"Bu, Makronun nə qədər antitürk olduğunu göstərir"

8 Fevral 2019 15:33 (UTC+04:00)

"Fransada 24 aprelin "erməni soyqırımı"nın anım günü elan edilməsi ölkə prezidenti Makronun səriştəsizliyi, həm daxili, həm xarici siyasətdə yol verdiyi ciddi nöqsanlarla bağlıdır. Makron öz prezidentlik fəaliyyətində çox ciddi siyasi xətalara yol verir. Bu qərar da çox qarışdırıcı və provokasion bir mövqedir".

Bunu AzNews.az-a açıqlamasında politoloq Qabil Hüseynli dedi. Onun sözlərinə görə, Fransa kimi bir Avropa ölkəsinin Cənubi Qafqazda yerləşən və bu bölgəyə gəlmə olan bir millətin tarixi təsdiqini tapmamış, tarixçilər tərəfindən ciddi araşdırılmamış, bu gün hansısa sübut və əşyayi-dəlil tapmağın mümkün olmadığı qondarma bir soyqırıma bu cür siyasi rəy verməsi həqiqətən də üzücüdür. Bu, eyni zamanda, Makronun nə qədər ermənipərəst və antitürk mövqedə dayandığının göstəricisidir:

"Əvvəla, Fransa bu qondarma soyqırımın populyarlaşdırılmasında həmişə çox fəal rol oynayıb. Belə ki, 2001-ci ildə Fransa parlamenti “erməni soyqırımı”nın tanınması haqqında qərar qəbul edib, ardınca bu siyasəti digər Avropa ölkələrinə yaymağa çalışıb. Bundan sonra fransızlar daha dərinə getdilər və 2005-ci ildə “erməni soyqrımı”nı tanımayanlara icraat qaldırılması haqqında xüsusi bir qanun yaratdılar. Bu qanunun ləğv edilməsi istiqamətində Azərbaycan çox çalışdı. Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdik və üç illik mübarizədən sonra Avropa İnsan Haqları Məhkəməsi Fransa parlamentinin bu qərarının ləğv edilməsi barədə yeni bir qərar verdi. Bunun özü fransızlara ibrət olmalı idi".

Politoloq vurğuladı ki, ölkədə tüğyan edən “Sarı jiletlilər” hərəkatı, əcnəbilərə qarşı yeridilən antimiqrasiya hərəkətləri və bundan doğan iqtisadi-siyasi nəticələr sanki Makrona təsir etməyib. Bu kimi yeni bir qərarı ilə Türkiyə və Azərbaycanı kifayt qədər diksindirəcək və ona qarşı çevirəcək bir addım atır və sözdə “erməni soyqırımı” məsələsini qanuniləşdirməyə çalışır:

"Əslində, Avropada prezident səlahiyyətləri ən yüksək olan ölkə Fransadır. Digər ölkələrdə prezidentin bu qədər səlahiyyəti olmur və 7 il müddətinə seçilmir. Sadəcə olaraq, hər bir prezidentin özünəməxsus yanaşma tərzi var. Ümumiyyətlə, fransızlar ermənilrə çox səmimi hisslər bəsləyirlər, onları özlərinin qardaşı hesab edirlər. Fransada hazırda yarım milyondan çox erməni yaşayır, orada güclü erməni lobbisi fəaliyyət göstərir. Bu lobbi isə Fransa siyasətinə təsir edəcək bir gücdədir".

Elgün
AzNews.az