Roberto Bordin: "Sona qədər mübarizə apardıq ki, daha çox qol vuraq"

10 Fevral 2019 18:13 (UTC+04:00)

"Neftçi"nin baş məşqçisi Roberto Bordin evdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransı keçirib.

İtaliyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

- Oyun elə də asan keçmədi. Rəqib bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq, bir neçə təhlükəli vəziyyət yaratdıq. Epizodların birində də Emin Mahmudov gözəl qol vurdu. Oyuna nəzarət edən tərəf idik. Sona qədər rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratdıq. Müdafiədə bəzi boşluqlarımız oldu. Ancaq qapıçımız Səlahət Ağayev çox yaxşı çıxış etdi. İkinci qoldan sonra hesabı daha da artıra bilərdik. Sona qədər mübarizə apardıq ki, daha çox qol vuraq.

- Canluka Sansone meydanda olduğu müddətdə əsas yaratdımı ki, növbəti matçlarda daha çox oynasın?

- Onun oyun praktikası yox idi. Hələ də matçın ritmini tam olaraq tutmasına çox qalıb. Əlbəttə, onu yaxşı tanıyıram. Sansoneyə bir az vaxt lazımdı.

- Vangelis Platellas rotasiyalarda özünü necə göstərir? Ondan istədiyinizi ala bilirsiniz?

- O, həm hücumda, həm müdafiədə komandaya çox kömək edir. Platellasdan çox razıyam. Dünən “Qarabağ” qələbə qazanmışdı, bugünkü matçın çətin olacağını bilirdik. Bütün komandanı təbrik edirəm.

- “Neftçi”nin hansı oyun keyfiyyətlərini artırmasına ehtiyacı var?

- Son oyunla müqayisədə sxemi dəyişmək məcburiyyətində qalmışdıq. Çünki futbolçu çatışmazlığı var idi. Əlbəttə, oyunun gedişində sxemi rəqibə görə dəyişə bilərik. Hətta bir müddət 2 hücumçu ilə çıxış etdik. Amma komanda yorulmuşdu və yenidən sistemçi dəyişdik.

- Rəhman Hacıyevin oynamaması nə ilə bağlıdır?

- Hazırlığı yerindədir. Sadəcə, rəqibə uyğun oyun sistemi seçirik. Rəhmanla bağlı heç bir problem yoxdur.

- Mirabdulla Abbasovda geriləmə görürsünüz?

- Deməzdim ki, onda geriləmə var. Bu gün də qol vurmaq şansı var idi. Çox hərəkətli idi və komandaya xeyri dəydi. Necə ki, fasilədən əvvəl çıxış edirdi, indi də o cürdür.

- Yayda demişnidiz ki, transfer məsələlərinə qarışmırsınız. Qışda necə oldu?

- Belə dediyimi xatırlamıram. (report)

AzNews.az