı”nda)

Bu yerdə, məsələdən hali olmayanlar üçün kiçik açıqlama vermək yerinə düşər.

Sözügedən müsahibədə "Molla Nəsrəddin"in mütərəqqi dövrünə (1906-1920-ci illər aralığı) işarə edərək, işıqlı, maarifpərvər ziyalıların fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, jurnalın 1922-ci ildən sonrakı dövrü - NKVD-nin, Allahsızlar Cəmiyyətinin dərgisinə çevrildiyi dövr haqda "...düşünürsən ki, mətbuatımızın üz qarasıdır" ifadəsini işlətmişəm. Bəli, bir daha bəyan edirəm və bu fikirdəyəm ki, jurnalın 1922-1931-ci illər arasındakı dövrünü nəzərdə tutaraq səsləndirdiyim "üz qarası" ifadəsi yerində işlənib, obyektiv və qərəzsizdir, hətta deyərdim ki, bir az da loyal ifadədir (yeri gəlmişkən, Məhəmməd peyğəmbərin (s) insanlığa yaraşmayan şəkildə təhqir edilməsi ilə bağlı paylaşdığım karikatura da həmin dövrə aid idi).

İş ondadır ki, mənim bu məsələdə haqlı olduğumu isbat edən ən tutarlı dəlil, elə Cəlil Məmmədquluzadənin öz etiraflarıdır. Jurnalın həmin dövrü (1922-1931-ci illər) ilə bağlı məlumatı olan kimsələr bilirlər ki, hadisələrin gedişində Mirzə Cəlil hətta jurnaldan imtina etmək dərəcəsinə çatır. Yazılanlara görə, jurnalın ideya istiqamətinin, mahiyyətinin məcburi dəyişdirilməsindən sonra Mirzə Cəlil hətta psixoloji sarsıntı keçirir ki, bu da onun bir neçə ildən sonra vəfatı ilə nəticələnir...

Bunları mən demirəm, tarix var, sənəd-sübut var.

Sözü uzatmaq olmasın, iki gün öncə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Elxan

Nəcəfov mənim müsahibədə səsləndirdiyim fikirlərlə bağlı AzNews.az saytına açıqlama verib. Əlbəttə, istənilən məsələ ilə bağlı fikir bildirmək hər kəsin haqqıdır. Eləcə də Elxan müəllimin. Lakin burada iki məqama diqqət çəkmək istəyirəm.

Əvvəla, cavab vermək zərurəti o zaman meydana çıxır ki, hansısa prinsipial məsələ ilə bağlı fikirlər qarşılıqlı olaraq ziddiyyət təşkil etsin. Bu baxımdan, mənim fikirlərim, alim dostumuzun fikirləri ilə qətiyyən ziddiyyət təşkil etmirdi və buna görə də onun mənə cavab verməsinə heç bir lüzum yox idi. Ona görə lüzum yox idi ki, mənim səsləndirdiyim iradlar "Molla Nəsrəddin"in 1922-1931-ci illər dövrü ilə bağlıdır; iradlarımı kəskin aqressiya ilə qarşılayanlar isə müsahibənin sərt başlığını görərək, belə başa düşüblər ki, mən bütövlükdə "Molla Nəsrəddin"ə "hücum" edirəm və məsələni tam aydınlaşdırmadan, şəxsimə qarşı olmazın təhqir və böhtanlar yağdırdılar... Bəli, etiraf edək ki, fikirləşmədən cavab vermək, cəmiyyətimizin əksər üzvlərinə xas bəlalardan biridir. Lakin bir elm adamının da bu cür tələsik reaksiya verməsi və məsələni incələmədən şəxsimi ittiham etməsi, açığı, təəccübümə səbəb oldu.

İkinci məqam, alim dostumuzun cavab yazısının plagiat olması ilə bağlıdır. Bəli, təəssüf ki, belədir!

Cavab yazısı başdan-başa plagiatdır...

Bəli, Elxan müəllimin cavabını oxuyarkən məlum oldu ki, yazı google-də "Molla Nəsrəddin" yazaraq axtarış edilərkən tapılan nəticələrdən toplanaraq hazırlanıb. Mənbələrə istinad edilməyib, müəlliflər göstərilməyib...

İnanın, söz tapmaqda çətinlik çəkirəm. Bunu necə etmək olar axı?

Plagiat son dövrlərdə adi hala çevrilib az qala. Ancaq ziyalı təbəqəsində, elmi dairələrdə belə halların baş verməsi, sadəcə, ürək ağrısıdır...

Sual olunur, olmazdımı bir alim kimi tutarlı elmi cavab yazaydı? Öz fikirləri, öz cümlələri ilə. Burada müəllimin elmi səviyyəsini, savadını qətiyyən şübhə altına almaq kimi bir niyyətim yoxdur. Lakin fakt budur ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Elxan Nəcəfovun şəxsimə ünvanladığı bu cavab yazısı plagiatdır:

Mətbuat tariximizin güzgüsü: “Molla Nəsrəddin” jurnalı

Əlbəttə, yazıda müəllifin özünə aid cümlələr də var: girişdə bir az, ortada bir az, sonda da bir az. Lakin bu cümlələr ümumilikdə yazının çox az hissəsini təşkil edir.

İndi isə faktlarla tanış olaq:

Plagiat 1: “Molla Nəsrəddin jurnalını inkar etmək, fəalliyətini bu cür qiymətləndirməklə dövrün tanınmış şair, yazıçı və karikatura ustalarınının – M.Cəlil, Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Razi, B.Abbaszadə, O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə, X.Musayev, S.Behzad, B.Telinqator (Beno), İ.Axundov, Q.Xalıqov və başqalarının satirik mətbuatımızın formalaşmasında böyük əmək sərf etmiş şəxsiyyətlərin inkar etmiş oluruq”.

Bu isə orijinal mənbə: 525-ci qəzet . 2018-ci il, 17 may nömrəsi, səh.8. Müəllif: Gülbəniz Babayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru.


Fikir verirsinizsə, burada adların olduğu kimi "copy-paste" edildiyi, orijinaldakı ardıcıllıqla düzüldüyü aşkar görünür.

Plagiat 2: “Nəşrin ilk sayının üz qabığındakı məşhur karikaturanı yəqin ki, çoxları xatırlayır: Azərbaycan türkləri dərin yuxudadır. Bir kişi oyanıb gərnəşir... Bu karikatura jurnalın məşhurlaşmasında böyük rol oynadı. Əsərin müəllifi isə Oskar Şmerlinq idi.

Bu isə orijinal mənbə: "Mədəniyyət" qəzeti, 2015-ci il, 8 aprel nömrəsi, səh.15. Müəllif: S.Soltanlı

www.anl.az/down/meqale/medeniyyet/2015/aprel/429211.htm​

Plagiat 3. “Çap olunduğu 25 il müddətində jurnalın ətrafında satirik yazarlarla yanaşı, karikaturaçı-rəssamlar da yetişməyə başladı. Jurnalın populyarlıq qazanması, xalq arasında sevilməsi üçün baş redaktor, böyük ədib Cəlil Məmmədquluzadə karikaturanın əvəzsizliyini yaxşı anlayırdı. Ona görə də o, ilk növbədə jurnala satirik illüstrasiyalar çəkən rəssamları tapmalıydı. Bilirdi ki, millətin böyük hissəsi yazıb-oxumağı bacarmır, ona görə də karikaturanın maarifləndirmədə xüsusi rolu var. Doğrudan da, bu yolla “Molla Nəsrəddin” elə ilk sayından uğur qazanmağı bacardı. Jurnalın səhifələrinin tam yarısını karikaturalar tuturdı.”

Bu isə orijinal mənbə: "Mədəniyyət" qəzeti, 06.04.2016-cı il sayı. Müəllif: S.Soltanlı

(yazının linki: http://medeniyyet.az/page/news/36016/Molla-Nesreddinden-baslayan-karikatura-senetimiz.html?lang=az )

Orijinal mənbədə sari rənglə seçilmiş abzasın sonuncu sözünün sonuncu hərfinə diqqət edin: "u" hərfi əvəzinə səhvən "ı" hərfi gedib. Bu səhv plagiatda da eynilə təkrarlanır...

Plagiat 4. “Jurnalın ilk buraxılışının üzündə Molla Nəsrəddinin şəkli vardı. O, “Şərqin yatmış millətlərini” oyatmağa gəlmişdi. “Sizi deyib gəlmişəm, ey mənim Müsəlman qardaşlarım” – bu, Molla Nəsrəddinin öz dinindən olan insanlara mesajı idi.

Növbəti illərdə o, yalançı din adamlarını, dünya siyasətinin hiylələrini, Şərqin əzilən qadınlarını müşahidə edəcək və bütün bunları karikatura və mətn vasitəsilə oxuyucularına çatdıracaqdı.

O zamanın daha bir ədəbi işığı – Əbdürrəhimbəy Haqverdiyev öz xatirələrində yazır: “Jurnalın ilk nüsxəsi bomba kimi partladı… Mollalar deyirdi ki, jurnal heç bir müsəlmanın evinə girməməlidir. Girsə, onu maşa ilə götürün və tullayın”.

Bu isə orijinal mənbə: "BBC", 28 fevral, 2015 tarixli yazı. Müəllif: Könül Xəlilova.

(yazı keçidi: https://www.bbc.com/azeri/azerbaijan/2015/02/150227_molla_nesreddin_charlie_hebdo)


Burada orijinal mənbə ilə plagiat arasında yeganə fərq ondadır ki, mənbənin sonuncu abzasındakı "tualet" sözü yığışdırılıb (güman ki, etik cəhətdən uyğunsuz olduğu üçün).

Plagiat 5: “Dövrün Anadolu türkcəsi, Rus və ya Fars dilinin təsirində olan digər nəşrlərindən fərqli olaraq, Molla Nəsrəddin təhsilsiz azərbaycanlıların dilində danışırdı: sadə dildə mətnlərdən başqa, jurnalda karikaturalar vardı və onları hər kəs anlaya bilirdi. Karikaturaların əsas hədəfi təhsilin və sekulyar cəmiyyətin düşməni kimi görünən dini fanatizm, savadsızlıq və cəhalət idi”.

Bu isə orijinalı - yenə həmin mənbə: "BBC", 28 fevral, 2015 tarixli yazı. Müəllif: Könül Xəlilova.

(yazı keçidi: https://www.bbc.com/azeri/azerbaijan/2015/02/150227_molla_nesreddin_charlie_hebdo)

Yeganə fərq, orijinal mənbədə gedən yazının sonundakı "mollalar" sözünün plagiat yazıda "dini fanatizm, savadsızlıq və cəhalət" sözləri ilə əvəzlənməsidir.

Plagiat 6. “Molla Nəsrəddini zəmanə yaratdı, Mirzə Cəlil jurnalın çap olunmasına başlamasının səbəbini açıqlayanda demişdi: Bu o zamanlar idi ki, xalqın böyük hissəsi savadsız idi, Rusiya və Fars İmperiyaları tərəfindən idarə olunurdu və dini liderlər tərəfindən yönləndirilirdi.”

Bu isə orijinalı - yenə həmin mənbə: "BBC", 28 fevral, 2015 tarixli yazı. Müəllif: Könül Xəlilova.

(yazı keçidi: https://www.bbc.com/azeri/azerbaijan/2015/02/150227_molla_nesreddin_charlie_hebdo)

Burada orijinalla plagiat arasında cəmi bircə nöqtə fərqi var.

Plagiat 7. “Molla Nəsrəddin”in ilk rəssamı alman Oskar Şimerlinq olub. O, ilk saydan 1917-ci ilə qədər jurnalın baş rəssamı kimi çalışıb. 1863-cü ildə Tiflisdə anadan olan rəssam Peterburq və Münhen rəssamlıq akademiyalarını bitirib. Azərbaycanda realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli, habelə tanınmış rəssamlar İsmayıl Axundov, Qəzənfər Xalıqov, Xəlil Musayev və başqaları Oskar Şmerlinqin rəhbərlik etdiyi Tiflis Rəssamlıq və Heykəltəraşlıq Məktəbinin yetirmələri idilər. Rəssamın “Sizi deyib gəlmişəm”, “Niyə məni döyürsünüz?”, “İran sərhəddindən”, “Xabi-qəflət”, “Müsəlman məclisində rus zabiti”, “Məhəmmədəli şahın Təbrizdən çıxması” və çoxlu başqa bənzərsiz əsərləri jurnalın uğur qazanmasında böyük rol oynayıb. Təbii ki, ona bütün mövzuları Mirzə Cəlil verir, rəssam da böyük ustalıqla tapşırığın öhdəsindən gəlirdi.

“Molla Nəsrəddin”in ikinci böyük rəssamı İosif Rotter idi. O da təhsilini Münhen Rəssamlıq Akademiyasında almışdı. XX əsrin əvvəllərində Tiflisdə yaşamış, müxtəlif jurnallarda çalışmışdı. 1906-1914-cü illərdə “Molla Nəsrəddin”in fəaliyyətində yaxından iştirak edib. “Bakı neft mədənlərində işsiz fəhlələr” rəsmində fəhlələrlə sahibkarların qarşı-qarşıya durması, “XX əsr. Qafqazda hürriyyət”, “Bir gün var idi, bir gün yox idi” karikaturalarında erməni-müsəlman münaqişəsini qızışdıran çarizmin müstəmləkəçilik siyasəti ifşa olunurdu. Rəssam “Ay Tehrani alan, ay şirin tehrani alan” karikaturasında İran hökmdarı Məhəmmədəli şahı gülünc vəziyyətdə təsvir etmişdi.
“Molla Nəsrəddin”in uğurlu fəaliyyəti özündən sonra bir sıra satirik-karikatura nəşrlərinin işıq üzü görməsinə səbəb oldu. Belə ki, onun nəşrindən sonra Bakıda Azərbaycan türkcəsində “Bəhlul” (1907), “Zənbur” (1909-1910), “Mirat” (1910), “Arı” (1910-1911), “Kəlniyyət” (1912-1913), “Lək-lək” (1914), “Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916), “Tartan-partan” (1918), “Şeypur” (1918-1919), “Zənbur” (1919), “Məşəl” (1919-1920) kimi satirik illüstrasiyalı jurnallar çıxmağa başladı. Bu dövrdə Azərbaycanda rus dilində də satirik jurnallar – “Cigit” (1907-1918), “Vay-vay” (1908), “Bakinskoe qore” (1908-1909), “Biç” (1909-1915), “Adskaya poçta” (1909-1910), “Bakinskie streli” (1910), “Baraban” (1912-1913) və digərləri nəşr olunurdu. Di gəl ki, bunların içərisində ən uzunömürlüsü elə “Molla Nəsrəddin” özü oldu”.

Bu isə orijinal mənbə: "Mədəniyyət" qəzeti, 06.04.2016-cı il sayı. Müəllif: S.Soltanlı

(yazının linki: http://medeniyyet.az/page/news/36016/Molla-Nesreddinden-baslayan-karikatura-senetimiz.html?lang=az )


Aşağıdakı mətndə yalnız yazının seçilmiş hissəsinə diqqət yetirməli:

Plagiat 8. “Əkinçi”dən başlayan milli mətbuatımız “Molla Nəsrəddin”də tamamilə fərqli, yeni bir istiqamətdə fəaliyyətini davam etdirdi. Jurnalın mövzu və ideya qaynaqlarının zənginliyi onun geniş miqyasda yayılmasına və məşhurlaşmasına gətirib çıxardı. Orijinal üslublu bu satirik jurnal Azərbaycan mətbuatının sonrakı inkişafına, təkamülünə geniş yol açdı və ədəbi məktəb səviyyəsinə qədər yüksələ bildi. “Molla Nəsrəddin” jurnalı cəmiyyətdə mövcud olan həyati problemlərin həllinə yönəldilmiş real gerçəklikləri satirik tərzdə, .........

“Molla Nəsrəddin” jurnalının çoxsaylı mövzu və problematikasında böyük azərbaycançılıq ideyası, öz xalqını azad, demokratik və müstəqil görmək istəyi bütün fəaliyyəti boyu davam etmişdir. Bu taleyüklü problemin həlli istiqamətində ardıcıl və prinsipial mübarizə aparan “Molla Nəsrəddin” jurnalı sonadək əqidəsinə sadiq qalmış, bir çox məhrumiyyətlərlə, təqiblərlə üzləşmişdir”.

Bu isə orijinal mənbə: 525-ci qəzet, 2018-ci il, 5 aprel sayı, səh. 4. Müəllif: Gülbəniz Babayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru.

Plagiatın birinci abzasında "copy-paste" əməliyyatı zamanı cümlə yarımçıq qalıb. Orijinal mənbədə isə, birinci abzasın sonunda göstərdiyimiz nöqtələrin yerində "Ezop dili ilə xalqa çatdırırdı" sözləri olmalıydı.

Plagiat 9. “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının milli azadlıq və dövlət müstəqilliyi uğrunda apardığı mübarizənin ədəbiyyatda və mətbuatdakı ilk sərkərdəsidir. Bu mübariz jurnal Azərbaycanın milli istiqlalına mütəşəkkil nizamlı bir ordu qədər xidmət göstərmişdir. “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının milli dirçəliş və azadlıq ideyalarından, vətəndaşlıq ruhundan yoğrulmuş mənalı bir istiqlal kitabıdır. Azərbaycanda milli demokratik mətbuatın bayraqdarı da “Molla Nəsrəddin”dir... Azərbaycanda milli azadlıq, dövlət müstəqilliyi və demokratiya, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi uğrunda son yüzillikdə, müasir dövrdə də aparılan mübarizəni Cəlil Məmmədquluzadəsiz və “Molla Nəsrəddin” jurnalı olmadan təsəvvür etmək çətindir.”

Bu isə orijinal mənbə: 525-ci qəzet . 2018-ci il, 17 may nömrəsi, səh.8. Müəllif: Gülbəniz Babayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru.
(yazının linki: https://525.az/site/?name=xeber&news_id=99713#gsc.tab=0)

Burada göstərilən mənbədə haşiyələnmiş yazı parçası isə, şəxsən, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyliyə məxsusdur. Gördüyünüz kimi, Gülbəniz xanım da ondan sitat gətirib. Xatırladaq ki, Elxan Nəcəfov da sözügedən institutun doktorantıdır.

***

Qeyd edim ki, bu yazını hazırlamazdan əvvəl, haqlı iradlarımı bildirmək məqsədi ilə Elxan müəllimlə qısa yazışmalarım da oldu. O yazışmalardan hiss etdim ki, adam mədəni, etik çərçivələri gözləyən birisidir. Məhz bu səbəbdən də prinsipial hesab etdiyi bir məsələyə cavab yazısını PLAGİAT hazırlamasına baxmayaraq, onun diplom işi, müdafiə işi və digər işlərini şübhə altına almaq, o barədə bədgüman olmaq fikrindən daşındım.

Diqqət etdinizsə, yazıda yalnız faktlardan söhbət gedir, qarşı tərəfin şəxsinə ünvanlanan heç bir aşağılayıcı ifadə və ya fikir yoxdur.

Lakin cavab tapa bilmədiyim bir sual var: bəs plagiata nə ehtiyac vardı?

Qoy bu sualı da Elxan müəllim özü cavablandırsın.

İnternetdə araşdırma apararkən məlum oldu ki, Elxan Nəcəfov "Ədəbiyyat nəzəriyyəsi" dərsliyi də yazıb. Çox yaxşı. Qismət olar, o dərsliklə də tanış olarıq.

***
Bu yazını yazmaqla kimlərisə narahat etdimsə, kimlərinsə qəlbinə dəydimsə, dönə-dönə üzrxahlıq edirəm. Yazmaya bilməzdim, çünki bu, mənim cavab haqqımdır. İttiham vardısa, cavab da olmalı idi.

Düzdür, əvvəlcə hörmətli Elxan müəllimin məlum yazısına reaksiya vermək fikrində deyildim. Lakin reaksiya verməməyimin, susqunluğumun da düzgün qarşılanmadığını hiss etdim. Sosial şəbəkədə istər məlum paylaşıma, istərsə də bu mövzu ilə bağlı digər paylaşımlara gələn rəylərdə şəxsimi aşağılayan şərhləri görüncə, ittihamlara yazı ilə cavab verməyə məcbur oldum.

Mənim AMEA kimi bir elm ocağına, ümumiyyətlə, bütün alimlərimizə sonsuz rəğbətim var. Elxan müəllimi şəxsən tanımasam da, AMEA-da, onun Nizami adına Ədəbiyyat İnstitutunda hörmət etdiyim imzalar kifayət qədərdir. Əsil alimlər cəmiyyətin görən gözü, döyünən ürəyidir. Yuxarıda qeyd etdiyim dövrdə (1922-1931-ci illər) artıq allahsızların dərgisinə çevrilmiş "Molla Nəsrəddin"də insanlıq dışı karikaturalarla təhqir edilən Həzrət Peyğəmbərimiz (s) alimlərə görün necə dəyər verib: "Alimin mürəkkəbi şəhidin qanından üstündür". Başqa bir hədisə görə isə belə buyurub: ​"Alim öldü - aləm öldü".

Ona görə də biz bir xalq olaraq, öz dəyərli alimlərimizin qədrini bilməli, onları yaşatmalıyıq ki, özümüz də yaşayaq...

Əvəz Qurbanlı
AzNews.az