İNSTEX İranla Avropa İttifaqı arasında ticarət əlaqələrini yoluna qoyacaq

8 Fevral 2019 18:42 (UTC+04:00)

"Avropa İttifaqının (Aİ) İranla ticarətə dair xüsusi mexanizmi olan İNSTEX tərəflər arasında ticarət əlaqələrini yoluna qoymağa yardım edəcək".

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “RT Arabic”ə müsahibəsində bildirib.

Nazir gələcəkdə həmin mexanizmə qeyri-Avropa ölkələrinin də qoşulacağını istisna etməyib.

“Bu mexanizm hər iki tərəfdən ticarət nümayəndələri arasında təmas qurduğumuzdan, həmçinin İranla Avropa arasında ticarət əlaqələrini bərpa etdiyimizdən əvvəl yalnız ilkin mərhələdir. Plana görə, mexanizmin fəaliyyət miqyası sonradan genişləndiriləcək. Məsələn, Aİ üzvü olmayan ölkələr, həmçinin bir çox mal növləri, o cümlədən sanksiyalar altındakılar da oraya daxil ediləcək”, - deyə iranlı nazir qeyd edib.

Bundan əvvəl Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri İranla hesablaşmaların müştərək mexanizminin yaradılmasını bildirmişdilər. İlk dövrdə İNSTEX-nin əczaçılıq və kənd təsərrüfatı məhsulları, tibbi avadanlıq kimi, İran xalqı üçün daha əhəmiyyətli malları əhatə edəcəyi vurğulanmışdı. (report)

AzNews.az