“Uğursuz adam”ın uğurlu media layihələrinə “baxışı”

8 Fevral 2019 14:59 (UTC+04:00)

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin şərtlərinə dəyişiklik edib. Fondun açıqlamasına görə, bu dəyişiklik qəzetlərin yeni dövrə uyğunlaşdırılmasını və Azərbaycan çap mediasının dünyaya çıxış inteqrasiyasının artırılmasından irəli gəlir. Lakin KİVDF-nin bu addımı özünü "media eksperti” adlandıran, amma heç vaxt uğurlu fəaliyyəti olmayan bəzi insanların hədəfinə çevrilib. Bu günlərdə "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev açıqlamasında KİVDF-nin fəaliyyətini əsassız şəkildə tənqid edib. Lakin o, həyata keçirdiyi layihələrin, xüsusilə "Gün səhər” qəzetinin uğursuzluğa düçar olması ilə bağlı məqamı, nədənsə, yaddan çıxardır. Ümumiyyətlə, Arif Əliyev və digərlərinin Azərbaycan mətbuat tarixinin uğurlu səhifəsi olan KİVDF-ni hədəfə almasının arxasında hansı maraqlar dayanır?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması Azərbaycan mətbuat tarixində çox böyük hadisə olub: "Fond yarandığı gündən 10 il ərzində kifayət qədər uğurlu layihələrlə gündəmə gəlib. Eləcə də Azərbaycanda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində fərdi yazı müsabiqələri, o cümlədən layihələr əsasında qəzetlərarası müsabiqələr uğurla reallaşdırılıb. Kimlərsə fonda qarşı fikirlər səsləndirirsə, bu, tamamilə əsassız fikirlərdir. Heç bir fakta söykənməyən belə fikirlər yalnız şəxsi ambisiyalar fonunda səslənir. Birmənalı şəkildə bunu qətiyyətlə rədd edirəm. Hesab edirəm ki, Azərbaycanın müstəqil mətbuatının inkişafında KİVDF-nin çox böyük rolu var. Buna görə, dövlət başçısına təşəkkür etmək lazımdır ki, belə bir fond 10 ildir fəaliyyət göstərir. Mətbuatın texniki bazasının güclənməsində, eləcə də redaksiyaların və jurnalistlərin maliyyə durumunun yaxşılaşmasında fondun müstəsna rolu olub. Düşünürəm ki, fond bundan sonra fəaliyyətini uğurlu şəkildə davam etdirəcək”.

V.Rəhimzadə qeyd etdi ki, fonda qarşı belə qərəzli fikirlərin səsləndirilməsi bəzi insanların bu layihələrdən kənarda qalmasında irəli gəlir: "Əgər Azərbaycan dövləti tərəfindən mətbuata dəstək olursa, bunu yalnız alqışlamaq lazımdır. Amma təəssüf edirəm ki, əlləri antiazərbaycan qüvvələrin cibində olan bəziləri ölkəmizə qarşı qara yaxmaqla, böhtan atmaqla məşğuldurlar. Hesab edirəm ki, onlar bu mövqeləri ilə antiazərbaycan qüvvələrindən aldıqları sifarişləri yerinə yetirirlər. Onların maliyyə vəsaiti ilə Azərbaycan əleyhinə iş aparanlar, həm də fondun fəaliyyətinə kölgə salmağa çalışırlar, uğurlu layihəyə qısqanc münasibət sərgiləyirlər. Bu, pişiyin ağzı ətə çatmamaq misalına bənzəyir və onlar da məsələyə bu prinsiplə yanaşırlar”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirdi ki, "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin müsahibəsi başdan ayağa yalan faktların üzərində qurulub: "Hesab edirəm ki, ona ən yaxşı cavab Arif Əliyevin indiyə qədər göstərdiyi fəaliyyəti və karyerasıdır. Əvvəla, o, yalan arqumentlərə əsaslanaraq qeyd edir ki, KİVDF-nin qərarı ilə 20 qəzet bağlanıb. Bu fakt mövcud deyil, çünki fond kimsəyə "qəzetini bağla” deməyib və öz şərtlərini elan edib. Xüsusilə, 20 qəzetin bağlanması məsələsi yoxdur. Onların bir qismi yeni dövrə uyğunlaşacaq, bir hissəsi də onlayn versiyada davam edəcək. Yəni onun istinad etdiyi arqumentlər yanlışdır. Əgər qəzetlər daimi olaraq yaşamalıdırlarsa, onda Arif Əliyevin milyonluq layihə alıb, nəşr etdirdiyi "Gün səhər” qəzetinin taleyi necə oldu, niyə dayandırıldı? Ona da KİVDF və ya Mətbuat Şurası təsir göstərdi? O, özü ilə bağlı bu faktlara aydınlıq gətirmir, amma qarşılığında başqalarını ittiham edir. Eyni zamanda Arif Əliyev deyir ki, KİVDF-nin fəaliyyəti qüsurludur. Məhz belə bir fond olan Soros Fondunun idarə heyətində Arif Əliyev təmsil olunub və sonda bu fond iflasa uğrayıb, eləcə də korrupsiyada ittiham olunub, Azərbaycandakı fəaliyyəti də dayandırılıb. Bəs bu fəaliyyətə niyə aydınlıq gətirmir?

Arif Əliyev həm də Mətbuat Şurası haqqında danışaraq, onun da fəaliyyətinin uğursuz olduğunu deyir. Bu da yalan fikirdir. Mətbuat Şurası KİV-in özünütənzimləmə orqanıdır və bu günə qədər də fəaliyyətini davam etdirib. KİV-in özünütənzimləmə qurumu təkcə Mətbuat Şurasından ibarət deyil, başqa qurumlar da ola bilər. Məsələn, Redaktorlar Birliyi. Arif Əliyev məhz bu adda paralel bir qurum yaratmışdı və o da KİV-in özünütənzimləmə qurumu idi. O qurumun fəaliyyəti haradadır, niyə iflasa uğratdırıldı? Buna da Mətbuat Şurası və ya başqası müdaxilə etməmişdi ki”.

M.Ələsgərli vurğuladı ki, A.Əliyev nə qədər qurum yaradıbsa, hamısı iflasa uğrayıb və sonu da rüsvayçılıqla bitib: "O, həm Mətbuat Şurası, həm də KİVDF-nin yaradılması ilə bağlı layihələr irəli sürdüyünü deyir və sözündən belə çıxır ki, guya bunları Arif Əliyevin əlindən alıblar. Hərçənd bu, həqiqət deyil, amma əgər onun dediyi kimi olsaydı, yəqin ki, bu qurumların da aqibəti Redaktorlar Birliyi, Soros Fondu, "Gün səhər” qəzeti və "Yeni Nəsil” təşkilatı kimi olardı. Bu adamın karyerasında iflasa uğratdığı layihələr çoxdur. KİVDF və Mətbuat Şurası kimi layihələr ona görə yaşayır ki, Arif Əliyev bu layihələrə qoşula bilməyib. Əgər qoşulsaydı, digərlərinin aqibətini yaşayardı.

Hesab edirəm ki, bütün bu məsələlərin kökü Arif Əliyevin bütün layihələrə pul üzərindən baxışına gedib çıxır. Ona görə də onun kimilərinin KİVDF-yə baxışında milyonların alındığı və yeyildiyi təsəvvürü var. Adamda stereotip formalaşıb ki, pul varsa, mütləq yeyinti var, amma belə deyil. Çünki illərdir qurumun fəaliyyəti göz qabağındadır və layihələr də uğurla həyata keçirilir. KİVDF-nin son qərarı, kimlərinsə fəaliyyətini dayandırmaq deyil, sadəcə olaraq, qəzetlərin yeni dövrə uyğunlaşdırılması, Azərbaycanda layiqli və daha mütəşəkkil, eləcə də dünyaya çıxa biləcək KİV-lərin formalaşdırılmasına xidmət edir. Biz bunun da nəticəsini görəcəyik”.

Azad