Müsəlman konqresmen ABŞ-ı tənqid etdi

7 Fevral 2019 21:23 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr palatasının ilk müsəlman qadın üzvü İlhan Ömər ölkəsini Səudiyyə Ərəbistanının fəaliyyətini dəstəklədiyi üçün tənqid edib.

Məlumatı “Anadolu” agentliyi yayıb.

O, Nümayəndələr palatasının Xarici işlər üzrə komitəsinin iclasında Yəmən ərazisində fəaliyyət göstərən ərəb koalisiyasına başçılıq edən Səudiyyə Ərəbistanına ABŞ-ın dəstəyinin dayandırılması ilə bağlı qanun layihəsinin müzakirəsində çıxış edib. İ.Ömər bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə husilərə qarşı döyüşməsi dünyada ən ağır humanitar faciələrdən birinə çevrilib: “Son 3,5 ildə Yəməndə münaqişələr nəticəsində 17 min nəfər ölüb, 40 min insan isə yaralanıb. 3 milyon nəfər Yəməndə daxili köçkün olub. 22 milyon insanın isə humanitar yardıma ehtiyacı var”.

Konqresmen qeyd edib ki, ABŞ Yaxın Şərqin digər ölkələrində insan hüquqları və sabitliyin pozulması hallarına dərhal reaksiya verir, ancaq bu münasibəti rəsmi Ər-Riyada qarşı nümayiş etdirmir: “Biz Səudiyyə Ərəbistanında insan hüquqlarının pozulması hallarına münasibətdə həmin standartları niyə tətbiq etmirik?”.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən devrilmiş Prezident Əli Abdullah Salehinin tərəfdarları və husi qiyamçıları ilə Prezident Abdurabbi Mənsur Hadiyə rəğbət bəsləyən hökumət qoşunları arasında silahlı münaqişə davam edir. (report)

AzNews.az