"Bu aksiya baş tutacaq" Zəlimxan Məmmədli

8 Fevral 2019 10:59 (UTC+04:00)

Bu gün Gürcüstan azərbaycanlıları Tiflisdə parlament binası qarşısında etiraz aksiyası keçirəcəklər. Aksiyanın keçirilməsinə səbəb Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büst qoyulmasıdır.

Tiflis meriyası ilə razılaşdırılmış dinc aksiya saat 14:00-a təyin olunub. Aksiya iştirakçıları separatçıya büstün qoyulmasına qəti etirazlarını ifadə etməklə yanaşı, abidənin götürülməsini də tələb edəcəklər. Aksiyanın tərkibinin daha çox gənclərdən ibarət olacağı gözlənilir. Təşkilatçılar demək olar ki, gənc tələbələrdir.

Məsələ ilə bağlı AzNews.az-a danışan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, əslində, Gürcüstanda bu cür aksiyaların keçirilməsi üçün heç bir rəsmi icazəyə gərək yoxdur. Yalnız böyük aksiyalar zamanı şəhər rəhbərliyi məlumatlandırılır ki, aksiya zamanı insanların, maşınların gediş-gəlişi üçün şərait yaradılsın:

"Hər halda, soydaşlarımız hesab edirlər ki, icazə alınsa, daha yaxşıdır, yəni hər hansı bir təxribat ola bilər. Ona görə də ehtiyatlılıq tədbirlərindən dolayı icazə proseduruna baş vurulub. Düşünürəm ki, bü günkü aksiya baş tutacaq. Çünki bu aksiyanın keçirilməsi qanunauyğundur və qaldırılan təşəbbüs dəstəklənməlidir".

İlk aksiyanın fevralın 5-də keçiriləcəyinin planlaşdırılmasına, lakin baş tutmamasına gəldikdə Z.Məmmədli belə dedi:

"Biz informasiyaların əsasında qərar veririk, ehtimallar üzərində yox. İnformasiyaya görə, təşkilatçılar belə hesab etdilər ki, həmin gün parlamentin qarşısında tədbir var imiş. Ona görə də onların məktubuna cavabla deyiblər ki, aksiyanın vaxtı dəyişdirilsin. Biz buna inanırıq, məsələ ilə bağlı hansısa alternativ axtarmırıq. Amma bütün hallarda Gürcüstanın indiki hakimiyyətində soydaşlarımızla bağlı bir ehtiyatlılıq var, inteqrasiyasında problem görürlər. O cümlədən, mədəniyyətimizin inkişafını müəyən mənada dayandırmaq üçün müxtəlif variantlardan istifadə edirlər. Bu münasibəti öz üzərimdə də hiss etmişəm. O cümlədən də rəhbərlik etdiyim Borçalı cəmiyyəti, onun həyata keçirdiyi Elat bayramlarının, eləcə də mənim Gürcüstana girişimin yasaqlanması da bu münasibətin əlamətləridir. Büst məsələsinə gəlincə, düşünürəm ki, bu cür məsələlər diplomatik masalar arxasında həll olunacaq. Çünki iki ölkə arasında narazılıq yaradan bu məsələnin həll olunmasında bir fayda var".

Elgün
AzNews.az